Covid-19 peyvədinin üçüncü dozası lazımdırmı?

15:37 08.04.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bizdə hələ ki vaksinin  ikinci dozası yeni tətbiq olunub. Üçüncü  doza isə ən azı 6 ay-1 il sonra ehtiyac yarandığı halda vurula bilər

1 dekabr 2019-cu il - bütün dünya hələ başına gələcəklərdən xəbərsiz idi. O günlərdə Çinin Yuhan əyalətində tapılan və tezliklə bütün şəhəri, qısa müddət ərzində isə ölkəni və dünyanı çənginə alan Covid-19 virusu yayılmağa başlayır. Virus yarandığı ilk gündən haqqında çox söz-söhbətlər gəzdi. Son olaraq isə dünyada koronavirus cədvəlinə baxdıqda deyə bilərik ki, virus 3 milyondan çox insanın həyatına son qoyub. 

Bir müddətdir ki, virusəleyhinə vaksinasiyaya start verilib. Son rəsmi məlumata görə, ölkədə 1 milyon nəfərə yaxın şəxs peyvənd olunub. Bəs görəsən, peyvəndənsonrakı faktiki vəziyyət hansı formadadır? Mütəxəssislər ölkədəki vaksinasiyanı nə cür qiymətləndirirlər? “Astra Zeneca” peyvəndinin ölkəyə gətirilməsi və tətbiqinə mütəxəssis yanaşması nə cürdür?

Hafta.az-ın əməkdaşı bu və digər suallara cavab tapmaq üçün mütəxəssisə müraciət etdi.

Mövzu ilə bağlı həmsöhbətimiz tibb üzrə fəlsəfə doktoru həkim-infeksionist Vüqar Cavadzadə oldu.

O bildirdi ki, peyvənd olunandan sonra orqanizmdə infeksion xəstəliklərə qarşı immunitet yaranır. Belə insanlar, adətən, virusa yoluxmur, yoluxduğu halda isə yüngül keçirir və ölüm riski olmur. Peyvənd vurulan şəxslər virus daşıyıcısı ola bilər:

"Tarix boyu  taun, təbii çiçək kimi bir çox xəstəliklər olub ki, onların da qarşısı peyvəndlər vasitəsilə alınıb. İndi həmin xəstəliklər bəşəriyyət üçün təhlükəli hesab edilmir. Tutaq ki, şəxs sinovac ilə vaksinasiya olunur. İkinci həftədən sonra artıq qanda antitellər yaranmağa başlayır. Proses 21-28 günə qədər davam edir. Ardınca isə vaksinin 2-ci dozası vurulur. Bundan sonra isə orqanizmdə kifayət qədər immunitet yaranır. Vaksinin hər iki dozası da tətbiq edildikdən 40-42 gün sonra tam olaraq virus əleyhinə immunitet yaranmış olur".

Mütəxəssis son günlər "Peyvəndin üçüncü dozasına da ehtiyac var" fikrinə münasibət bildirdi. Onun sözlərinə görə, 6 ay sonra üçüncü dozaya zərurət yarana bilər:

"Bizdə hələ ki vaksinin  ikinci dozası yeni tətbiq olunub. Üçüncü  doza isə ən azı 6 ay-1 il sonra ehtiyac yarandığı halda vurula bilər. Biz müşahidə etdik ki, təbii yolla virusa yoluxan insanlar 6 ay sonra yenidən xəstələndi. Bu da onu göstərir ki, təbii olaraq xəstələnən insanlarda yaranan immunitet 6 ay müddətində davam edir. Deməli, vaksin vasitəsilə də immunitet yaranmış orqan 6 ay sonra yenidən xəstəliyə yoluxa bilər".

İnfeksionist son vaxtlar dünya ölkələrinin imtina etdiyi “Astra Zeneca” vaksinini təhlükəsiz hesab etdiyini də vurğuladı:

"Astra Zeneca” müasir - vektor texnologiyası əsasında hazırlanıb. Çinin Sinovac şirkətinin hazırladığı “CoronaVac” vaksini ənənəvi metodla yaradılıb. Bu, inaktiv vaksin hesab olunur, yəni orada viruslar tamamilə öldürülür. “Astra Zeneca”nın isə yaradılış texnologiyası olduqca fərqlidir. Dövrün tələblərinə uyğun müasir texnologiyalar əsasında ərsəyə gətirilib. Mən “Astra Zeneca” peyvəndi haqqında deyilən mənfi rəyləri qəbul etmirəm. Səhiyyəsinin yüzillərlə tarixi olan İngiltərə kimi bir ölkənin hazırladığı vaksinə pis demək olmaz. Hesab edirəm ki, bu, digər ölkələrin qısqanclıqla yanaşmasıdır. Hazırda ölkələr arasında vaksinlərin satılması baxımından rəqabət gedir. Deyirlər ki, guya, “Astara Zeneca” peyvəndi vurulduqdan sonra orqanizmdə trombemboliya yaranır. Bu hala vaksinasiya olunmuş milyonlarla əhalidən cəmi 4-5 nəfərdə rast gəlinib. Bəlkə də həmin şəxslərə peyvənd vurulmasa belə, eyni hal yaşanardı. Adi vaxtlarda da insanlar arasında trombemboliyadan həyatını itirən çox sayda insan var".

Sonda isə V.Cavadzadə peyvənd olunmuş insanların maskadan istifadə etməli olduğunu qeyd etdi. Həkim əlavə etdi ki, belə şəxslər özləri üçün yox, ətraf üçün daşıyıcı rolunu oynayır:

"Biz dedik ki, peyvənd olunmuş insan virusa yoluxmur. Yoluxsa belə xəstəliyi yüngül formada keçirir. Bu o demək deyil ki, belə şəxslər maska və digər qorunma vasitələrindən istifadə etməyə bilər. Həmin şəxslər daşıyıcı olaraq asanlıqla başqasına virus yoluxdura bilər. Mən hesab edirəm ki, vaskin vurulan insan pandemiyanın sonuna qədər maska taxmalıdır".

Sonda bir məqamı da diqqətinizə çatdırmaq istəyirik ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun mənşəyini araşdırarkən onun ilk olaraq yarasada meydana gəldiyini, ardınca digər heyvanlara, bu yolla da insanlara ötürüldüyünü açıqlayıb.