Fevralın 26-da 30-cu qara “yubileyi”ni qeyd edəcəyimiz Xocalı soyqırımı haqda növbəti araşdırma apararkən hələ 1992-ci ilin yazından başlanılmış araşdırmalar əsasında 1993-cü ilin fevralında Milli Məclisin iclasında qəbul ounmuş “Azərbaycan Respublikası Milli Məclisinin Dağlıq Qarabağda, o cümlədən Xocalıda törədilmiş soyqırımı hadisələrini aydınlaşdıran deputat- istintaq komissiyasının RƏYİ”nə rast gəldik. Bu sənəddə elə faktlar var ki, son iki onillikdə, demək olar ki, qəzet və saytlarda yetərincə ictimailəşdirilməyib.
Məsələn, yəqin, oxucularımızdan da çoxu bu günədək bilmirdi ki, Xocalı faciəsindən düz 8 il öncə, yəni 1984-cü ildə, el dilində desək, hələ “dünyanın guya düz vaxtında” ermənilər tərəfindən Azərbaycanın bir kəndi tamamilə yer üzündən silinib. Yazımızın əvvəlində elə həmin kəndin adını çəkəcəyik...
Beləliklə, sözügedən materialın diqqətəlayiq parçalarını təqdim edirik. Qeyd edək ki, sənədo parlamentin müzakirəsinə o dövrdə deputat olan uzun müddət prokurorluq orqanlarında çalışmış tanınmış hüquqşünas Bəhram Zahidov təqdim edib:
“Hörmətli Milli Məclis! Bugünkü hesabatımızın bilavasitə əsas mövzusuna keçməzdən öncə ümumi qayda haqqında bir-iki mülahizəmizi söyləyək.
Nədənsə biz Dağlıq Qarabağ problemi haqqında danışanda, adətən, sözümüzü 1988-ci ildən başlayırıq. Amma bizə elə gəlir ki, son dövrdə erməni millətçilərinin aktiv fəaliyyəti öz mənbəyini 1984-cü ildən götürür. Əsgəran Rayon Partiya Komitəsinin birinci katibi Qriqoryanın və DQMV Daxili İşlər İdarəsinin rəisi Ağacanyanın bilavasitə rəhbərliyi ilə Azərbaycan kəndi Pirəməkinin yer üzündən tamam silindiyi gündən başlayır. Onlar əvvəlcə orada yaşayan 60 azərbaycanlı ailəsinin hamısını, mal-qarasını əllərindən alıb zorla kənddən köçürdülər, sonra da buldozer saldırıb evlərini uçurdular, yerlə-yeksan elədilər. Söz yox ki, o vaxt sırf rəsmiyyət xatirinə cinayət işi qaldırılmışdı. Amma heç bir istintaq aparılmadı və 5 ay keçəndən sonra Avakyan işi tamam xitam elədi. Lakin Azərbaycan Respublika Prokurorluğu da susdu və cinayətkarlar cəzasız qaldılar...
Burada “iştaha diş altındadır” zərb-məsəli dərhal yada düşür. Yəni əgər o vaxtlar respublika rəhbərliyi qətiyyət, prinsipiallıq göstərsəydi, əgər respublikanın hüquq-mühafizə orqanları öz elementar vəzifə borclarını vicdanla yerinə yetirsəydilər, onda bölgədəki hadisələrin inkişafı bəlkə də başqa cür ola bilərdi. Lakin Azərbaycan Respublikasının rəhbərliyi əzəlki vərdiş elədikləri vəziyyətdə idilər. Yəni üzü - Moskvaya- mərkəzə, arxası isə öz xalqının ehtiyaclarına, dərd–sərlərinə, ağrı-acılarına, onun yaralarına çevrilmişdi. Kimin nə vecinə idi Allahın qəhrinə gəlmiş Pirəməki kəndi xaraba qaldı, qalmadı, camaatı didərgin salındı, salınmadı? Onların daha vacib işləri var idi - yalan raportlar, şişirdilmiş rəqəmlər, kağız üzərində xalqın gündən-günə yüksələn firəvan güzəranı, qonşularla sarsılmaz dostluq, qardaşlıq, bir sözlə: “Kür, Araz, Ararat, gözəldir bu həyat!..”
Pirəməki kəndinin başına gələnlər Kamran Bağırovun siyasi tərcümeyi-halında ləkəli bir fakt oldu. Onun havadarlığı nəticəsində yüzlərlə günahsıza qarşı törədilmiş cinayət cəzasız qaldı...
Keçmiş başqa bir rəhbərimizin –Əbdürrəhman Vəzirovun da tərcümeyi-halından yalnız bircə faktı yadımıza salaq. O vaxtlar ki, xalqımız yüz minlərlə adam Topxananı müdafiə şüarı ilə nalə çəkərək şəhərlərimizin meydanlarına axışırdı, o vaxtlar ki, 200 mindən çox soydaşımız Ermənistandan, öz doğma torpaqlarından qovulmuşdu, didərgin salınmışdı, təxminən elə ilin bu çağı, Vəzirovun yüksək vəzifəli qulbeçələri hansısa demoqrafik nisbiliyi saxlamaq xatirinə on minlərlə azərbaycanlını Dağlıq Qarabağ torpağına buraxmadılar. Təsəvvür edin: azərbaycanlılara ÖZ DOĞMA TORPAQLARINDA yurd, məskən salmağa icazə vermədilər! Vəzirov bunu bilərəkdən də eləsə, bilməyərəkdən də eləsə, bu hadisə onun sonrakı Qarabağ hadisələrinə şəxsi əlavəsi oldu. Bu, öz xalqına qarşı edilən cinayət deyilmi?..
Xocalı faciəsi isə sabiq prezidentimiz Ayaz Mütəllibovun siyasi tərcemeyi-halına yazılıb...
Bundan sonra natiq Xocalı faciəsinə bir neçə ay qalmış baş vermiş hadisə və faktları nəzərə çatdırır:
...Hələ ötən il (1991-ci il-S.L.) dekabr ayının 25-də, yəni Xocalı faciəsindən düz iki ay əvvəl Xocalı rayonunun prokuroru Atakişi Atakişiyev Prezident A.Mütəllibovun və baş prokuror M.Babayevin ünvanına teleqram göndərmişdi:
“... Biz də hər şey qurtarıb, bizi başa düşün, nə demək istəyirik. Artıq xalq Xocalını tərk etmək istəyir. Xalq rəhbərliyə də münasibətini dəyişib. Bizə Müdafiə Nazirliyindən də bu günə kimi bir nəfər kömək və başqa şey göndərilməmişdir. Əziz rəhbərimiz, Xocalı əhalisi Xocalını tərk etsə, onda Stepanakertlə(Xankəndi-S.L.) Əsgəran arasındakı yol açılacaq. Aeroport və dəmir yolu vağzalında azərbaycanlıların gördüyü işlər hədər gedəcək. Əziz rəhbərimiz, bilirsiniz ki, Xocalı camaatına heç bir dəqiq məlumat verən yoxdur. Xocalıya düzgün məlumat çatdırılmır. Biz Sizdən artıq dərəcədə xahiş edirik ki, bizə... kömək edəsiniz. Xocalıda heç bir idarə, müəssisə, məktəb, kolxoz, sovxoz işləmir... Yaralılara təcili yardım və yaxud cərrahiyyə əməliyyatı aparmaq üçün heç bir şərait yoxdur... Adi sarğı materialı yoxdur... Biz Sizdən təxirə salınmadan kömək və ümid gözləyirik. Əziz rərhbərlərim, sonra bizim üçün gec olacaq, bizə təcili kömək edin...”
Teleqramın üzərində A.Mütəllibovun dərkənarı:
“y. Həsənov H.Ə., y. Mehdiyev T. y. Kərimov. T., y. Hüseynov İ.- Xahiş edirəm, əməli kömək edin.”
Bağışlayın ki, sizin diqqətinizi bir fakta bir daha cəlb edirik – bu, faciədən düz iki ay əvvəl olub. Hələ çox şey eləmək olardı, hələ çox şeyi çatdırmaq olardı. Heç bir əməli kömək edilmədi...
Gəlin, açıq danışaq, özünütənqiddən çəkinməyək; həyəcanlı siqnallar, xəbərdarlıqlar burada da olurdu. Parlamentin divarları arasında da, sessiya vaxtı da, Qarabağla əlaqədar parlament müşavirəsində də. Müxalifətin həyəcanı çox güclü idi. Elə o biri deputatlar da, xüsusilə, sərhəd rayonlarından olan deputatlar acı, amma dəqiq informasiylara verirdilər. Lakin bütün bunlara baxmayaraq bu problem bizim üçün əsl mənada, BAŞLICA, ƏSASLI, KÖKLÜ-KÖMƏCLİ problem olmamışdı. Düzdü, Qarabağ problemi xüsusi parlament yığıncaqlarının, geniş iclasların, komissiya iclaslarının müzakirə mövzusu olurdu, gündəliyin başında iri hərflərlə yazılırdı. Amma FAKTİK olaraq biz ona hələ də diqqətlə yanaşmamışıq, ona görə ki, həmişə müzakirə vaxtı başqa mövzuya keçirdik. Çox vaxt da xırda, lüzumsuz məsələlər barədə höcətləşirdik. Ən başlıcası isə heç vaxt ağır qarşıdurma yükünü çiyinlərimizdən atıb bizim hamımız üçün vacib olan məsələnin həlli naminə, öz parlament borcumuzu yerinə yetirmək xatirinə, müvəqqəti də olsa, birləşə bilmirdik. Hətta bəzi müdrik deputatlarımız Qarabağın başı üzərində təhlükə olduğunu, Qarabağın əldən çıxacağını müdrikcəsinə göstərsələr də, bəzi ikiüzlü deputatlar rəhbərliyə xoş gəlsin deyə, “Qarabağ indiki qədər bizim olmayıb” deyərək süni qarşıdurma yaradırdı. Əksər depuatatlar da buna əl çalırdılar. Əlbəttə, biz heç də parlamentimizin o vaxtkı fəalıiyyətinə qiymət vermək niyyətində deyilik, qarşımıza elə bir məqsəd qoymamışıq. Həm də komissiyanın, yəqin ki, belə bir hüququ yoxdur. Amma buna daxili bir ehtiyac duyduq. Əvvəla, ona görə ki, biz özümüz də, komissiya üzvlərinin, demək olar ki, hamısı həmin parlamentin üzvləriyik. Və aydın məsələdir ki, özümüzü də nəzərdə tuturuq. İkincisi, biz özümüz də parlament üzvləri ilə birgə başımızın üstünü alan təhlükə, fəlakət barədə həyəcan siqnallarına, xəbərdarlıqlara hay vermədiyimizə, sözdə yox (dildən pərgarıq, sözdə həmişə, hər şeyə hay vermişik), konkret əməli təkliflər vermədiyimizə görə cavabdehik...
Bir epizodu sizə xatırlatmaq istərdik. Burada sessiya vaxtı deputatlardan kimsə Prezidentə sual verdi:
“Şuşanın, Xocalının təhlükəsizliyinə təminat olacaqmı? Olacaqsa, necə?”
A.Mütəllibov cavab verdi:
“Bu sualın cavabını bilsəydim, özümü dünyanın ən xoşbəxt adamı hesab edərdim...”
Biz parlament olaraq bu cavaba lazımi dərəcədə qiymət verə bilmədik. Bu cavabın yalnız bir tərəfini görə bilirdik – dövlət başçısının kədərli səmimiyyətini. Yəqin ki, elə imiş, mübahisə etmirik. Lakin bizi bu cavabda başqa bir məsələ maraqlandırmalı idi, həyəcanlandırmalı, narahat etməli idi: hakimiyyət qurumunun acizliyinin etirafı. Yersiz ədəbi kəlmə üçün üzr istəyirik, ancaq Prezidentin bu cavabının məzmunundan bəlli olurdu ki, Xocalının(elə Şuşanın da) kitabı bağlanıb. Bizim borcumuz idi, o anda bunu dərk edək və qətiyyətlə bu bəlanın qarşısını almağa səy göstərək. Amma biz dərk edə bilmədik...
Gəlin, fikrimizin axırını dəyişək. Necə olsa, deputat deputatdır – özü kimi 350 nəfərdən biridir. Prezident isə prezidentdir. O, bütün ölkə üçün yeganə başçıdır. Müdafiə naziri də bir nəfərdir. Və onlara gələn informasiya axınını, deputatlara gələn informasiya ilə müqayisə eləmək olmaz...
Özünüz bir götür-qoy edin. Söhbət Azərbaycan rəhbərliyinə gələn o informasiyalardan gedir ki, onlar faciənin yaxınlaşmasına həftələr, saatlar qaldığını xəbər verirdi...
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin 14 fevral 1992-ci il tarixli arayışından fraqmentlər:
Xocalı şəhərinin vəziyyəti barədə.
Hazırda şəhərdə aşağıdakı qüvvə və vəsait vardır:
-yerli batalyon – 80 nəfər;
-Milli Ordunun hərbi qulluqçuları- 20 nəfər;
-aeroportun keşiyi həvalə olunmuş yerli milis əməkdaşları – 60 nəfər;
-avtomat silahlar -200-250 vahid;
-“BRDM” - 1 vahid(mərmi yoxdur);
-artilleriya topu(102 mm kalibrli) -1 vahid(mərmiləri qurtarır);
-“AQS-17” – 1 vahid;
-“PD-25” qurğular – 4 vahid.
Mövcud vəziyyət barədə general-mayor Şahin Musayevə( Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş Qərargah rəisi) məlumat verilib...
“...Ağdama göndərilmiş zabitlər Xocalını xilasetmə əməliyyatını hazırlamağa başlasalar da, onlara rəhbərliyi də qeyri-peşəkar Fəhmin Hacıyev özbaşına öz üzərinə götürmüşdür... Belə bir vəziyyət Ağdam və Xocalı əhalisi arasında müsbət ictimai rəyin formalaşmasına təsir göstərib əsassız arxayınçılıq yaratmışdır. Yəni F. Hacıyevin Ağdam və Xocalı camaatını özünəməxsus ustalıqla arxayın salması hərc-mərclik yaratmışdır. Tərtib olunan əməliyyat planı hazırladıqları hərbi-taktik ekspertdən keçməlidir, buna görə də nəticə çıxarmağı gözləməliyik.
Ancaq bunu deməliyik ki, əməliyyat fevralın 25-ə təyin olunmuşdu və təyin olunmuş vaxtda əməliyyatda iştirak etməli olan bölmələrin komandirlərindən yalnız biri gəlib çıxdı. Başqa bir komandir Dİİ rəisinin müavini Ş.Cahangirov tərəfindən başqa yerə göndərilmişdi, daha bir başqa dəstə mina partlaması nəticəsində sıradan çıxmışdı. Və ən başlıca fakt: fevralın 24-ü ərəfəsində Şahin Musayev Fəhmin Hacıyevə zəng vurub Prezidentə istinad edərək onu müvəkkillikdən məhrum edir...
Fəhmin Hacıyevin, İntiqam Abdullayevin, Tacəddin Mehdiyevin və başqalarının izahatlarına görə, F.Hacıyev də dəfələrlə Ş.Musayevə müraciət edib, ondan vertolyot göndərilməsini xahiş edibmiş. Ona da hər dəfə vəd edirmişlər; amma göndərmirmişlər; bir dəfə hətta o, özü təyyarə meydanına vertolyotu qarşılamağa da gedir, amma onlar gəlib çıxmadılar. Əlavə etmək istəyirik ki, Şahin Musayev bu faktları tamamilə təkzib etmişdir...
Yeri gəlmişkən, Bakıda, Zabrat təyyarə meydanında vertolyotların olub-olmaması barədə. Şəhidlər onları təyyarə meydanında öz gözləri ilə gördüklərini deyirlər. Məsələn, fevralın 21-də general-mayor Kamil Məmmədov Ağdamdan Bakıya gəlib Zabrat təyyarə meydanının işçiləri ilə görüşüb danışır və onlar K. Məmmədova 8 hərbi vertolyot göstərirlər. K. Məmmədov oradan birbaşa Şahin Musayevin yanına gəlir, vertolyotları öz gözləri ilə gördüyünü, xocalılara kömək etmək üçün onlara ehtiyac olduğunu deyir. O vaxtlar Müdafiə naziri vəzifəsini icra edən Ş.Musayev kömək etməyə söz verir. K. Məmmədov həmin gün Prezident Aparatında Dövlət müşaviri Adil Hacıyevlə də görüşür və ona vertolyotlar, Ş.Musayevlə söhbəti haqda danışır. A. Hacıyev də kömək edəcəyinə söz verir.
Bunların baş verdiyi günü bir daha sizin yadınıza salırıq: 21 fevral 1992-ci il. Məhz həmin axşam Ş.Musayev də, A. Hacıyev də Təhlükəsizlik Şurasının iclasında iştirak edirdilər. Məhz həmin axşam Xocalıya aid bir qərar qəbul olunmuşdu...
Bu ilin fevralında Ağdam həyatından daha bir neçə fakt:
Həmin günlərdə Ağdamda olmuş respublika Ali Soveti sədrinin müavini Tamerlan Qarayev barədə müxtəlif şayiələr gümanlar mövcud idi.
T. Qarayev özü danışır ki, o, Ağdama öz təşəbbüsü ilə gedib, oranın deputatı kimi və heç kimdən bir səlahiyyət almayıb.
Bir neçə şahidin ifadəsinə görə, T. Qarayevin 1992-ci ilin fevralında Ağdama gəlişi təkcə Fəhmin Hacıyevdə əsəbi, acıqlı ovqata səbəb olub.
İntiqam Abdullayev və b. şahidlərin ifadəsinə görə, məhz F. Hacıyev olub şayiələrin baisi; söz çıxarmışdı ki, T. Qarayev Ağdama əməliyyatın keçirilməsinə mane olmağa gəlib. Təhqiqat materiallarından və şahid ifadələrindən məlum olur ki, buna oxşar bir hadisə müşahidə edilməyib. T.Qarayev də çalışıb öz qüvvəsi ilə nəsə etsin: Bakıdan istehkamçılar tələb edib, dəfələrlə zəng çalıb və Şahin Musayevdən Ağdama şəxsən gəlməyi tələb edib. Vəziyyət barədə Prezidenti xəbərdar edib, ağdamlılarla görüşüb.
...Hörmətli millət vəkilləri!
İcazə verin, sözümüzü bir neçə kəlmə ilə yekunlaşdıraq. Aydındır ki, bu gün Xocalı haqqında heç də bütün həqiqət məlum deyil. Və biz hələlik öz fəaliyyətimizi dayandırmırıq. Faktları aydınlaşdırmaq üçün bizim sıx əməkdaşlıq etdiyimiz prokurorluğun istintaq qrupu, zənnimcə, çox və faydalı işləmişdir. Qrup da öz sözünü deyəcəkdir, son nöqtəni isə bir qayda olaraq zaman və həyat özü qoyacaq...
Xocalı genosidinin qurbanlarını daha qaytarmaq mümkün deyil. Biz onların xatirəsi naminə yalnız bu faciəyə bais olmuş kəslərin hərəkətlərinə qiymət verməli və bu faciədən özümüzü üçün, sağ qalanlar üçün sərt, qərəzsiz dərs almalıyıq...
Son 8 ay ərzində dəfələrlə bu sözləri eşitməli olmuşuq: “Xocalı satıldı”. Bu kəlmələr televizor ekranında da eşidilib, qəzet məqalələrinin başlığından da gözümüzə dik baxıb. Bu kəlmələri çoxları – adi adamlar da, məsul vəzifəli şəxslər də bərkdən deyib...
Biz bu işin içində olan adamlar isə həmişə soruşmaq istəmişik: kim satdı, kim aldı? Kimdir o naməlum satıcı, - konkret bir təşkilat, yoxsa konkret bir şəxs?..
Yox. Belə bir faciəni törətməyi bir nəfər heç vaxt bacarmazdı; onun buna nə imkanı vardı, nə də gücü çatardı.
Xeyr. Azərbaycanda öz həmvətənlərinin kütləvi faciəsini törətməyi bacaracaq, yekdil, bir nəfər kimi bu işi bacaracaq bütöv bir təşkilat yoxdur, ola da bilməz. Allaha min şükür...
Əgər bircə dəqiqəliyə təsəvvür etsək ki, belə bir iş baş tutsaydı, elədə dərdimiz nəydi- biz həmin “satıcı”ları aşkar edər və onları xalqın yaddaşından həmişəlik silərdik. Lakin məsələ ondadır ki, bu heç də belə deyil...
Və bu suallara cavab almaq, ən vacib məsələni anlamaq üçün biz hər şeydən əvvəl öz içimizə nəzər salmalıyıq. Xocalı faciəsinin köklərini məhz özümüzdə axtarmalıyıq...
Biz bir yığın sənədi, fərmanları, qərar və qətnamələri tədqiq etmişik. Çoxlarıyla, ən müxtəlif adamlarla söhbətlər etmişik, ünvanımıza gələn xeyli məktubu oxumuşuq, kino, tele, fotomateriallara baxmışıq və öz təəssüratımızı, duyduqlarımızı, ürək sözlərimizi sizinlə bölüşməməyə, sadəcə olaraq, haqqımız yoxdur.
Bəli, biz müharibə vəziyyətindəyik. Bəli, düşmənlərimiz güclü və məkrlidir. Hər şey belədir. Lakin son vaxtlar biz tez-tez yersiz olaraq düşmənlərimizə əsaslanmışıqmı? Həmin qəribə sənədlərə, bu mənasız qətnamələrə, bu cəfəng qərarlara baxın. Fikirlərin bu cür mənasız izahına baxın. Bəs onları kim tərtib edib, kim yazıb? Düşmənmi?..
Məgər bizi ağıllı siyasi qərarlar qəbul etmək, ayıq diplomatik addımlar atmaq qabiliyyətindən, lap elə adi məntiq və sağlam düşüncədən düşmənmi məhrum edib? Biz öz məğlubiyyətlərimizin səbəblərini haralarda axtarmamışıq – hətta Mütəllibovun və Yaqub Məmmədovun İran səfərlərini də bura qatmışıq. Bəli, sözsüz ki, belə səfərlər Rusiyanın da, ABŞ-ın da xoşuna gələ bilməzdi, çünki onlar hər ikisi İslam amilinin möhkəmlənməsində maraqlı deyil –bunu uşaq da dərk edir. Lakin Xocalıda ən adi mühəndis-istehkam qurğularını vaxtında tikməyə bizə Rusiya mane olmuşdu? Məgər vertolyotları Zabratdan havaya qaldırıb Xocalıya endirməyi ABŞ qadağan etmişdi?..
Bizim keçmiş prezidentimiz MDB sənədlərini imzalamayanda bilmirdi ki, mərkəz bundan ötrü onun başını sığallamayacaq? Məgər kimlərəsə münasibətin gələcək inkişafını proqnozlaşdırmaq və vəziyyətdən doğan təcili qərarlar qəbul etmək, ordunu genişləndirmək və təchiz etmək, Qarabağdakı yaşayış məntəqələrimizi möhkəmləndirmək, qabaqlayıcı diplomatik tədbirlər görmək olmazdımı? Bəs bunun əvəzində hansı işlər görüldü? Bunun əvəzinə hədər yerə vaxt itirildi. Yenə də mərkəzə boylanmağa başladılar. Və bir dəfə atılan möhkəm addım, prinsipial hərəkət çox kədərli finala gətirib çıxardı: Mütəllibov bu salonda bizə bildirdi ki, MDB sənədlərinə imza atmamağı özünə bağışlamayacaq...
Bilirsinizmi, ağlımıza bizim vəzifəli şəxslərlə bağlı çox qəribə suallar gəlirdi. Məsələn, kadrların açıq-aşkar düşünülmədən yerləşdirilməsi, hansısa strukturların əsaslandırılmadan yaradılması və ya əksinə, ixtisara düşməsi və s. və i.a. Bizə cavab verirdilər: Məgər bilmirsiniz ki, Mütəllibovla Həsənovun(o vaxtkı baş nazir Həsən Həsənov- S.L.) arası sərindir? Məgər xəbəriniz yoxdur ki, Mehdiyev(keç. müdafiə naziri Tacəddin Mehdiyev-S.L.) Kərimovla( keç. Daxili İşlər naziri Tofiq Kərimov-S.L.) yola getmir? Məgər bilmirsiniz ki, o iki nəfər eyni rayondandır, bu biri iki nəfər isə bu yaxınlarda quda olublar? Bilmirik! Heç bilmək də istəmirik! Buyuracaqsınız, istəyirsiz, küsüşün, istəyirsiz, barışın, lap toy çaldırın. Allah xeyir versin. Dövlət siyasətinin buna nə dəxli, işgüzar münasibətlərin buna nə aidiyyatı ola bilər? Ağalar vuruşurlar, çomaq isə nökərin başında sınır. Zavallı xalq nəyə görə kiminsə filan yerdə anadan olmamasından və ya kiminləsə evlənməməsindən ötrü cavab verməlidir? Nəyə görə?!.
Nəhayət, gəlin öz hərəkətlərimizi, öz münasibətlərimizi özümüz aydınlaşdıraq. Niyə baş nazir respublika üçün çox mühüm problemlərin həllində, demək olar ki, iştirak etmirdi? O, Prezidentin xeyrinə işləmək istəmirdi? Onun mövqeyini möhkəmləndirmək istəmirdi? Prezidentin ətrafına toplaşıb sədaqətlə gözünü ona dikənlərdən ağıllı, istedadlı və iş qabiliyyətli olan bu şəxs nəyi gözləyirdi? Öz rəqibinin biabır olmasını, yoxsa istefasınımı? Yoxsa onun yerini tutmaq və yalnız bundan sonra əməlli-başlı əl-qol açmaq, var qüvvə ilə işləmək, hamıya da necə işləməyi göstərməyə ümid edirdi? Biz nə vaxtsa bu sualların açıq və düzgün cavabını özümüzdən soruşacağıqmı?..”