Azərbaycanın dövlətçilik tarixinin müəyyən kəsimlərində hər zaman örnək aldığımız, fəaliyyətləri ilə nəsillərə nümunə olan qadınlarımız olub. Avqustun 26-da doğum gününü qeyd etdiyimiz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidentləri, UNESCO və ISESCO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva ictimai-siyasi fəaliyyəti, malik olduğu şəxsi keyfiyyətləri ilə təkcə Azərbaycan qadınları üçün deyil, həm də bütün dünya üçün örnək olan şəxsiyyətdir.
Azərbaycan cəmiyyətində Mehriban xanıma olan sonsuz sevgi və hörmətin əsas qaynağı onun xalqımızın mənəvi dəyərlərinə bağlılığı, yüksək insani keyfiyyətləri, vətəndaş mövqeyi, intellekti və vətənpərvərliyi, ölkəmizdə humanizm simvoluna çevrilməsidir. Fəaliyyətində ənənəviliklə müasirlik, tarixi köklərə bağlılıqla dünyəvilik əsas prinsiplərdəndir.
Mehriban Əliyevanın ictimai fəaliyyəti geniş və çoxşaxəlidir. Ümummilli Liderin adını daşıyan Heydər Əliyev Fondunun fəaliyyətini xatırlatmaq kifayətdir. Birinci vitse-prezidentin rəhbəri olduğu bu Fond həm ölkə miqyasında, həm də qlobal səviyyədə mədəni, təhsil, sosial, ekoloji və s. sahələrdə genişmiqyaslı layihələr həyata keçirir. Mehriban xanımın birbaşa diqqət və qayğısı ilə reallaşdırılan çoxsaylı xeyriyyə aksiyaları Azərbaycan adının dünyada tanıdılmasında müstəsna rol oynayır. Fond əhalinin, xüsusilə həssas kateqoriyasına aid edilən vətəndaşların, valideyn himayəsindən məhrum olmuş, xüsusi qayğıya ciddi ehtiyac duyan uşaqların himayə edilməsi, problemlərinin həlli, onların cəmiyyətimiz üçün layiqli vətəndaş olaraq yetişdirilməsi istiqamətində rəğbətlə qarşılanan addımlar atır.
Hər bir dövləti dünyada tanıdan başlıca amil milli-mədəni, tarixi dəyərləri, ənənələridir. Bu ənənələrin davamlı olaraq yaşaması, araşdırılması, daha da zənginləşdirilməsi üçün gənc nəsillərə ötürülməsi, gənclərimizin öz köklərinə, adət-ənənələrinə, mədəniyyətlərinə və dəyərlərinə bağlılıqla yetişdirilməsi xüsusilə zəruridir.
Mehriban xanım ölkəmizin milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərlər, sahib olduğumuz tolerantlıq mühitinin gənc nəsillərə ötürülməsi istiqamətində birinci xanımın təşəbbüsü ilə çoxsaylı layihələr, tədbirlər, forumlar təşkil olunur.
Mədəniyyətimizin inkişafı, muğamın, milli musiqimizin dünyada təbliği, gənc istedadların dəstəklənməsi, tarixi-mədəni-mənəvi irsimizin qorunması istiqamətində aparılan dövlət siyasəti birbaşa olaraq Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.
Mehbiran xanımın ölkəmizdə idmanın inkişafı istiqamətində əvəzsiz xidmətləri var. Gənc nəslin sağlam ruhda böyüməsi, ölkəmizin beynəlxalq idman arenalarında layiq olduğu səviyyədə təmsil edilməsi məhz bu siyasətin nəticəsidir.
Prezident İlham Əliyev və Mehriban xanımın birlikdə həyata keçirdikləri bu böyük, çoxşaxəli və milli maraqlarımıza əsaslanan siyasətin ən böyük bəhrəsi isə 30 illik işğala son qoyan tarixi Zəfərimiz oldu.
Uzun illər ərzində planlı və ardıcıl olaraq həyata keçirilən siyasət nəticəsində Vətənə sevgi ilə böyüyən gənclərimiz, rəşadətli Ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi altında son 200 ildə ilk dəfə olaraq itirilən torpaqlarımızı qanı, canı bahasına geri qaytardı. Ərazi bütövlüyümüz, milyonlarla soydaşımızın pozulmuş hüquqları bərpa edildi. Biz dövlət və xalq olaraq hələ də işğalın acı nəticələri, açılan yaraların sağalması üçün çalışırıq.
Mehriban xanımın təşəbbüsü ilə şəhid ailələri, qazilərimiz xüsusi diqqət və qayğı ilə əhatə olunub. Qələbəmizin əldə olunmasında sağlamlıqlarını itirmiş qazilərimizin müasir ortez-protezlərlə təmin edilməsi, onların müalicəsinin təşkili, sosial qayğılarının aradan qaldırılması Birinci vitse-prezidentin daim diqqət mərkəzindədir. Mehriban xanım mütəmadi olaraq qəhrəman Şəhidlərimizin ailələri ilə görüşür, onları narahat edən məsələlərlə maraqlanır. Ali Baş Komandan İlham Əliyev və Mehriban xanımın bu davranışları, əslində, hər birimiz üçün nümunədir. Şəhid ailələrinə, qazilərimizə davranışın necə olmalı olduğunun bariz örnəyidir.
Mehriban xanımın təşəbbüsü ilə işğaldan azad edilən ərazilərimizdə erməni vandalları tərəfindən dağıdılmış yüzlərlə tarixi-mədəni abidələrmiz, məscidlərimiz, kilsələrimiz bərpa edilir. Mədəniyyət paytaxtımız olan Şuşa özünün keçmiş tarixi əzəmətinə qovuşur. Burada Xarıbülbül, Vaqif poeziya günləri təşkil edilir.
Dövlət və xalq olaraq qarşıda bizi həllini gözləyən, bir olduğumuzu, həmrəy olduğumuzu tələb edən hələ çox çağırışlar var. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət, Mehriban xanım Əliyevanın çoxşaxəli ictimai-siyasi fəaliyəti ilə bu çağırışlara da layiqli cavab verəcəyimizi, bizi gözləyən sınaqlardan uğurla çıxacağımıza hər bir Azərbaycan vətəndaşında böyük inam var.