Məlum olduğu kimi, Nazirlər Kabineti elektromobillərin idxal rüsumundan azad edilməsi barədə qərar qəbul edib. Belə ki, qərara əsasən, zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik minik avtomobilləri idxal gömrük rüsumundan azad edilib.
Nazirlər Kabinetinin sözügedən qərara dair izahında qeyd edilir ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 411 №-li Qərarı Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Plam"nın 7.3.3.2-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə qəbul edilib.
Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edilməsi barədə" Nazirlər Kabinetinin qərarı ilə zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik minik avtomobillərinin, həmçinin, elektrik mühərrikli avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxal gömrük rüsumundan azad edilib.
Qeyd edək ki, Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Elektromobillərin istehsalı və istifadəsi ekoloji çirklənmənin qarşısını almaq üçün atmosfer qatının mühafizəsi ilə bağlı ən optimal addımlardan sayılır. Dünya ölkələri qarşıdakı illərdə daxiliyanma mühərrikli avtomobilləri tamamilə istismardan çıxarmaq və ətraf mühitə əlverişli elektromobillərin istifadəsi üçün qəbul etdikləri proqramlarla bir sıra məhdudiyyətlər tətbiq edəcəklər. Hazırda bu istiqamətdə ən yüksək səviyyədə tədbirlər Norveç hökuməti tərəfindən aparılır. Burada 2025-ci ilə qədər daxiliyanma mühərrikli avtomobillərin satışının qadağan edilməsi ilə bağlı plan hazırlanıb. Böyük Britaniya, Danimarka, İsveç, İslandiya, Hollandiya, Sloveniya, İrlandiya və sair ölkələr isə "yaşıl inqilab"a keçidi 2030-cu ilə hədəfləyiblər. Bütün bu planlar yanacaqlı avtomobillərin istehsalını dayandırmaq üçün nəzərdə tutulub.
Bu istiqamətdə dünya sıralamasına nəzər saldıqda Norveçin təkcə hədəflərinin yox, eləcə də statistika baxımından da öndə olduğu aşkar görünür. Belə ki, bu ölkə dünyada adambaşına düşən elektrikli avtomobillərin sayına görə də birinci yerdədir. Aylıq satışların təxminən 65 faizini elektromobillər təşkil edir. Həmçinin hökumət vətəndaşların belə avtomobillərə marağının artırılması məqsədilə bir sıra güzəştlər də tətbiq edib. Elektromobil sürücüləri avtomobil vergisindən azad edilir, ödənişli yollarda pulsuz hərəkət etmək imkanına sahib olur, alış qiymətlərində endirim və yarı qiymətə parkinq xidmətlərindən istifadə edə bilərlər. Növbəti ikinci və üçüncü pilləyə ABŞ və İslandiya başçılıq edirlər. Bu ölkələrdə də elektromobil idarəçiləri üçün xeyli güzəştlər tətbiq edilir. Çin isə dünyanın ən böyük elektromobil istehsalı bazarına sahibdir.
Bəs, görəsən, Azərbaycan hökumətinin elektromobillərin idxal rüsumundan azad edilməsi barədə qərarı elektromobil bazarına necə təsir edəcək?
Məsələni hafta.az-a şərh edən nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, bu qərar avtomobil parkına ciddi təsir göstərəcək: “Qeyd edim ki, elektrik mühərrikli avtomobillərin gömrük rüsumundan azad edilməsi Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın ötən ilin may ayında hazırladığı Yol Xəritəsi əsasında həyata keçirilir. Məhz həmin sənəddə ekoloji təmiz avtomobillərin idxalının və istismarının stimullaşdırılması qeyd edilib. Bu il oktyabrın 1-dən ekoloji təmiz avtomobillərin kredit şərtlərinin yüngülləşdirilməsi də həmin məqsədə xidmət edir. Cəmi 10 faiz ilkin ödənişlə illik faiz dərəcəsi 10 faiz olan kreditlə ekoloji təmiz avtomobilləri əldə etmək olar. Nazirlər Kabinetinin ötən həftə qəbul etdiyi qərarla isə bu sektorda canlanma daha da artacaq. Təkcə bu ilin 9 aylıq statistikasına baxsaq görərik ki, elektromobil və hibrid mühərrikli yeni avtomobillərin sayı kifayət qədər artıb. Nazirlər Kabinetinin sərəncamından sonra isə biznes mühiti elektromobillərin Azərbaycana gətirilməsində daha da maraqlı olacaq. Artıq indidən deyə bilərik ki, gələn ilin yanvarın 1-dən ölkəmizə gətirilən elektrik mühərrikli avtomobillərin qiymətində əhəmiyyətli dərəcədə azalma müşahidə edəcəyik. Bilirsiniz ki, hökumət həm də ölkəmizə idxal olunan elektrik doldurma məntəqələri üçün lazım olan xüsusi avadanlıqları da rüsumdan azad edib. Bu o deməkdir ki, dövlət həmin işlərin mərhələli şəkildə həyata keçirilməsini məqsəd kimi qarşıya qoyub. Hesab edirəm ki, Nazirlər Kabinetinin bu qərarı biznes fəaliyyətini daha da inkişaf etdirə bilər. Təbii ki, bu addımlar davamlı olmalıdır. Məncə, növbəti mərhələdə biznes üçün müəyyən güzəştlər tətbiq edilməsini gözləmək mümkündür. Məsələn, müəyyən qanunlarda bəzi dəyişikliklər edilməsi ilə elektrikdoldurma məntəqələrinin elektrik enerjisi ilə təmin edilməsinə güzəştlər verilə bilər. Ümumilikdə isə düşünürəm ki, istehsalından 3 ilə qədər ötmüş elektromobillərin Azərbaycana idxalının gömrük rüsumundan azad edilməsi 2030-cu ilə qədər onların avtomobil idxalında payını indiki 5 faizdən 50 faizə çatdıra bilər".
Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, bu addım elektromobillərin və hibrid avtomobillərinin ölkədə daha ucuz əldə edilməsinə gətiruib çıxaracaq: “Bu bazarda müəyyən qədər inkişafa səbəb olacaq. Ancaq biz yollarda daha çox elektromobilləri görmək istəyiriksə, bununla bağlı infrastruktur da formalaşdırılmalıdır. Yəni, elektrik batareyalarının doldurulması üçün məntəqələr yaradılmalıdır. İnkişaf etmiş ölkələrdə demək olar ki, hər parkinq yerində elektrik mühərriklərinin doldurulması üçün nöqtələr olur. Bunların sayı Azərbaycanda məhduddur. Bu baxımdan təkcə vergi, rüsum məsələsi deyil, infrastrukturun yaradılması da lazımdır ki, elektrik mühərrikli avtomobillərin genişləndirilməsinin şahidi olaq. Amma ümumilikdə hökumətin bu qərarı bazarda canlanma yaradacaq və insanlar getdikcə daha çox elektromobil və hibrid avtomobilləri alacaqlar”.