Elektromobillərin sayı artır, ancaq... - AKTUAL

11:46 17.02.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bu il yanvarın 1-dən etibarən elektromobillərin ölkəyə gətirilməsi zamanı tələb olunan gömrük rüsumu ləğv olundu. Belə ki, sözügedən nəqliyyat vasitələri  həm idxalda, həm də daxili bazarda satışda ƏDV-yə cəlb edilməyəcək. Məcəllənin 164.1.41-ci maddəsinə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi azad ediləcək.

Təbii haldır ki, ölkədə gömrük rüsumundan azad olunan elektromobillərin sayı xeyli artır. Görəsən, belə nəqliyyat vasitələri üçün təmir və servis yerləri, habelə elektrikdoldurma məntəqələri kifayət qədər varmı? Bu maşınların şarjolma müddətinin çoxluğu elektrikdoldurma məntəqələrində növbələrin yaranmasına səbəb olurmu?

 “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli hafta.az-a bildirdi ki, hazırda ölkədə “SOCAR Petroleum”un cəmi iki məntəqəsində elektrikdoldurma avadanlığı quraşdırılıb. Bunlardan biri paytaxt Bakıda, digəri isə Gorus-Qafan yolu üzərində yeni inşa edilən  yanacaqdoldurma məntəqəsindədir:

“Paytaxtda elektromobilin şarj avadanlığı SOCAR-ın 1 məntəqəsində quraşdırılıb. Qurğu Sinqapur istehsalıdır, Bibiheybət məscidinin yaxınlığındakı yanacaqdoldurma məntəqəsinin ərazisindədir. Biz ötən il proqnoz vermişdik ki, il sonuna qədər bütün məntəqələrdə quraşdırılma işləri tam başa çatacaq. Avadanlıq xaricdən gətirildiyi üçün çatdırıb bütün məntəqələrdə quraşdıra bilməmişik”.

Mətbuat katibi onu da söylədi ki, “SOCAR Petroleum”un paytaxta 1 elektromobil şarj avadanlığı quraşdırılmış məntəqəsi olmasına baxmayaraq, ona təlabat elə də böyük deyil:

“Məntəqəyə günboyu 1-2 maşın yaxınlaşır. Əvvəl elektrik mühərriki ilə işləyən avtomobillərin şarj qurğusu tək bizdə idi. Hazırda digər yanacaqdoldurma məntəqələrinin  daxilində də belə avadanlıqlar quraşdırılıb. Ona görə də “SOCAR Petroleum”a müraciət edən elektromobillərin sayı xeyli azalıb. Bu yaxınlarda Qubadlı rayonunun Eyvazlı kəndində Gorus-Qafan yolunda  SOCAR-ın yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verildi. Qarabağ bölgəsində ilk dəfə olaraq elektrik avtomobillərinin şarj olması üçün avadanlıqlar da məhz bu ünvanda quraşdırıldı”.

Ü.Həbibbəylinin sözlırinə görə, bir elektromobilin şarj olma müddəti ortalama 20-30 dəqiqə çəkən prosesdir:

“Bir avtomabilin enerji ilə tam təmin edilməsi müddəti onun markası və modelindən asılıdır. Misal üçün “Tesla”larda bu proses 20-25 dəqiqədir. Ümumilikdə isə bu müddət bütün elektromobillərdə ortalama 30-40 dəqiqədir”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə saytımıza açıqlamasında söylədi ki, elektromobillərin gömrük rüsumundan azad edilməsi qərarının belə avtomobillərin sayına müsbət təsiri ilin ikinci yarısından etibarən daha qabarıq hiss ediləcək:

“Azərbaycana idxal olunan ekoloji təmiz avtomobillərin əlavə dəyər vergisindən azad olması əlamətdar hadisədir. Baxmayaraq ki, qərar bu ilin əvvəlindən qüvvəyə minib, ancaq bu avtomobillərə maraq əvvəllər də xeyli yüksək idi. Qərarın elektromobillərin sayına müsbət təsiri isə yəqin ki, ilin ikinci yarısından sonra özünü biruzə verəcək. Hələ ki, belə maşınlar üçün ölkədə yanacaqdoldurma məntəqələri və servis yerləri tam  təmin edilməyib”.

Ekspert hesab edir ki, bu gün Azərbaycanda olan elektrikdoldurma məntəqələrinin sayı elektromobillərin sayı ilə düz mütənasibdir:

“Hazırda istismarda olan belə maşınlar üçün elektrikdoldurma məıntəqələri kifayət qədərdir. Təbii ki, belə məntəqələrə tələb artdıqca say da artacaq. Bununla bağlı 2022-ci il üçün yol xəritəsi hazırlanıb. Dövlət proqramında bu il ərzində elektrikdoldurma məntəqələrinin sayının artırılması, həmçinin bu avtomobillərin istifadəsi üçün lazımi infrastrukturun yaradılması nəzərdə tutulub. Proses başa çatdıqdan sonra sahibkarların bu avtomobillərə marağının artacağı da istisna edilmir”.

Eldəniz Cəfərov onu da qeyd etdi ki, elektrik enerjisi ilə çalışan nəqliyyat vasitələrini hər kəs evində rahatlıqla şarj edə bilər. Ancaq bu proses saatlarla vaxt alacaq:

“Elektromobillər elektrik enerjisi ilə şarj edildiyi üçün harada elektrik cərəyanı varsa prosesi orada həyata keçirmək mümkündür. Bunu evdə də etmək olar. Sadəcə olaraq evdə elektrikin gərginliyi az olur deyə avtomobilin şarj olması saatlar çəkə bilər. Lakin yanacaqdoldurma məntəqələrində quraşdırlmış yüksəkgərginlikli avadanlıqlar sayəsində şarjolma müddəti 30 dəqiqəyə qədər qısalıb”.

Oxunma sayı 417