Tarixçi alim Qafar Çaxmaqlı deyir ki, tarixi faktlar, aparılan araşdırmalar sübut edir ki, XIX əsrə qədər Cənubi Qafqazda bir dənə də erməni olmayıb. Bəllidir ki, ermənilər o ərazilərə sonradan köçürülüblər. Azərbaycan torpağı, orada yaşayan müsəlman Azərbaycan türkləri böyük haqsızlıqla üzləşiblər.
Bu istiqamətdə hafta.az-a danışan tarixçi alim Qafar Çaxmaqlı faktların dünya alimlərinin araşdırmalarında da öz əksini tapdığını önə çəkib.
“Ermənilər Qafqaz xalqı deyil. Qafqazda az-az görünsələr də, toplum şəklində yaşayan əhali olmayıb. Ermənilər İrəvan xanlığı ərazisində olan bir-iki kənddə çox az sayda təmsil olunublar. Bu mənada biz indiki Ermənistan ərazisinin vilayət elan olunmasını ədalətsiz hesab edirik. 1827-ci ildə İrəvan xanlığı işğal olunandan sonra, erməni əhalisi bura köçürülməyə başlanıb və sonralar bizim yerləri ermənilərin yaşadığı vilayət adlandırmağa başlayıblar. Bu o demək idi ki, ermənilər bu ərazilərə heç vaxt iddia edə bilməzlər”.
Tarixi faktlara istinad edən Q.Çaxmaqlı ermənilərin bu ərazilərə Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra köçürüldüyünü deyir.
“Bu barədə əlimizdə çoxlu dəlil, faktlar var. Rus tədqiqatçıları ermənilərin bu ərazilərə sonradan köçürüldüyünü bildirir. Biz bu faktları toplayıb bir daha dünyaya göstərə bilərik. Hamı yaxşı bilir ki, 90 min erməni İran ərazisindən, 40 min də Osmanlı ərazisindən buralara köçürülmüşdür.
Q.Çaxmaqlının sözlərinə görə, tarixi Azərbaycan torpağı olan İrəvan şəhərinin Azərbaycan türklərinə, müsəlmanlara məxsus olmasına dair əldə olunan faktların, nümunələrin üzərində daha çox dayanmalı və bunu dünyaya təqdim etməliyik.
Tarixçi alim hesab edir ki, Azərbaycanın qədim tarixi torpaqları üzərində qurulan Ermənistan adlanan dövlətdə müsəlman azərbaycanlılarına, onun milli-mədəni, mənəvi irsinə qarşı yüzillərboyu davam edən erməni məkrli siyasətinə bu gün İrəvanın mərkəzini təşkil edən Təpəbaşı Məhəlləsindən baxsaq, erməni vandallığının hansı ideyaya malik olduğunu bir daha görə bilərik.
İrəvan şəhəri Orta əsr milli-mədəniyyət paytaxtlarından biri olmuşdur. Burada olan 4 məhəllənin hamsında azərbaycanlılar yaşamışdır.
1918-ci ildə Azərbaycan Milli Şurası İrəvanı müvəqqəti paytaxt kimi ermənilərə güzəşt etmişdir. Bundan sonra İrəvan Ermənistan adlanan dövlətin paytaxtına çevrilmişdir. Ondan sonra İrəvan şəhərinin faciəsi başlamışdır. İrəvanın bu şəkildə məhv edilib erməniləşdirilməsi qəbuledilməzdir. Biz bu məsələni hər addımda gündəmə gətirməliyik.
Təpəbaşı məhəlləsi İrəvanda özünün varlığını müəyyən qədər qorumuş hissəsidir və bizim orada tarixi mirasımız olduğuna görə bunu gündəmə gətirib beynəlxalq ekspertləri dəvət etməliyik. Bu, yalnız Azərbaycan xalqının mirası deyil, bəşəriyyətin dünyanın ən böyük mirası olduğuna görə YUNESKO missiyası belə abidələri qorumaqdır. Bizim Təpəbaşını qoruyub memarlıq nümunələrini gələcəyə daşımaq işimiz o əraziyə iddiamızın başlıca səbəblərindən biri olmalıdır. Biz Azərbaycana vurulan zərəri hər addımda gündəmə gətirməliyik.
Azərbaycanın qədim tarixi torpaqları üzərində qurulan Ermənistan dövləti Azərbaycanın millli mədəni irsinə qarşı yüzillərboyu təcavüz, soyqırımı həyata keçirmişdir. Burada Azərbayacan xalqına məxsus tarixi abidələr, qəbiristanlıqlar, karvansaralar və digər tarixi mirasımız yox edilmişdir. Bu, hətta Ermənistanın dövlət siyasəti halına gətirilmişdir. İrəvan şəhərinin bir erməni şəhərinə dönüşdürülməsi üçün baş plan hazırlamışdılar. İrəvanın qala hissəsi, Təpəbaşı məhəlləsi və digər yerləri artıq baş plana uyğun olaraq yerlə-yeksan olunmağa başlamışdır. O cümlədən də Təpəbaşı məhəlləsinə baxsaq, həmin məhəlləni yer üzündən silmək üçün planlı şəkildə yeni evlər tikilmişdi. İndi Təpəbaşı məhəlləsinin bir hissəsi qalır. Biz bunu dünyanın diqqətinə çatdırıb Ermənistanı ifşa etməliyik ki, bu ərazidə olan tarixi mirasımız qorunub saxlanılsın. Əksinə, ermənilər YUNESKO-ya və digər beynəlxalq təşkilatlara “Dağlıq Qarabağda ermənilərə aid abidələrin dağıdılması” ilə bağlı müraciət edirlər. Buna adekvat cavab olaraq, İrəvanda və digər yerlərdə Azərbaycan tarixinə aid olan abidələrin yox edilməsinin erməni dövlət siyasəti olduğunu diqqət mərkəzinə gətirməliyik və YUNESKO-dan tələb etməliyik ki, öz missiyasına uyğun, planlı şəkildə bunların qarşısını alsın”.
Q.Çaxmaqlı bildirir ki, Azərbaycan abidələrinin İrəvanda tamamilə məhv edilməsi ilə bağlı çox böyük təhlükə yaranıb.
“İrəvanda yalnız Göy məscid qalmışdır. O da bəllidir ki, bu da İran tərəfindən təmir olunaraq, ona fars məscidi adı qoyulmuşdur”.
Q.Çaxmaqlı bildirir ki, bu gün YUNESKO-ya müraciət, qeyd edilən yerlərin beynəlxalq mühafizəyə götürülməsinə çağırışlar, Azərbaycanın xeyrinə olan xarici təcrübələr, beynəlxalq hüquqi sənədlərdə bu məsələlərin şərhi haqlarımızın bərpası üçün mühüm rola malik ola bilər. YUNESKO səviyyəsində bu məsələlərin gündəmə gətirilməsi, qorunması yetərli deyil. Ermənistanda yalnız abidələrin məhvi deyil, həm də bizim tarixi ərazilərimizin adları, toponimlərimiz tamamilə erməniləşdirilib.
“Tarixi adları ortaya qoymalıyıq. İndi Ermənistanda elə böyük mədəniyyət guşəsi yoxdur ki, onlar Azərbaycan türkcəsində olmasın. Onlar bütün türk adlarını dəyişdiriblər. Tarixi adlar bərpa edilməlidir.
Apardığımız təhlillərə görə, bu ərazilərdən 5 milyondan çox əhali çıxarılıb. Bu əhalinin bir qismi Türkiyədə yaşayır, bir hissəsi Azərbaycandadır, müxtəlif ölkələrdə yaşayır. Bu insanların tələbi ilə, təşəbbüsü ilə İrəvan Türk Cümhuriyyəti yaranıb. Dövlət Şurası fəaliyyət göstərir. Əhalinin geridönüşünü təmin etmək üçün ideoloji sistem hazırlanmışdır. Mübarizəmizi sonuna qədər davam etdirməliyik. Ermənistan deyilən ərazi bizim tarixi ərazilərimizdir. Burada ədalətsiz dövlət qurulub, bunun heç bir perspektivi yoxdur. Biz öz torpaqlarımıza qayıdacağıq”.