KTMT-nin sülhməramlıları, o cümlədən Ermənistandan olanlar Qazaxıstan şəhərlərində vəziyyəti qaydaya salarkən, bəziləri vəziyyətdən öz məqsədləri üçün istifadə edirlər.
Belə ki, Qazaxıstanın “Xəbər 24” telekanalı Uralsk şəhərində nəzarət-buraxılış məntəqəsində erməni nömrəli avtomobilin saxlanılması barədə məlumat yayıb. Onun sərnişinləri silahlı olub.
Avtomobilə baxış zamanı sürücü baqajı açmaqdan imtina edərək qaçmağa cəhd edib. Məlum olub ki, avtomobildə patronlar, gözyaşardıcı qaz qumbarası və soyuq silah olub. Bundan əlavə, yük yerindən 50 ədəd mobil telefon, 6 ədəd planşet, 23 dəst smart saat və xüsusi maqnit etiketləri olan bir çanta paltar aşkar edilib.
Saxlanılanların sözlərinə görə, onlar iğtişaşlar zamanı əşyalar, smartfonlar və digər avadanlıqlar oğurlayıblar.
Beynəlxalq təhlükəsizlik eksperti, müstəqil jurnalist Yevgeni Mixaylov “Cənub xəbərləri” agentliyinə müsahibəsində bildirib ki, Qazaxıstan sərhədində tutulan, içərisində silah və oğurluq əşyalar tapılan erməni nömrəli avtomobil hər şeydən əvvəl bəzi şəxslərin ölkədə xaosdan istifadə edərək quldurluqlarda iştirak etmək qərarına gəldiyini göstərir.
“Mən düşünmürəm ki, hansısa qüvvə bilərəkdən erməniləri vətəndaş qarşıdurmasını qızışdırmaq üçün cəlb edib. Ancaq buna baxmayaraq, qeyd etmək istərdim ki, bu, təcrid olunmuş bir hal deyil, bu, müəyyən nəticələrin çıxarılacağı deməkdir”, - həmsöhbət bildirib.
Mixaylov onu da qeyd edib ki, saxlanılanlar hər yerdə, o cümlədən Rusiyada kifayət qədər olan quldurlardır.
Mixaylov onu da əlavə edib ki, Ermənistan əhalisinin bir hissəsi Dağlıq Qarabağdakı hadisələrə görə baş nazir Nikol Paşinyanın qərarını pisləyir.
“İrəvan Azərbaycan tərəfi ilə münaqişə alovlandırdıqdan sonra KTMT-nin müdaxiləsini tələb edib. Təşkilat heç vaxt müdaxilə etməyib və bu, kifayət qədər haqlı idi, çünki belə bir anlayış var idi ki, Ermənistan bilərəkdən onu münaqişəyə cəlb etməyə çalışır. Erməni cəmiyyətinin bir hissəsi bunu başa düşmür, çünki onlar hesab edirlər ki, hamı onlara borcludur və hətta İrəvan revanşist və təcavüzkar siyasət yeritdiyi vaxtda belə hamı onları xilas etməlidir. Üstəlik, bir çox ermənilər Ermənistan hərbçilərinin Qazaxıstana yardımda iştirakından hiddətlənir, çünki prezident Tokayev Azərbaycanı Qarabağ müharibəsindəki qələbə münasibətilə rəsmən təbrik edib”, - ekspert bildirib.