Ermənilər Sərsəng anbarında dronların müşayiəti ilə təlim keçdi - FOTO

17:38 15.07.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının müvəqqəti olaraq Rusiyanın nəzarətində qalan hissəsindəki separatçı-terrorçu rejim inzibati cəhətdən Tərtər rayonuna aid olan Sərsəng su anbarında dalğıc-xilasetmə təlimləri keçirib.

Hafta.az xəbər verir ki, bu haqda Xankəndindəki erməni rejimi məlumat yayıb.

Təlimlərdə digər vasitələrlə yanaşı, dronlardan da istifadə olunub.

Zəruri xatırlatma və arayış:

Sərsəng su anbarı —1976-cı ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisində , inşa edilmiş Azərbaycana məxsus su anbarı. Onun ümumi su tutumu 560 mln m³, bəndinin hündürlüyü isə 125 m-dir. Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. 1993-cü ildən ərazisi Ermənistan ordusu tərəfindən tam işğaıl edilmiş Sərsəng su anbarı hazırda faktiki olaraq bu işğalçı ölkə tərəfindən istismar olunur. Sərsəng su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Yalnız Sərsəng su anbarının işğalı nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna əvəz olunmaz zərər vurmuşdur. Su anbarına və onun qurğularına  30 ilə yaxındır ki, texniki xidmət göstərilmədiyi üçün o, hazırda qəza vəziyyətindədir. Bu səbəbdən Sərsəng su anbarı onun aşağı byefində(tərəfində) yerləşən əhali üçün ciddi təhlükə yaradır...

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin hazırladığı “Azərbaycanın sərhəd rayonunun əhalisi sudan məhrum edilmişdir” adlı qətnamə layihəsi erməni lobbisinin ciddi maneələrinə baxmayaraq, qurumun büro iclasında müzakirə olunmuş və məruzəçi təyin edilməsi ilə əlaqədar sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinə yönləndirilməsi barədə təklif büro tərəfindən yekdilliklə qəbul edilmişdir. Bu qərar həmin gün büronun iclasından dərhal sonra Assambleyanın plenar sessiyasında təsdiqlənmişdir. Sərsəng su anbarı ilə bağlı 13468 saylı sənədi 11 ölkənin 27 deputatı imzalamışdır.

Sənəddə bildirilir ki, Assambleya problemin vacibliyini nəzərə alaraq bu məsələ ilə ciddi şəkildə məşğul olmalı, bununla əlaqədar tezliklə xüsusi ölçü götürməli, beynəlxalq ictimaiyyətə çağırış səsləndirmək üçün qətnamə layihəsi qəbul etməlidir.2016-cı ilin yanvar ayında Avropa Surası Parlament Assambleyası Sərsəng su ambarı ilə bağlı 2085 saylı qətnamə qəbul etdi. Həmin ilin aprel may aylarında Azərbaycanda ABŞ Prezidentinə bu qətnamə ilə bağlı Petisiya unvanlandı. Petisiya 300 mindən artıq imza topladı. İmza toplama kampaniyasında Azərbaycanla yanaşı qardaş Türkiyə vətəndaşları da fəal iştirak etmişlər.