Ermənilər Şuşanın bu kəndində bina tikintisini davam etdirir - FOTO

12:04 23.06.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Hələ 2021-ci ilin iyulunda xəbər verdiyimiz kimi,  separatçı rejim Şuşa rayonunun Xankəndi şəhərinə, demək olar ki, bitişik olan “Açapnyak” adlandırılmış  Malıbəyli kəndində də əsasən Hadrutdan köçürülmüş ermənilər üçün yaşayış binaları tikilir.

Hafta.az xəbər verir ki,  Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, “Hayastan” ümumerməni fondunun vəsaiti hesabına tikilən çoxmənzilli binalara əsasən Ağoğlan(Hadrut) qəsəbəsi və ətraf kəndlərdən köçmüş ermənilərin yerləşdirilməsi nəzərdə tutulub.

Layihəyə əsasən, 2021-ci ilin sentyabrından tikilməyə başlanan iki, üç və dörd otaqlı 224 mənzildən ibarət 15 dördmərtəbəli binanın 2023-cü ilin sentyabrının sonunadək istifadəyə verilməsi planlaşdırılır... Binaların ümumi tikinti sahəsi 3,8 hektar, yaşayış sahəsi isə 21 min kvadrat metrdir.

Zəruri şərh:

“Stepanakertin Açapnyak rayonu” adlanan ərazi əslində Xankəndi şəhərindən cəmi 2,5 kilometr məsafədə yerləşmiş Şuşa rayonunun Malıbəyli kəndidir.  Son 30 ilə yaxın işğal müddətində Xankəndində tikintilər çoxaldığından Malıbəyli, demək olar ki, şəhərə bitişmiş və separatçı erməni rejimi tərəfindən “Açapnyak” rayonuna çevrilmişdir. Yəni belə bəlli olur ki, Araikin kriminal xuntası Hadrutdan köçmüş ermənilərin bir hissəsini Şuşa rayonunun Malıbəyli kəndində yerləşdirmək niyyətindədir...

Zəruri arayış:

Malıbəyli — Azərbaycan Respublikasının Şuşa rayonunun Malıbəyli kənd inzibati ərazi dairəsində kənddir. Qarqarçayın sahilində, Şuşa şəhərindən 15 km şimalda, dağətəyi ərazidə yerləşir. Malıbəyli Xankəndindən avtomobil yolu ilə cəmi 2,5 kilometr məsafədə yerləşirdi, Şuşadan 18, Ağdamdan isə 51 kilometr aralı idi. Kəndin dörd bir tərəfi erməni kəndləri ilə əhatələnmişdi.

1992-ci il 11 fevral tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Malıbəyli yaşayış məntəqəsi XVIII əsrin axırları və XIX əsrin əvvəllərində sahibkar Malıbəyə məxsus ailələrin Malıbəy kəndindən köçüb bu ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Malıbəy (şəxs adı) və -li (mənsubiyyət bildirən şəkilçi) komponentlərindən düzəldilmişdir. 1912-ci ildə nəşr olunmuş Qafqaz təqvimi jurnalında  Yelizavetpol quberniyasının Şuşa qəzasına aid edilən kəndin əhalisi 1.060 nəfər təşkil edir, onların əksəriyyəti tatar kimi qeyd olunan azərbaycanlılardan ibarətdir. 1921-ci ildə aparılmış siyahıya almanın nəticələrinə əsasən kənddə 942 nəfər yaşayırdı və onların hamısı azərbaycanlılardan ibarət idi. 1986-cı ildə aparılan siyahıya almanın nəticələrinə görə kənddə 1224 nəfər yaşayırdı və onların hamısı azərbaycanlılardan ibarət olub.

Kənd Qarabağ müharibəsi dövründə böyük ziyan görüb, bir neçə dəfə erməni qüvvələri kəndə hücumlar təşkil edib. Kəndə edilən hücumların bir neçəsi qeydə alınıb.

23 dekabr 1991-ci ildə Şuşa rayonun Malıbəyli kəndində 1 nəfər qətlə yetirilmişdir.

29 dekabr 1991-ci ildə Şuşa rayonun Malıbəyli, Kosalar, Qeybalı kəndində 16 nəfər dinc sakin qətlə yetirilmişdir.

17 yanvar 1992-ci ildə Şuşa rayonunun Kosalar və Malıbəyli kəndlərinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.

25 yanvar 1992-ci ildə Şuşa rayonunun Xəlfəli və Malıbəylə kəndlərinə silahlı basqın nəticəsində 4 nəfər qətlə yetirilmişdir.

1992-ci il fevralın 8-dən 12-dək Malıbəyliyə 366-cı polk və Xankəndində yaşayan erməni özünümüdafiə dəstələri hücum etdilər. Bu hücum davamlı olaraq 5 gün çəkdi...

Nəhayət, 1992-ci ilin fevralın 10-dan 11-nə keçən gecə kənd ermənilər tərəfindən tutularaq tamamilə yandırılıb. Nəticədə 50 nəfər dinc sakin həlak olub.

1992-ci il oktyabrın 10-da Malıbəyli kəndi üzərində Ermənistan ordusunun zenit bölmələri tərəfindən Azərbaycan HHQ-nə məxsus “Su-25” təyyarəsi vurulub. Pilot katapult etsə də, paraşütü açılmadığından həlak olub.

Azərbaycan ordusunun 44 günlük müzəffər savaşından sonra Şuşa rayonunun Malıbəyli kəndi müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində qalıb...

Oxunma sayı 1055
Gündəm rubrikasından digər xəbərlər