Ermənilər Şuşanın bu kəndinə yeni su kəməri çəkir... - FOTO

19:02 26.11.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Oxucularımızı Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin  nəzarətində qalan yaşayış məntəqələrimizdəki durum haqda məlumatlandırmaqda davam edirik.

Hazırda Azərbaycan Respublikasının Şuşa rayonunun  “Yexsaoğ” adlandırılmış Salatınkənd kəndində 145 nəfər erməni yaşayır. 44 günlük savaşdan sonra kəndə qanunsuz olaraq Laçın rayonunun Köhnəkənd kəndində məskunlaşmış 1, Qubadlıdan 1 və Xocavənd  rayonunun "Arşat" adlandırılan kəndindən  2 erməni ailəsi  köçürülüb.

Hafta.az xəbər verir ki, kənddəki mövcud vəziyyət barədə  Xankəndindəki erməni nəşrlərinə kənddəki qanunsuz erməni “icması”nın rəhbəri Artak Akopyan danışıb.

“44 günlük müharibədən sonra  kənddə 4 köçkün ailə məskunlaşıb. İndi köçkünlərimiz üçün bir neçə ev təmir olunur. Məktəbimizdə 18 şagird var. İcma binası qəzalı vəziyyətdədir, əsaslı təmir tələb edir. Tibb mərkəzimiz fəaliyyət göstərir, binasının təmirə ehtiyacı var. Kəndarası yollar yaxşı vəziyyətdədir. Kənd qaz və işıqla təmin olunub. İndi burada yeni su kəməri çəkilir”, - deyə A.Akopyan bildirib.

 Kənd sakinlərinin məşğulluğundan danışan A.Akopyan qeyd edib ki, onların əsas məşğuliyyət istiqaməti heyvandarlıqdır. Kənd təsərrüfatı və arıçılıq inkişaf edib.

Zəruri arayış:

Salatınkənd, yaxud Sarıbaba kəndi  Şuşa-Laçın yolu üzərində,  Laçından təxminən 10 km məsafədə,  dağətəyi ərazidədir. Yaşayış məntəqəsində XIX əsrdə İrandan köçüb gəlmiş erməni ailələri yerləşdirilmiş və sonralar Yextsahog (erm. “kilsa yeri”) adlandırılmışdı.

1991-ci il yanvarın 9-da Milli Qəhrəman, jurnalist Salatın Əsgərova və 3 rus hərbçisi Böyük Qaladərəsi və Kirov(indi Kiçik Qaladərəsi) kəndlərində  toplanmış erməni terrrorçuları tərəfindən edilən silahlı hücum nəticəsində  məhz bu kəndin ərazisində qətlə yetirilib. Elə həmin il Azərbaycan parlamentinin qərarıyla bu kənd qəhrəman jurnalistimizin xatirəsinə Salatınkənd adlandırılıb.

Ancaq maraqlıdır ki, Şuşa Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində rayonun kəndləri haqqındakı məlumatda Salatınkəndin adı çəkilmir. Əvəzində Sarıbaba adı çəkilir.

Vikipediya məlumatlarında isə hər iki kəndin adının əvvəllər ermənicə “Yextsahog” adlandırıldığı bildirilir. Lakin Sarıbaba kəndi haqdakı məlumatda o da qeyd olunur ki, 5 oktyabr 1999-cu ildən dəyişdirilərək Sarıbaba adlandırılmışdır