Bu gün Ermənistan cinayətkarlarının Gəncədə törətdiyi ilk terror aktından 1 il ötür. 2020-ci ilin oktyabr ayında Ermənistan Silahlı Qüvvələri 5 dəfə ayrı-ayrı vaxtlarda Gəncədə hərbi cinayətlər, terror törədiblər. Döyüş sahəsindən kilometrlərlə uzaqda yerləşən Gəncə şəhəri Ermənistan tərəfindən qadağan olunmuş raketlərilə bombalanıb. Bu raket hücumları insanlıq əleyhinə cinayət, terror kimi dəyərləndirilsə də, BMT, Avropa İttifaqı və Türkiyə tərəfindən qınanılsa da, Ermənistan hələ də soyqırım əməlinə görə beynəlxalq hərbi məhkəməyə çəkilməyib.
Qeyd edək ki, Ermənistanın Gəncəyə ilk raket hücumu 4 oktyabrda baş verdi. Nəticədə 1 mülki şəxs Əliyev Tunar Qoşqar oğlunun Şəhid oldu, 30-dan çox mülki şəxs yaralandı.
İkinci raket hücumu 5 oktyabrda baş verdi və nəticədə 3 mülki şəxs yaralandı. Üçüncü raket hücumu oktybarın 8-də baş verdi.
Dördüncü raket hücumu isə 11 oktyabrda baş verdi və nəticədə 10 mülki şəxs Şəhid oldu və 40-dan çox insan yaralandı. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələndi.
Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş verdi. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla 16 nəfər Şəhid oldu, 55 nəfər isə yaralandı.
Ermənistanın bu raket hücumları zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəydi. Ermənistanın mülki şəxslərə raket hücumlarından həyatını itirənlər və yaralananlar arasında azyaşlılar, qocalar, qadınlar da vardı. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu hücumu "Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırım aktı" adlandırıb.
Faktlar Ermənistanın Azərbaycana qarşı insanlığa, heç bir hərbi-mülki beynəlxalq hüquq normalarına sığmayan cinayətini təsdiq etsə də, hələ də beynəlxalq aləmdə səssiz qarşılanır.
Gəncə terroruna görə Ermənistan niyə məsuliyyətə cəlb olunmur?
Bu barədə hafta.az-a açıqlama verən Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev bildirib ki, beynəlxalq təşkilatlar, beynəlxalq məhkəmələr cinayətkar Ermənistanın bu cinayətkar əməlllərinə qarşı sonuna qədər səssiz qalmayacaq. Onun sözlərinə görə, belə cinayətləri törətmiş Ermənistanın siyasi, hərbi şəxsləri məsuliyyətə cəlb edilməyəcəklərsə, Araik Arutunyan kimi quldurbaşı, terrorçu öz fəaliyyətini davam etdirəcəksə və ayrı-ayrı dövlətin vəzifəli şəxsləri onları qucaqlayacaqsa, bu həmin dövlətlərin də terrorçularla bərabər olmasının göstəricisidir. Ona görə də, Ə.Nuriyev beynəlxalq ictimaiyyəti ədalətə, haqqa söykənməyə çağırdı.
Ə.Nuriyev bəyan edib ki, Ermənistanın Gəncədə mülki yaşayış binalarını bombalaması insanlıq əlehinə, bəşəriyyətə qarşı olan qatı cinayətdir və Cenevrə Konvensiyasında qəbul olunmaz əməl sayılır.
“Cenevrə Konvensiyası mühribə dövründə, hətta müharibə zonasında yerləşən mülki obyektlərə və mükli vətəndaşlara hər hansı bir ziyanın vurulmasını qadağan edir. Cenevrə Konvensiyasi eləcə də uzaq məsafəyə vuran raketlərdən istifadə edilməsini qəbul etmir və bunu insanlıq əleyhinə cinayətlər siyahısına daxil edib. Lakin Gəncə müharibə zonasından çox uzaqda olsa da, bu şəhərdən hər hansı bir formada müharibə ərazisinə hər hansı bir silahdan istifadə edilməsə də, Ermənistan tərəfindən raket hədəfinə alındı. Azərbaycan Respublikası Prokurorluğu həmin cinayətə dair cinayət işi qaldırıb. Dünya gördü ki, erməni faşistləri bu terroru Ermənistanın siyasi və hərbi rəhbərliyinin qərarı ilə həyata keçirib. Erməni cinayətkarları Gəncədən sonra Bərdəyə də qadağan olunmuş uzaqmənzilli raketlər atdılar. Tərtər bombalandı. Bu, kütləvi insan tələfatına gətirib çıxardı. Azərbaycan tərəfi Ermənistanın bu cinayətləri ilə bağlı müvafiq sənədlər, hesabtlar hazırlayıb dünya ictimaiyyətinə təqdim edib. Bununla bağlı Beynəlxalq Məhkəməyə də müraciət olunub. Lakin dünyanın nüfuzlu dairələri hələ ki, cinayətkarı məhkəməyə çəkməklə bağlı qəti addımlar atmır. Çox dövlətlər buna susqunluq nümayiş etdirdi. Sadəcə təəssüflərini bildirməklə kifayətləndilər. Halbu ki, bu bəşəriyyətə qarşı edilmiş cinayətdir və 21-ci əsrdə heç bir şəhər bu cür uzaqmənzilli raketlərlə atəşə tutulmamışdı. Bu açıq-aşkar bilərəkdən, qəsdən kütləvi ziyan vurmaq, kütləvi qətllər törətmək üçün keçirilən bir əməliyyat idi”.
Ə.Nuriyev bildirib ki, Ermənistan müharibə başlayan ilk vaxtlarda döyüş meydanındakı məğlubiyyətini mülki vətəndaşlardan çıxmağa çalışdı. Onun fikrincə, bu, erməni faşist fəaliyyətinin növlərindən biridir.
“Bu, həm də ermənilərin mənfur mahiyyətini ifadə edib. Erməni faşistləri normal müharibə aparmaq qabiliyyətinə sahib deyillər. Faşist ermənilər təkcə Ağdamda, Cəbrayılda, Füzulidə yaşayışın heç bir izini saxlamayıb. Ermənistan işğal boyu Azərbaycan ərazilərində törətdiyi vəhşiliklə kifayətlənməyib mədəni şəhərlərimizdən biri olan Gəncəni də raket atəşinə tutdular. Beynəlxalq təşkilatların hesabatlarında bu qeyd olunub. Eyni zamanda hesab edirəm ki, Avropa Hüquq və insan haqları məhkəməsi də bu prosesi icraata qəbul edib baxacaq”.
Ə.Nuriyev hesab edir ki, bu insanlıq, bəşəriyyət əleyhinə olan cinayətlər cavabsız qalmamalıdır. Hüquqşünas hesab edir ki, bəşəriyyət, beynəlxalq qurumlar və dövlətlər bu məsələ ətrafında özünün məsuliyyətini dərk etməlidirlər.