Şuşa işğal edilən zaman ermənilərin əlinə keçən qədim Azərbaycan xalçalarının taleyi qeyri-müəyyən qalıb. Hazırda Ermənistanda saxlanılan bu xalçaların bir çoxu məhv olmaq təhlükəsi ilə üz-üzədir. Səbəb isə Ermənistan dövlətinin onlara aid olmadığını bildikləri bu qədim Azərbaycan mədəniyyət nümunələrinə qarşı sərgilədiyi mövqedir.
Hafta.az bildirir ki, hazırda özünü xalçaların sahibi kimi təqdim edən Vardan Astsatryan Sputnik Ermənistan-a müsahibəsində deyib ki, onlar Şuşa Azərbaycan ordusu tərəfindən işğaldan azad edildikdən sonra İrəvandakı Aleksandr Tamanyan adına Milli Muzey-Memarlıq İnstitutunda nümayiş etdirilib. Lakin dekabrın sonunda sərginin ixtisar edilməsi barədə ona məlumat verilib və xalçaların toplanması üçün bir ay vaxt verilib. Yanvarın 28-də sərgi toplanacaq, lakin xalçalar muzeyin anbarında uzun müddət (10-15 gün) qalmaya bilər. Mədəniyyət Nazirliyi ona xalçaların daşınması üçün bir neçə variant təklif edib - Ermənistan Tarixi Muzeyi, Sardarapat Memorial Kompleksindəki Erməni Etnoqrafiya Muzeyi və erməni rəssamı Hovhannes Şarambeyan adına Milli İncəsənət Mərkəzi.
"Mən bu təklifləri qəbul etmədim, çünki birinci muzeydə təmir işləri gedir, qalan anbarlarda isə güvələr var və o, kolleksiyanı məhv edə bilər. Bilmirəm, xalçaların aqibəti necə olacaq. Belə görünür ermənilərin bu irsə ehtiyac yoxdur, bəlkə başqa xalqlara lazım olacaq”.
Astsatryan deyib ki, Qarabağda ona da xalça sərgisi üçün məsələ nəhayət həll olunana qədər müvəqqəti ərazi təklif olunub. Amma Astsatryan bu təklifi qəbul etməyib, çünki o, Xankəndindəki separatçı rejim rəhbərlərinə də etibar etmir. Həmçinin o, xalçaları sata biləcəyi ilə bağlı da iddia ortaya qoyub.