FHN-in Türkiyəyə yollanan növbəti yanğın-xilasetmə qrupu Gəncəyə çatıb

17:53 05.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə yola salınan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – üçüncü qrupu saat 18 radələrində Gəncə şəhərinə çatıb.

Hafta.az xəbər verir ki, yanğın-xilasetmə qrupunun tərkibinə 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir. Qrupla birlikdə media nümayəndələri də Türkiyəyə yola düşüblər.

Gəncədə qısa fasilədən sonra qrup Gürcüstan istiqamətində hərəkət edəcək.

Qeyd edək ki, FHN-in “BE-200ÇS” tipli amfibiya təyyarəsi avqustun 5-i səhər saat 06:00 radələrində Türkiyəyə yola düşüb.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Yanğınsöndürənlərimiz iki qrupa ayrılaraq hazırda Marmaris bölgəsində yanğınların söndürülməsində fədakarlıqla çalışırlar. Xüsusilə havanın yüksək temperaturunun hökm sürdüyü mürəkkəb relyefli dağlıq ərazidə yanğınsöndürənlərimiz mətinliklə mübarizə aparırlar.

İyulun 31-də FHN-in 1 helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedicidən ibarət ikinci qrupu qardaş ölkəyə yola salınıb. Qrup Gürcüstandan keçməklə iki sutka ərzində Marmarisə çataraq birinci qrupun üzvlərinə qoşulub.

FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti qardaş ölkədədir.

Oxunma sayı 512