Gələn həftədən şagirdlərin elektron yerdəyişməsinə başlanılır

15:19 05.08.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illər təhsil sahəsində aparılan xidmətlərin əksəriyyəti elektronlaşdırılıb. Məqsəd isə olduqca sadədir: vətəndaş məmnunluğunun artırılması və bu sahədə yaranan neqativ halların minimuma endirilməsi.

Yeri gəlmişkən, bu ilin iyunun 10-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə müvəqqəti olaraq dayandırılan sorğuların qəbulu yenidən aktivləşdiriləcək. Belə ki, avqustun 9-u saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları, I və X siniflər istisna olmaqla, digər siniflərdə təhsil alan şagirdlər üçün elektron yerdəyişmə prosesinə başlanılır. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Bu istiqamətdə əsas yeniliyə gəlincə, əvvəlki illərdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin ölkə daxilində yerdəyişməsini elektron qaydada həyata keçirmək mümkün deyildi.  Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələri də sözügedən portala inteqrasiya olunub və növbəti tədris ilindən Naxçıvanda təhsil alan şagirdlərin ölkə daxilində yerdəyişməsi də elektron qaydada www.sy.edu.az portalı vasitəsilə aparılacaq.

Azərbaycanda azyaşlıların məktəbə gedən yolunun elektronlaşdırılmasından 6 ilə yaxın vaxt keçir. Belə ki, 2015-ci ildən başlayaraq Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey, gimnaziyalarda və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir. I sinfə elektron sənəd qəbulu təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması məqsədilə tətbiq edilir. Bu yenilik şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadə mədəniyyətinin formalaşması baxımından olduqca əhəmiyyətlidir. Prosesdə başlıca prinsip valideyn məmnunluğu və vaxta qənaətin təmin edilməsidir. Etiraf olunmalıdır ki, qəbul müddətində sistemdə müəyyən yüklənmələr baş verdiyindən, bəzən valideynlər qeydiyyat üçün bir neçə dəfə sistemə daxil olmaq məcburiyyətində qalırdılar. Bu ildən sözügedən sistem daha da təkmilləşdirilib. Elə I sinfə elektron qəbul üzrə builki əsas yenilik də valideynlər üçün yarana biləcək texniki problemlərin vaxtında qarşısının alınması ilə bağlıdır. Bu il alternativ qeydiyyat mərkəzləri də fəaliyyət göstərir ki, bu da qeydiyyatda problem yaşayacaq şəxslərin bir mərkəzə deyil, bir neçə mərkəzə paylanması işini sürətləndirir. Bakı Şəhər Təhsil İdarəsi, həm yerli təhsil idarəetmə orqanları tərəfindən alternativ qeydiyyat mərkəzləri ilə bağlı sosial şəbəkələrdə də məlumatlar yerləşdirilib. Builki yeniliklərdən biri də tədrisi digər dillərdə olan uşaqların müsahibə mərhələsinin tam elektron formatda olması ilə bağlıdır. Keçən il bu, ikili sistem əsasında həyata keçirilirdi. Belə ki, ilkin vaxtlarda müsahibə üzbəüz oldu, sonradan ölkədəki vəziyyətlə əlaqədar onlayn formata keçirildi. Bu il bütün müsahibə prosesinin onlayn formatda həyata keçirilməsi təmin olunub. Bu, addım həm vətəndaşların, həm də müəllimlərin səhhətini qorumaq məqsədilə atılıb.

Birinci sinfə şagird qəbulu ilə bağlı həm də “Whatsapp” hesabı fəaliyyət göstərir. Vətəndaşlar “Whatsapp https://api.whatsapp.com/send/?phone=994512067848” hesabı ((+994) 51 206 78 48 ) platforması vasitəsilə 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa bilərlər. Məqsəd birinci sinfə qəbul prosesi zamanı yaranmış sualları, həmçinin müraciətləri daha çevik və operativ cavablandırmaqdır. Bundan başqa, birinci sinfə şagird qəbulu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsində Çağrı Mərkəzi yaradılıb. Qeyd edilən məsələ ilə bağlı sualı və yaxud çətinliyi olan vətəndaşlar həftəiçi 5 gün “146-0” nömrəsini yığmaqla Çağrı Mərkəzi ilə əlaqə yarada bilərlər.

Qeyd edək ki, 27 aprel saat 11:00-da növbəti tədris ili üzrə I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına start verilib. Məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılıb. Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il tarixində başa çatacaq.

Oxunma sayı 804