Rusiyanın işğalı ilə başlayan Ukrayna müharibəsinin 12-ci günündə cəbhələrdən dəhşətli xəbərlər gəlməyə davam edir. Amma Kiyevdən gələn xəbərlər tək ukraynalıları deyil, bütün dünyanın üzünü güldürüb. Hərbi formada cəbhədə ailə quran ukraynalı cütlük həyatın hər şeyə rəğmən davam etdiyini sübut edib...
Gəlin nikaha hərbi jiletdə, bəy isə başına dəbilqə taxaraq gəlib. Toy mərasimini keçirən din xadimi də eyni vəziyyətdə olub. Qonaqlar da çiyinlərində ağır silahlar və tank əleyhinə raketlərlə dostlarının ən xoşbəxt gününə qatılıblar. Qonaqlar arasında olan bələdiyyə sədri gəlinlə, sonra isə toyu əbədiləşdirmək üçün dəvət edilən jurnalistlər ordusu ilə “selfie” çəkdirərkən belə gülləkeçirməz jiletini çıxarmayıb.
Hafta.az xəbər verir ki, haqqında danışdığımız bu toy ötən gün Ukraynanın paytaxtı Kiyevdə keçirilib. Rusiya mühasirəsində olan şəhərdə evlənənlər Ukrayna Silahlı Qüvvələrinin iki əməkdaşı Lesya İvaşçenko və Valeri Filimonov olub. Silah səsləri arasında kəsilən nikah müharibənin ən qanlı, ən qaynar anlarında belə həyatın normal axarının davam etdiyinə sübut kimi qiymətləndirilib.
Eyni fikri Kiyev meri Vitali Kliçko da çıxışında qeyd edib. "Həyat davam edir, insanlar yaşayır və onların sevgisi müharibədə olanlara kömək edir" deyən Kliçko, cütlüyün "normal insanlar" olduğunu və cəmi iki həftə əvvəl silah götürməyi ağlına belə gətirmədiklərini, "amma indi onlar Kiyevi müdafiə etmək istəyirlər" deyib.
Lesya və Valeri də Ukrayna ordusunda könüllülərdən ibarət “Regional Müdafiə Qüvvələri”nə qoşulan mülki şəxslərdir. Müharibədən əvvəl Lesya kəşfiyyat bölməsinin rəhbəri işləyib. Valeri informasiya texnologiyaları şirkətində menecer idi.
“Washington Post”un məlumatına görə, Lesya könüllülərə qoşulmasının səbəblərini bu sözlərlə izah edib: "Çünki bizim sevdiyimiz hər şey buradadır və biz sevdiklərimizi müdafiə etməliyik. Onları düşmənə təslim etmək fikrimiz yoxdur".