Gender əsaslı zorakılıq qurbanlarının diqqətinə

14:51 03.04.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Zorakılığa məruz qalarkən 860 qaynar xətt nömrəsinə zəng edə bilərlər

Məişət zorakılığı bütün dünyada, o cümlədən Azərbaycanda geniş yayılmış gender problemidir. Bu gün demək olar ki, əksər ailələrdə məişət zorakılığı özünü müəyyən formalarda biruzə verir. Yeri gəlmişkən, ötən il qeydə alınmış 1260 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub ki, bu da 2019-cu ilin göstəricisindən 3,7 faiz azdır. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, məişət zorakılığı ilə bağlı cinayətlərin 179-u əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən, 77-si isə sərxoş vəziyyətdə törədilib.

Bu da əvvəlki ilin göstəricisindən müvafiq olaraq 17,0 faiz və 1,6 dəfə çoxdur. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 87,9 faizi qəsdən sağlamlığa az ağır və ya yüngül zərər vurma, 6,0 faizi qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd, 3,5 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 0,5 faizi əzab vermə, 2,1 faizi isə digər cinayətlərə aiddir. Məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin sayı əvvəlki ilin göstəricisinə nisbətən 4,3 faiz azalaraq 1300 nəfər olmuşdur ki, onların da 75,9 faizini qadınlar,1,2 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edib. Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 34,1 faiz artaraq 59 nəfər (onlardan 41-i qadın) olub.

Qeyd edək ki, məişət zorakılığı anlayışı ilə bağlı qanunvericiliyin verdiyi izaha görə yaxın qohumluq münasibəti və birgə yaşamaqdan sui-istifadə etməklə digər şəxsə qarşı qəsdən fiziki və ya mənəvi zərər vurulması məişət zorakılığı olaraq qəbul edilir. Məişət zorakılığına məruz qalan şəxslər kimi ailə üzvlərindən başlayaraq yaxın qohumlar, nikaha xitam verilmiş şəxslər, qəyyum və himayəçilər təyin olunan qəyyumluq və himayədə olanlar, nikahda olmadan birgə yaşayan şəxslər tanınır. Məişət zorakılığı barədə araşdırma ya birbaşa şəxsin müraciəti üzrə, ya da fiziki və ya hüquqi şəxslərdən, kütləvi informasiya vasitələrindən daxil olmuş məlumatlar üzrə aparılır. Məişət zorakılığı üzrə şikayətdə cinayət tərkibi əlamətləri olarsa, cinayət prosessual qaydada hüquq-mühafizə orqanları tərəfindən, həmin əlamətlər olmadıqda isə şəxsin yaşadığı yerin yerli icra hakimiyyəti orqanı tərəfindən baxılır.

Hər bir halda müraciət araşdırılarkən məişət zorakılığına məruz qalmış şəxsin təhlükəsizliyi qorunmalı, psixoloji yardım göstərilməli, bu halın təkrarlanmaması üçün zəruri işlər görülməli, zərərçəkmiş şəxsə mühafizə orderinin verilməsi ilə əlaqədar tədbirlər görülməli, məlumatların məxfiliyi gözlənilməlidir. Məişət zorakılığı halı müəyyən edildikdə tərəflərlə ayrılıqda hüquqşünas və psixoloq söhbəti olur. Əgər bu tədbirlər effekt verməzsə, hadisəni törətmiş şəxsə xəbərdarlıq edilir və zərərçəkmişə 30 günədək müddətə qısa müddətli mühafizə orderi verilir. Bu orderlə əməlin təkrarlığı, zərərçəkmişin yeri bilinməyəndə axtarılması, zərərçəkmişi narahat edən hərəkətlər qadağan edilir.

Qısamüddətli orderə ya xəbərdarlığa əməl olunmazsa, 30-180 günədək məhkəmə qaydasında uzunmüddətli order verilir. Bu orderlə isə əməli törədənin yetkinlik yaşına çatmayan uşaqları ilə ünsiyyət qaydaları, yaşayış sahəsindən, birgə əmlakdan istifadə, əməli törədənin inzibati yaxud cinayət məsuliyyətinə cəlb olunması qaydaları müəyyən edilir.

Zərərçəkmişlərin yardım mərkəzləri ilə təmin edilməsi hüququ var. Bu mərkəzlərdə hüquqi və tibbi yardım, işlə təmin, peşə hazırlığı, psixoloji kursların təşkili, müvəqqəti sığınacaqlarla (3 ay yetkinlik yaşına çatmayanlar, digər şəxslər 2 ay) təchiz etmə və digər yardımçı xidmətlər həyata keçirilir.

Sözsüz ki, məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsi və bu məqsədlə beynəlxalq standartlara uyğun müvafiq infrastrukturun yaradılması, məişət zorakılığı ilə mübarizə sahəsində dövlət orqanlarının potensialının artırılması, qeyri-hökumət təşkilatlarının dəstəklənməsi, uzunmüddətli və kompleks yanaşma tələb olunur. Bunlar nəzərə alınaraq, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. Milli Fəaliyyət Planının əsas məqsədi ölkədə məişət zorakılığının qarşısının alınması üzrə tədbirlərin beynəlxalq standartlara uyğunlaşdırılması, ailələrin möhkəmləndirilməsi naminə onların vaxtında və hərtərəfli yardımla təmin edilməsi, məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və səmərəliliyinin artırılmasıdır. illi Fəaliyyət Planı aşağıdakı istiqamətlər üzrə həyata keçirilən tədbirlərin davamlılığını təmin edir.

Qeyd edək ki, məişət zorakılığına məruz qalan şəxslərin aşkarlanması və erkən identifikasiyası məişət zorakılığı ilə mübarizə sahəsində əsas strategiyalardan biri sayılır. Məsələn, inkişaf etmiş bir çox ölkələrdə (ABŞ, Kanada, İsveç, Fransa və s.) məişət zorakılığının qarşısının alınmasına böyük məbləğdə büdcə vəsaiti ayrılır. Araşdırmalar göstərir ki, həmin vəsait sonradan zorakılıqdan əziyyət çəkənlərə xərclənən vəsaitə qənaət edilməsinə imkan yaradır. Bu ölkələrdə profilaktik tədbirlərin həyata keçirilməsi, qaynar xətlərin yaradılması, zorakılıq qurbanlarının reabilitasiyasını həyata keçirən və təhlükəsizliyini təmin edən yardım mərkəzlərinin, sığınacaqların təşkili məsələlərinə xüsusi diqqət yetirilir. Belə fəaliyyətlərin həyata keçirilməsində, həmçinin qeyri-hökumət təşkilatlarının da rolu əhəmiyyətlidir. Məişət zorakılığına məruz qalan şəxslərin aşkarlanması və erkən identifikasiyası isə aşağıdakı tədbirlərin həyata keçirilməsi yolu ilə reallaşdırılır:

məişət zorakılığına məruz qalan şəxslərin onu etiraf edə bilməsi üçün etibarlı şərait yaradılması yolu ilə, zərər çəkmiş şəxslərin yaranmış vəziyyətlə bağlı susmasının qarşısının alınması və zorakılığın təkrarlanması riskinin azaldılması;

məişət zorakılığından zərər çəkmiş şəxslərə və onların uşaqlarına dəstək mərkəzləri yaradılmasının və psixoloji reabilitasiya kurslarının təşkilinin təmin edilməsi;

məişət zorakılığı törətmiş şəxslərlə psixoloji reabilitasiya işi apararaq, zorakılığın təkrarlanmamasına və onların öz zorakı əməllərinə görə məsuliyyət hiss etmələrinə nail olunması.

Hazırda aidiyyəti dövlət qurumları da məişət zorakılığına məruz qalan şəxslərin aşkarlanması və erkən identifikasiyası üçün davamlı tədbirlər həyata keçirirlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu hafta.az-a açıqlamasında deyib ki, bu məqsədlə ötən ilin dekabrın 1-dən etibarən Azərbaycanda gender əsaslı zorakılıqla bağlı yeni “qaynar xətt” fəaliyyətə başlayıb: “Gender əsaslı zorakılığa məruz qalmış şəxslər, xüsusilə zorakılıqla üzləşmiş qadın və qızların müraciəti üçün nəzərdə tutulmuş qaynar xəttin nömrəsi 860-dır. Bakı ərazisindən birbaşa 860, mobil nömrələrdən və ölkənin regionlarından isə respublikanın regionlarından isə 012 860 yığmaqla qaynar xətlə əlaqə saxlamaq mümkündür. Qaynar xəttə müraciət etmiş şəxslər gender əsaslı zorakılıq və məişət zorakılığı, eləcə də müvafiq dəstək xidmətləri ilə bağlı məlumatlar ala, zəruri halda təmənnasız psixoloji konsultasiya ilə təmin oluna bilərlər. 860 qaynar xətt Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Əhali Fondunun birgə əməkdaşlığı ilə yaradılıb”.

“Qaynar xətt” yaradıldığı gündən indiyədək 100-dən çox müraciətin daxil olduğunu bildirən qurum rəsmisi zənglərin əksəriyyətinin qadın və uşaqlara qarşı törədilən zorakılıqla bağlı olduğunu vurğulayıb: “Müraciətlərə dərhal baxılıb. Zərurət yarandığı təqdirdə, aidiyyəti qurumlara yönəldilib. Bizə aid məsələlər olduqda isə dərhal təmin edilib”.

Mövzu ilə bağlı fikirlərini bildirən "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki,"qaynar xətt”in yaradılması qadın zorakılığına birbaşa müdaxilə imkanı ortaya qoyur: “Tutaq ki, evdən çıxıb, hüquq-mühafizə orqanlarına müraciət edə bilməyən qadınlar "qaynar xətt” vasitəsilə problemlərini deyə bilərlər. Operativ tədbirlərin görülməsinə "qaynar xətt”in fəaliyyəti önəmli yardım edəcək. İndiki şəraitdə məişət zorakılığının azalması təəssüratı yaranır. Çünki qadınlar polisə və aidiyyəti qurumlara müraciət edə bilmirdi. "Qaynar xətt”in yaradılması daxil olan müraciətlərin əsasında real statistik rəqəmlərin əldə olunmasına da müsbət təsir göstərəcək”.

Oxunma sayı 377