Google Rusiyada ümumi xidmətini dayandırır

10:46 16.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Google, sentyabrın 9-dan etibarən Rusiyada bulud əsaslı böyük məlumatların təhlili platforması olan BigQuery xidmətini ləğv edəcəyini açıqladı.

Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, bu qərarı Rusiyanın “Softline” informasiya texnologiyaları şirkətinin istifadəçilərinə göndərilən bildirişlər təsdiqləyib. Bununla belə, Google Workspace (e-poçt, Sənədlər, Cədvəllər, Slaydlar, Disk) və Google Bulud xidmətləri Rusiyada işləməyə davam edəcək.

BigQuery süni intellektlə işləyən böyük məlumatların saxlanması və təhlili platforması kimi tanınır və bu xidmətin dayandırılması Rusiyadakı böyük məlumatların təhlili şirkətləri üçün əhəmiyyətli təsir göstərə bilər. Bu inkişaf Google-un Rusiya bazarından geri çəkilmək üçün atdığı son addımların bir hissəsi kimi qiymətləndirilir. Bundan əvvəl ölkədə Google AdSense xidmətinin tamamilə dayandırılacağı bildirilmişdi.

Son həftələr Rusiyada YouTube-a daxil olmaqda problemlər yaranıb. İstifadəçilər video yükləməkdə və izləməkdə çətinlik çəkirlər. Rusiya rəsmiləri iddia edirlər ki, bu vəziyyət Google-un Ukraynada münaqişə başlayandan sonra Rusiyadakı serverlərinin yenilənməsini dayandırması ilə bağlıdır. Google bildirir ki, bu problemlər şirkətin texniki infrastrukturu ilə bağlı deyil.