Həftənin ÇAĞIRIŞI - Həftə-reyrinq

11:29 26.06.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanla Ermənistan arasında 15 erməninin mina xəritələri müqabilində dəyişdirilməsini yüksək qiymətləndiririk”. Bunu Avropa Şurası Parlament Assambleyasının sessiyası çərçivəsində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun sualına cavabında deyib. “Münaqişə bölgəsindən olan bir şəxs kimi deyə bilərəm ki, minaların fəsadları 50 il, bəzən daha uzun davam edir, uşaqların, günahsız insanların həyatına son qoyur. Əlbəttə, saxlanılan şəxslərin taleyi hər kəs üçün narahatlıq doğurur. Amma biz mina xəritələrini də unutmamalıyıq. Bu xəritələrin verilməsi və minaların təmizlənməsi insanların öz evlərinə qayıtmasını sürətləndirəcək”.

 

Həftənin QANUNU

Azərbaycanda məhkəmə proseslərinin tənzimlənməsi ilə bağlı qanunvericiliyə ediləcək dəyişiklik vəkillər tərəfindən narazılıqla qarşılanıb. Mülki Prosessual Məcəlləyə yeni, 174.5-ci maddə əlavə edilməsi təklif edilir. Bu təklifə görə, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər. Bu məlumatın ictimailəşməsindən sonra Vəkillər Kollegiyasının üzvləri məsələyə kəskin etiraz ediblər.

 

Həftənin QARŞIDURMASI

Rusiya hərbçiləri ölkənin Qara dənizdəki ərazi sularına girən İngiltərə hərbi gəmisi “Defender”in hərəkəti istiqamətində xəbərdarlıq atəşi açıb. Rusiyanın “Su-24M” bombardmançısı Qara dənizin şimal-şərqində Fiolent burnu yaxınlığında dövlət sərhədinin pozulmasını dayandırmaq üçün xəbərdarlıq bombardmanı həyata keçirib. Hadisədən sonra Böyük Britaniyanın Moskvadakı səfirliyinin hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.

 

Həftənin SƏFİRİ

ABŞ səfiri Con Sallivan Moskvaya qayıdıb. O, iki ölkə arasında daha sabit və proqnozlaşdırıla bilən münasibətlər qurmaq üçün Rusiya ilə çalışmağa hazır olduğunu söyləyib. Qeyd edək ki, Rusiya və ABŞ arasında səfirlərin qayıtması məsələsi iyunun 16-da Cenevrə görüşündə müzakirə olunmuşdu. Rusiya səfiri Anatoli Antonov da iyunun 20-də Vaşinqtona qayıdıb.

 

Həftənin ETİRAFI

“Siz heç bir halda məndən bu torpaqları geri qaytarmayacağımız sözlərini eşidə bilməzdiniz. Hətta 2000-ci illərdə parlament tribunasından bəyan etdim ki, Ağdam mənim vətənim deyil". Bunu BBC-yə müsahibəsində Ermənistanın sabiq prezidenti Serj Sarkisyan deyib: Bunu daha necə açıq şəkildə ifadə etmək olar? Belə bir aqibətin başımıza gəlməməsi üçün xain damğası daşımağa hazır idim. Problemin həllini istəyirdim, öz reytinqim barədə, tarixdə qalmağı düşünmürdüm... Təəssüf, bunu bacarmadım”.

 

Həftənin QƏRARI

UEFA 2021/22 mövsümündən etibarən səfər qolu qaydasını ləğv edib. Bu barədə Avropa futbol qurumunun mətbuat xidməti məlumat yayıb. Qol sayı bərabər olarsa, hərəsi 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılacaq. Burada da qalib müəyyənləşməsə, penaltilər seriyası baş tutacaq.

 

Həftənin ARZUOLUNMAZI

Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi ölkənin Təhlükəsizlik Xidmətinin (SBU) təqdimatı əsasında Rusiyanın Xalq artisti Filipp Kirkorovu milli təhlükəsizliyə təhdid yaradan şəxslər siyahısına daxil edib. Kirkorovun “qara siyahı”ya daxil edilməsinin səbəbləri açıqlanmır. Onun adının yanında 23 iyun 2021-ci il tarixi göstərilir. Müvafiq siyahını qurum SBU-nun təqdimatına əsasən vaxtaşırı yeniləyir. Kirkorovdan başqa, yenilənən siyahıda 201 mədəniyyət xadiminin adı var. Daha əvvəl F. Kirkorov Litvanın “qara siyahı”sına salınıb.

Oxunma sayı 2436