Həftənin MƏRHUMU - Həftə-reytinq

12:28 06.03.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Tanınmış tarixçi alim Dilavər Əzimli vəfat edib. Koronavirusa yoluxan alim komada idi. O, dünən axşam saatlarında dünyasını dəyişib. Xatırladaq ki, 62 yaşlı D. Əzimli ilin əvvəlindən koronavirusa yoluxaraq FHN-nin Zığdakı modul tipli xəstəxanasında müalicə alırdı. O, süni tənəffüs aparatına qoşulmuşdu.

 

Həftənin TƏLƏBİ

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-ın Federal Təhqiqatlar Bürosundan 250 min dollar nağd pul tələb edib. Kadırov bu barədə öz teleqram kanalında yazıb. Kadırov ABŞ xüsusi xidmət orqanının haqqında informasiya əvəzində 250 min dollar pul mükafatı təklif etdiyi rusiyalı iş adamı Yevgeniy Priqojinin onu Qroznıda ziyarət etdiyini bildirib. “Bu cür səxavətli mükafatı almaq ağılsızlıq olardı. Vətəndaş borcunu yerinə yetirmək hissi ilə vicdan əzabı çəkmədən layiq görülən mükafatı almağa hazıram”,- deyə Kadırov istehzalı şəkildə bildirib.

 

Həftənin SƏFƏRİ

Katoliklərin ruhani lideri və Vatikan rəhbəri Papa Fransisk Bağdada səfər edib. Onun təyyarəsi Bağdad Aeroportuna eniş edib. Bu barədə “Washington Post” nəşri məlumat verib. Hava limanında Papanı İraq Respublikasının Baş naziri Mustafa Əl-Kazimi qarşılayıb.

 

Həftənin TƏNQİDİ

Türkiyə Superliqasının 27-ci turunda “Ankaragücü” klubuna 1:2 hesabı ilə uduzan “Qalatasaray”ın baş məşqçisi Fatih Terim hakimlərdən narazılığını bildirib. Təcrübəli çalışdırıcı VAR hakimi funksiyasını icra edən Cüneyt Çakırı tənqid edib: ““Beşiktaş”la matçda top Damaqoy Vidanın əlinə dəysə də, penalti olmadı. Həmin vaxt Cüneyt Çakır vəziyyəti bizə elə anlatdı ki, az qala ondan üzr istəyəcəkdik. İndi özü VAR hakimi idi, amma heç bir müdaxilə etmədi".

 

Həftənin ELVİS PRESLİSİ


Xalq artisti Emin Ağalarov Rusiyanın Birinci kanalında yayımlanan “Тоç-v-тоç” (Birə bir) proqramının xüsusi qonağı olub. Müğənni-bəstəkar efirdə əfsanəvi ulduz Elvis Preslini yamsılayıb, onun obrazında səhnəyə çıxaraq “My way” mahnısını səsləndirib. O, sözügedən görüntülərini instaqramda paylaşaraq “Yəqin ki, bu, uzun müddətdən sonra ən çətin və həyəcanverici çıxışlardan biri idi" - deyib.

 

Həftənin İLKİ

ABŞ-da bir zooparkda doqquz meymuna koronavirus vaksini vurulub. Sözügedən heyvanlar dünyada insanlardan başqa peyvənd olunan ilk canlılardır. Kaliforniyada yerləşən bir zooparkda bir qorilla, üç oranqutan və beş bonobo cinsi meymun vaksinasiyadan keçib və onlara heyvanlar üçün inkişaf etdirilən COVID-19 vaksini tətbiq olunub.

Oxunma sayı 178