Həftənin OLAYI - Həftə-reytinq

10:00 24.04.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Sabiq deputat Hüseynbala Mirələmovun sosial şəbəkələrdə qeyri-etik videosu yayılıb. O, ADNSU-da Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri idi. Həmin görüntülərin də ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir. Görüntülər yayıldıqdan sonra H.Mirələmov həm kafedra müdiri vəzifəsindən, həm də Yeni Azərbaycan Partiyasının sıralarından xaric edilib.

 

Həftənin İŞSİZİ

Prezident İlham Əliyev səhiyyə naziri ilə bağlı sərəncam imzaladı. Sərəncamla Oqtay Kazım oğlu Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilir. Qeyd edək ki, o, 2005-ci ildən səhiyyə naziri vəzifəsində işləyirdi.

 

Həftənin SƏFİRİ

Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahit Bağcı iki gün əvvəl sosial şəbəkədə maraqlı paylaşım edib. Yeni səfir diplomatik korpusun yanında yerləşən yaşayış binasında Azərbaycan və Türkiyə bayraqlarının asıldığı eyvanın fotoşəkilini çəkərək öz tvitter hesabında paylaşıb. C. Bağcı paylaşımına “Təşəkkür, qonşu”,- fikrini qeyd edib. Qeyd edək ki, Cahit Bağcı Türkiyənin Azərbaycandakı səfiri vəzifəsinə bu ilin 3 aprel tarixində təyin olunub. Aprelin 21-dən isə vəzifəsinin icrasına başlayıb.

 

Həftənin MƏHKUMU

Minneapolis məhkəməsi keçmiş polis Derek Şovini afroamerikalı Corc Floydun qətlində günahkar bilib. Şovin hər üç cinayət maddəsi üzrə təqsirli bilinib. O, hökmü soyuqqanlılıqla dinləyib. Hazırda Şovini 40 ilədək həbs cəzası gözləyir. Cəzanı hakim təyin edəcək və hökm 2 ay sonra elan ediləcək. Məhkəmə qərarından sonra o qandallanaraq həbsxanaya aparılıb. Buna qədər Derek Şovin girov müqabilində azadlıqda idi.

 

Həftənin QAÇAĞI

Ermənistan Baş naziri Nikol Paşinyan etirazçıların onun kortecinin keçdiyi yolu bağlamasından sonra ölkənin cənubundakı Mehri şəhərini tərk etməli olub. Paşinyan mühafizəçilər, polis və Milli Təhlükəsizlik Xidmətinin müşayiəti ilə qəsəbə küçələrini gəzməyi planlaşdırsa da, etirazçılar Baş nazir kortecinin yolunu kəsərək buna icazə verməyiblər. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirərək Paşinyanı “satqın” adlandırıblar. Bundan sonra o, maşına minərək şəhəri tərk edib.

 

Həftənin ÇEMPİONU

Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan yığması ilk qızıl medalını dördüncü yarış günündə qazanıb. Qadınların 50 kq çəki dərəcəsində mübarizə aparan Mariya Stadnik 1,5 illik fasilədən sonra qayıtdığı güləş xalçasında qitənin ən güclüsü olduğunu bir daha təsdiqləyib. 1/4 finalda Yekaterina Poleşçuku (Rusiya) 11:0, yarımfinalda Oksana Livaçı (Ukrayna) 10:4 hesabı ilə məğlub edən Mariya, finalda Miqlena Selişka (Bolqarıstan) üzərində qələbə qazanıb – 7:2. Bu, Stadnikin Avropa çempionatlarında 8-ci qızıl medalı olub.

 

Həftənin KORONAVİRUS XƏSTƏSİ

Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub. Bu barədə “Səhər Mərkəzi” proqramında məlumat verilib. Bildirilib ki, 69 yaşlı müğənnidə 13 gün əvvəl “COVID-19” aşkarlanıb. Qeyd olunub ki, B. Əşrəfovun səhhəti qaydasına düşmür. Belə ki, yaşı səbəbindən xəstəliyi ağır keçirir, təngnəfəslikdən əziyyət çəkir.

Oxunma sayı 344