Azərbaycan Prezidenti İlham Əliyev Yusif Axund-zadəni təltif edib. Sərəncama əsasən, Azərbaycanda musiqi sənətinin inkişafında xidmətlərinə görə Yusif Yevgenyeviç Axund-zadə “Şöhrət” ordeni ilə təltif edilib. Qeyd edək ki, general-mayor Y. Axund-zadə Müdafiə Nazirliyi Hərbi-dəniz-orkestr xidmətinin rəisidir.
Həftənin İSTEFASI

"Space" telekanalının qurucusu, Azərbaycan Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva Vaqif Mustafayevin sözügedən kanalın rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı açıqlama verib. O bu barədə "Haqqın.az" saytına danışıb. Qeyd edib ki, son zamanlar "Space" TV-nin fəaliyyəti onu da narahat edib. V. Mustafayev kanalı özü tərk etməyib, təsisçinin hüququ ilə şəxsən vəzifəsindən azad edilib.
Həftənin GENERALLARI

Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər. Bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Nazirlikdən bildirilib ki, hər iki general ehtiyata buraxılıb.
Həftənin AÇIQLAMASI

Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudovun Şəkidə hotel kompleksi tikməsi ilə bağlı məlumat yayılıb. Abid Şərifov faktı təsdiqləyib. O bildirib ki, Şəki şəhər İcra Hakimiyyəti tərəfindən istismara verilən “Şəki Park” oteli nəvəsinə məxsusdur: “Nicat mənim qızımın oğludur. Şəkidə tikinti edib. Amma ona hotel demək olmaz. Üç mərtəbəli yataqxana tipli bir yerdir. Yazıldığı qədər böyük bir kompleks deyil. Bunu böyütmək nəyə lazımdır?”
Həftənin TƏYİNATI

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov oğlu Sərdarı Baş nazirin müavini təyin edib. Bundan başqa, Sərdar Berdiməhəmmədov Ali Nəzarət Palatasına rəhbərlik edəcək və Dövlət Təhlükəsizlik Şurasının tərkibinə daxil olub.
Həftənin SƏFƏRİ

Ölkəmizin tarixi dönüş nöqtəsinə şahidlik edirik. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Milli Kosmos Proqramının təqdimat mərasimində deyib. "Ən önəmli hədəfimiz Cümhuriyyətimizin 100-cü ildönümündə Ayla ilk təması həyata keçirməkdir. İnşallah Aya gedirik. 2023-cü ilin sonunda yaxınmənzilli milli və hibrid raketimizlə Aya sərt eniş həyata keçirəcəyik", - Ərdoğan çıxışında qeyd edib.
Həftənin ŞOKU

“44 gün ərzində insanları aldatdılar ki, biz qalib gəlirik və 44-cü gün təslim aktı imzalandı. Bu, həqiqətən şok idi” . Bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan müsahibəsində deyib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti ölkənin bütün potensialını səfərbər etmək və müharibədə qələbəyə yönəltmək əvəzinə KİV vasitəsilə xalqa yalan danışdı.