Həftənin ŞÖHRƏTLİSİ - Həftə-reytinq

10:14 22.05.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev S.X.Rüstəmxanlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Sabir Xudu oğlu Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilir.

 

Həftənin XƏSTƏSİ

Koronavirusa yoluxan Klasssik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Partiya sədrinin vəziyyətinin yaxşı olmadığı barədə dostları paylaşım etmişdi. Eyni zamanda, onun ailə üzvlərinin də virusdan əziyyət çəkdiyi qeyd olunurdu.

 

Həftənin GÖRÜŞÜ

Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Entoni Blinkenin ilk tet-a-tet görüşü keçirilib. XİN başçılarının ilk görüşü Arktika Şurasının Nazirlər Sessiyası çərçivəsində keçirilib. Lavrov danışıqların əvvəlində həmkarına görüşün keçirilməsini təklif etdiyinə görə təşəkkürünü bildirib. “Ən önəmlisi ondan ibarətdir ki, biz diplomatik imkanlardan maksimum dərəcədə istifadə etməyə çalışaq və mən sizin məhz belə əhval-ruhiyyə nümayiş etdirməyinizi çox qiymətləndirirəm”, - Lavrov deyib.

 

Həftənin DAVASI

Dmanisi şəhərinin “9 aprel” küçəsi, 23-də yerləşən “Ömər” marketə kütləvi hücum oldu. Mağaza sahibi Qəşəm Şamilovun sözlərinə görə, hücumu həyata keçirənlər Dmanisidə yaşayan bir qrup svan (gürcü) əsilli şəxslərdir. Q.Şamilov hücum edən şəxslərin artıq bir neçə dəfə mağazaya gələrək, aldıqları məhsulun pulunu verməyəcəklərini dediklərini bildirib. Onun sözlərinə görə, bir qrup svan (gürcü) əsilli şəxs mağazanın önünə gələrək, qarşısında duran gəncləri və mağaza sahiblərini döyməyə çalışıblar. Sonda tərəflər arasında barışıq əldə edilib.

 

Həftənin GÖZƏLİ

Meksika təmsilçisi Andrea Mesa bu il keçirilən “Dünya gözəli” gözəllik müsabiqəsinin qalibi olub. Brilliant tacı 2019-cu ilin yarışmasının qalibi, CAR-dan olan model Zozibini Tunsi ona təqdim edib. Mesa proqramçı olaraq çalışır, Çiuaua ştatında turizmi dəstəkləyir və gender zorakılığına qarşı mübarizə aparır.

 

Həftənin ÇEMPİONU

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünə yekun vurulub. Turun, eləcə də mövsümün qapanış matçı lider “Qarabağ”la əzəli rəqibi və əsas izləyicisi “Neftçi” arasında baş tutub. Mövsümün çempionunu müəyyənləşdirən Azərbaycan derbisində ağdamlılara heç-heçə də bəs edirdi. Paytaxt təmsilçisi isə çempion olmaq üçün “Qarabağ”ı mütləq məğlub yola salmalıydı. “Qızıl oyun”un taleyini 90-cı dəqiqədə Ahmed Ahmedovun vurduğu yeganə qol həll edib. “Neftçi” bu qələbə sayəsində uzun fasilədən sonra Azərbaycan çempionu olub.

 

Həftənin AŞİQİ

"Avroviziya-2021" mahnı müsabiqəsində ölkəmizi təmsil edən Samira Əfəndi yarışamda özünə sevgili tapıb. Norveçli ifaçı Samiranın önündə diz çökərək ona eşq elan edib. Bu anlar kameralara həkk olunub və sosial şəbəkədə geniş paylaşılıb

 

Oxunma sayı 2041