Həftənin TƏLTİFİ - Həftə-reytinq

10:28 13.03.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyev Bəylər Eyyubovu təltif edib. Dövlət başçısının bununla bağlı verdiyi sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində səmərəli fəaliyyətinə, vəzifə borcunu peşəkarlıqla yerinə yetirdiyinə görə Bəylər Həsən oğlu Eyyubov “Şərəf” ordeni ilə təltif edilib. Qeyd edək ki, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi olan B. Eyyubovun bu gün 70 yaşı tamam olur.

 

Həftənin HÖKMÜ

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə bağlı məhkəmə prosesinə yekun vurulub. Səfirin qətli ilə əlaqəsi olan bir neçə nəfərə hökm oxunub. Cinayətdə FETO lideri Fətullah Gülən də daxil olmaqla, 28 nəfər ittiham olunub. Prosesin yekununda üç müttəhimə iki ömürlük, bir müttəhimə bir ömürlük həbs qərarı verilib. Ankara İkinci Ağır Cinayətlər Məhkəməsi yeddi müttəhim barəsində FETO üzvlüyünə görə 7 il 6 aydan 10 il 6 aya qədər dəyişən müddətli həbs cəzası qərarı çıxarıb. Səfirin qatili Mövlud Mert Altıntaşa sui-qəsd təlimatı verən Salih Yılmaz və Şahin Sögüt iki ömürlük həbs cəzasına məhkum ediliblər.

 

Həftənin SÖZÜ

“Xaricdə dincəlmək istəyən vətəndaşları süni şəkildə ölkədə saxlamayacağıq”. Bunu hökumət nümayəndələri ilə iclasda Rusiya Prezidenti Vladimir Putin dilə gətirib. Rusiya lideri ölkədə vaksinasiya prosesinin sürətləndirilməsinə ümidvar olduğunu bildirib. “İqtisadiyyatlarında turizmin böyük yer tutduğu bəzi ölkələr artıq turistlərə qapılarını açmağa başladığını elan edir. Biz, əlbəttə, yay tətillərini xaricdə keçirmək istəyən vətəndaşlarımızı süni olaraq ölkədə saxlamamalıyıq və bunu etməyəcəyik də”, - Putin əlavə edib. O vurğulayıb ki, rusların ənənəvi olaraq tətilə getdikləri bir çox ölkələrdə koronavirusun yaratdığı vəziyyət qarışıqdır.

 

Həftənin XƏSTƏSİ

Əməkdar artist Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirilib. Bu barədə “Elgizlə izlə” proqramında məlumat verilib. 30 kq çəki itirən müğənninin son görüntüləri efirdə də yayımlanıb. Z. Abdullayeva açıqlama verərək oğlunun ölümündən sonra səhhətində ciddi problemlər yarandığını bildirib: “Heç nə yemək istəmirəm. Balamdan sonra bu günlərə qaldım. Görün, özümü nə günə qoydum... Kök hüceyrə köçürməyi dedilər, amma yox, revmatizmam var. Buna görə müalicə olunmalıyam. Həkim dedi ki, çox gecikdirmişəm. Xəstəliyin son həddindəyəm”.

 

Həftənin TƏRİFİ

Avropa Yayım Birliyi (EBU) Belarusun “Eurovision” mahnısını diskvalifikasiya edib. Dövlət kanalı BTRC TV-nin seçdiyi “Galasy ZMesta” qrupu ifasında siyasi mesajlara yer verib. “Ya nauchu tebya” (Mən səni öyrədərəm) mahnısında Prezident Aleksandr Lukaşenkoya sətiraltı dəstək göstərilərək müxalif qüvvələr tənqid olunub. Həmçinin, qrupun digər mahnılarında da dövlət başçısına sətiraltı və birbaşa dəstək özünü büruzə verir. Mahnının klipi “Eurovision”un rəsmi “Youtube” səhifəsindən də silinib. Çoxlu sayda müraciətdən sonra EBU bəstə barədə qərar verib və KİV-ə açıqlama yayıb. Bildirilib ki, Avropa Yayım Birliyi Belarus nümayəndə heyətinə göstəriş verərək mahnının dəyişdirilməsini tələb edib.

Oxunma sayı 651