Həftənin təltifi - Həftə-reytinq

10:50 03.04.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktarı və “ASELSAN” şirkətinin idarə heyətinin rəhbəri və baş direktoru Haluk Görgünü qəbul edib. Bununla bağlı Prezidentin mətbuat xidməti məlumat yayıb. İlham Əliyev S. Bayraktarı “Qarabağ” ordeni ilə təltif edib. Bu barədə tvitter hesabında yazan Bayraktar bundan şərəf və qürur hissi duyduğunu vurğulayıb.

 

Həftənin MƏHKUMU

Azərbaycan Milli Məclisinin sabiq deputatı Rafael Cəbrayılov barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə Baş Prokurorluqdan hafta.az-a daxil olan məlumatda deyilir:
Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.

 

Həftənin İŞSİZİ

Prezident İlham Əliyev Əhməd Əhmədzadəni vəzifəsindən azad edib. Dövlət başçısının imzaladığı sərəncama əsasən, Əhməd Cuma oğlu Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. Qeyd edək ki, 76 yaşlı Ə.Əhmədzadə 2006-cı ildən sözügedən qurumun sədri vəzifəsini icra edirdi. O, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin qardaşıdır.

 

Həftənin NOBEL NAMİZƏDİ

Çeçenistanın başçısı Ramzan Kadırov “Nobel” Sülh Mükafatına namizəd göstərilib. Bu barədə Beynəlxalq Nobel Məlumat Mərkəzinin (VM) prezidenti Vyaçeslav Tyutyunnik “Komsomolskaya pravda”ya açıqlama verib. “Kadırov son 15 ildə tarixən çətin Çeçenistan bölgəsində etibarlı sülhün qurulmasına və qorunmasına verdiyi böyük töhfəsinə görə namizəd göstərilib”,- deyə Tyutyunnik qeyd edib. O, ərizənin Norveç təmsilçiləri tərəfindən verilmiş ola biləcəyini bildirib.

 

Həftənin BƏNZƏTMƏSİ

“ABŞ “küçə xuliqanı” kimi davranır və Rusiya qarşıdurma istəməsə də, özü üçün cavab verə bilər”. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Birinci Kanalda yayımlanan “Böyük Oyun” proqramının efirində bildirib. “Bilirsiniz, indi nələrin baş verdiyini həyati obrazlarla təsvir etmək dəbdədir. Hamımız uşaqlıqda həyətdə oynayırdıq. Müxtəlif yaşda, fərqli məktəblərdən tərbiyə görmüş uşaqlar bir yerdə yaşayırdılar. Həm də həyətdə həmişə iki-üç əsas xuliqan olurdu: hamını sıraya düzürdülər, cəzalandırırdılar. Ancaq iki, üç, dörd il keçəndən sonra bu balaca uşaqlar böyüdülər və cavabını verə bildilər".

 

Həftənin ÇAĞIRIŞI

“Türkdilli ölkələr Azərbaycanın 44 günlük müharibə nəticəsində erməni işğalından azad edilmiş əraziləri bərpa etmək səylərini dəstəkləməlidirlər”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) qeyri-rəsmi sammitində deyib. Türkiyə Prezidenti bir daha Azərbaycan rəhbərliyini və xalqını Qarabağdakı tarixi torpaqların azad edilməsi münasibətilə təbrik edib.

 

Həftənin MÜTTƏHİMİ


Ermənistanın Baş Prokuroluğu prezident Armen Sarkisyanın ikinci vətəndaşlığını gizlətməsi ilə bağlı fakt üzrə cinayət işini Xüsusi İstintaq Xidmətinə göndərib. Bu barədə Ermənistan baş prokurorunun müşaviri Qor Abramyan deyib. “Baş Prokurorluq məlumat alıb. İlkin araşdırmadan sonra materiallar hazırlanması üçün Xüsusi İstintaq Xidmətinə göndərilib, işin davam etdirilib-etdirilməməsinə bundan sonra qərar veriləcək”. Xatırladaq ki, Ermənistanda 53 vəkil məruzə ilə çıxış edərək prezident Armen Sarkisyanın 2003-2012-ci illərdə ən azı 10 illik Britaniya vətəndaşlığına sahib olduğunu deyib. .

Oxunma sayı 184