Həftənin TƏNQİDİ - Həftə-reytinq

11:30 12.06.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bəzi məmurları onunla danışıq zamanı üslubdan düzgün istifadə etmədiklərinə görə sərt tənqid edib.  Q. Paşayeva qeyd edib ki, onun etdiyi çıxışlar seçicilərinin müraciətləri ilə bağlıdır: “Bir şəhid atası müraciət edir və bildirir ki, məhkəmə qərar versə də, oğlunun sığorta pulunu ala bilmir. Ona görə də mənə deyirlər ki, qurumlardan cavab ala bilmirlər, onların  adından danışmağımı istəyirlər.  Bəzi məmurlar isə mənə deyirlər ki, siz bu məsələni 3 dəfə qaldırmısınız. Bu üslub, bu ton doğru yanaşma deyil. Millət vəkili bir məsələni qaldırırsa, bu, onun şəxsi işi deyil. Danışanda üslublarına diqqət yetirsinlər. Əgər yetirməsələr mən onların adlarını da çəkərəm. Məhkəmənin qərarı yerinə yetirilsin, şəhid atasının sığorta pulu verilsin!”

 

Həftənin MƏRHUMU

Xalq artisti, rejissor Ramiz Əzizbəyli uzunsürən ağır xəstəlikdən sonra vəfat edib. Qeyd edək ki, koronavirusa yoluxan 72 yaşlı R.Əzizbəyli bir müddət əvvəl Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilmişdi. Onun infarkt keçirdiyi açıqlanmışdı. Bundan əvvəl isə Xalq artisti üç dəfə insult keçirmişdi. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkirdi. Onun bir ayağındakı barmaqları amputasiya edilmişdi.

 

Həftənin QONAĞI

ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi vəzifələrini icra edən Filip Riker Azərbaycana gəldi. Səfər iki gün davam etdi. Amerikalı diplomat burada Prezident İlham Əliyevlə görüşdü, Bakını gəözdi, təndir çörəyinə qonaq oldu.

 

Həftənin ETİRAFI

“Rus sülhməramlıları Dağlıq Qarabağı tərk etsələr, orada erməni qalmayacaq”. Bu barədə Ermənistanın sabiq Prezidenti, “Erməni milli konqresi” partiyasının lideri Levon Ter-Petrosyan keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, nədənsə insanların 95 faizi 5 il ərzində rus sülhməramlılarının Qarabağı tərk edəcəyinə inanır: “Ancaq belə bir şey yoxdur”.

 

Həftənin XƏSTƏSİ

Xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayev Türkiyədə növbəti dəfə əməliyyat olunacaq. Bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb. O qeyd edib ki, 65 yaşlı sənətçi sabah üçüncü dəfə əməliyyata girəcək. Xatırladaq ki, A. Ağayev apreldə Türkiyənin İstanbul şəhərində özəl klinikaların birinə yerləşdirilib. Xalq artisti bundan əvvəl iki dəfə əməliyyat olunub.

 

Həftənin QƏRARI

ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın “TikTok” və “WeChat”ın Amerikada bağlanması haqda fərmanlarını ləğv edib. Bu barədə Ağ evin saytında məlumat yayılıb. Qeyd edilib ki, eyni zamanda həmin tətbiqlərin fəaliyyəti izləniləcək. Xatırladaq ki, Tramp administrasiyası “TikTok” tətbiqetməsi vasitəsilə amerikalılar haqqında məlumatın Çin səlahiyyətlilərinə ötürüldüyünü iddia edirdi və bu səbəbdən hər iki tətbiqin fəaliyyətini qadağan edən fərman verilmişdi.

 

Həftənin DİPLOMU

79 il bundan əvvəl İkinci dünya müharibəsinin başlanması səbəbindən təhsilini yarımçıq qoyan amerikalı qadın 30 il məktəb avtobusunun sürücüsü işləyib. Lakin heç zaman həyatının belə getməsindən təəssüflənməyib. Necə deyərlər - "gec olsun, ancaq olsun".

Oxunma sayı 2271