Həftənin TƏYİNATI - Həftə-reytinq

11:39 27.02.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azad Məhyəddin oğlu Cəfərli Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilib. Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. A.Cəfərli əmək fəaliyyətinə 1999-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Beynəlxalq əlaqələr şöbəsinin müdiri (2012-2016) vəzifəsində çalışıb. Son təyinatadək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının rəhbəri vəzifəsini daşıyıb.

 

Həftənin ZƏNGİ

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın telefon danışığı olub. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

“Danışıqlar zamanı Ermənistandakı vəziyyət müzakirə olundu. Putin Ermənistanda asayişin və əmin-amanlığın qorunması, vəziyyətin qanun çərçivəsində həll edilməsi lehinə danışdı. Dövlət başçısı, həmçinin, bütün tərəfləri təmkinli olmağa çağırdı”, - deyə Peskov bildirib.

 

Həftənin ETİRAFI

Müğənni Elton Hüseynəliyev xanımı Tamilla Hüseynovaya xəyanət etdiyini etiraf edib. Sənətçi bu barədə “ATV maqazin onlarla” proqramına açıqlamasında bildirib.

Elton qeyd edib ki, səhv addımına rəğmən xanımı onu bağışlayıb: “Mən yaxşı ata və həyat yoldaşıyam. İstəyirəm ki, hər şey əla olsun. Ailəmə, övladlarıma çox vaxt ayırmamışam, amma bundan sonra başqa cür olacaq. Böyük bir səhv etdim, 1 il ailəmdən uzaqlaşdım. “Kaş ki” dediyim məqamdır. Kaş ki, etməzdim. Düzəltmək üçün gərək onları sevindirəsən. Ailəmlə indi xoşbəxtəm. İndi hər şeyi tam dərk edirəm".

 

Həftənin SƏFİRİ

İtaliyanın Konqo Demokratik Respublikasındakı səfiri öldürülüb. İtaliyanın “Respublika” qəzetinin məlumatına görə, səfir Luka Attanasio Konqonun şərqindəki BMT konvoyuna edilən hücumda qətlə yetirilib. Hadisə nəticəsində müşayiət qrupuna daxil olan mühafizə əməkdaşı da yaralanıb. Hücumun BMT işçilərini qaçırmaq məqsədi daşıdığı bildirilib.

 

Həftənin QƏRARI

Şahzadə Harri və xanımı Meqan Markl İngiltərə Kral ailəsindən ayrılığı dünən rəsmiləşib. Cütlüyün bir il əvvəl verdiyi ayrılma qərarı artıq rəsmi olaraq qəbul edilib. Bukingem Sarayından edilən açıqlamada, "Qərarları hər birimizi üzsə də, hersoq və hersoqinya ailənin sevilən üzvləri olaraq qalmağa davam edəcəklər", - deyə qeyd edilib. Qərarın birlikdə müzakirələrdən sonra, ancaq son sözü Kraliçanın deməsi ilə verildiyi qeyd olunub. Cütlük, artıq Krallıq ailəsinə aid imtiyazlardan istifadə edə bilməyəcək.

 

Həftənin İTKİSİ

Son bir gündə Tesla şirkətinin səhmləri 8.6% ucuzlaşıb. Buna görə də, İlon Mask 15 milyard dollardan çox pul itirdi. İlon Maskın sərvəti hazırda 183 milyard dollardır. Tesla səhmləri indi ilk dəfə 2020-ci ilin sentyabr ayında olduğu səviyyədədir. Analitiklər səhmlərin dəyərinin düşməsini Maskın Bitcoin və Ethereum nisbətinin həddindən artıq "yüksək" olması ilə əlaqələndirirlər.

 

Oxunma sayı 391