Həftənin TƏYİNATI - Həftə-reytinq

10:28 20.03.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə yeni sədr təyin edib. Sərəncama əsasən, Emin Səlhab oğlu Məmmədov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib. 

Xatırladaq ki, “Azərxalça” ASC-nin İdarə heyətinin keçmiş sədri Vidadi Muradov barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. V. Muradov vəzifədə olduğu müddət ərzində ümumilikdə dövlət büdcəsindən 3 milyon 572 min 427 manat mənimsəyib.

 

Həftənin SƏRƏNCAMI

Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

 

Həftənin TƏHDIDI

ABŞ Prezidenti Co Bayden Rusiya rəhbərliyinin ABŞ seçkilərinə müdaxiləyə görə cavab verməli olacağını bildirib. Co Bayden bu barədə ABC telekanalına müsahibəsində deyib.Jurnalist Corc Stefanopulos Baydenin ABŞ Milli Kəşfiyyat Direktorunun hesabatına münasibətini soruşub. İddiaya görə, Rusiya hakimiyyəti ölkədə keçən ilki seçki kampaniyası zamanı Baydeni və üzvü olduğu Demokrat Partiyasını nüfuzdan salmağa çalışıb. “Bunun hesabını ödəyəcək”, - deyən Bayden Rusiya Prezidenti Vladimir Putinlə danışığından sitat gətirib.

 

Həftənin QƏRARI

Ermənistan Baş Naziri Nikol Paşinyan erkən parlament seçkilərinin 20 iyunda keçiriləcəyini açıqlayıb. O, bu barədə öz feysbuk hesabında məlumat verib.  Paşinyan bildirib ki, o, bu qərara “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyanla görüşdən sonra gəlib. Tərəflər mövcud daxili siyasi vəziyyətdən ən yaxşı çıxış yolunun erkən parlament seçkiləri olduğunun qənaətinə gəliblər.

 

Həftənin TRANSFERİ

“Neftçi” yeni transferi Keysuke Honda ilə müqavilə imzalayıb. Müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub. Honda Bakı klubunda 4 nömrəli formada çıxış edəcək. 

 

Həftənin XƏRCİ

Xalq artisti Röya Ayxan Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan, lakin təxirə salınan 4 günlük “Nazlı” adlı konsertinə 300 min manat xərcləyib. Xalq artisti qeyd edib ki, pandemiyadan sonra konsertləri baş tutacaq: “Konsertlərim pandemiyadan sonra mütləq olacaq. Bileti qaytarmaq istəyə də bilərlər. Mən hər gün üçün 80 min manat vermişəm. İşıq, arenda və s… Ümumi 300 min ödəmişəm. Bu konserti etməliyəm. Narahat olmayın, daha da möhtəşəm bir şəkildə baş tutacaq”.

 

Həftənin REKORDU

Dünyaca məşhur müğənni Beyons 28-ci dəfə “Qremmi” mükafatına layiq görülüb. Bununla da sənətçi bu mükafatı 27 dəfə qazanan amerikalı müğənni Elison Krausu geridə qoyaraq birinci yerdə qərarlaşıb. “Tarix yenidən yazılır. Beyons indi ən çox “Qremmi” mükafatına sahib olan qadın müğənnidir”,- deyə təşkilatın tvitterdəki səhifəsində bildirilib. Qeyd edək ki, ABŞ səsyazma şirkətləri Assosiasiyası tərəfindən 14 mart 1958-ci ildə təsis olunan və Amerika səsyazma akademiyası tərəfindən təqdim edilən “Qremmi” dünyanın ən prestijli musiqi mükafatlarından biri sayılır.

 

Oxunma sayı 922