HƏMAS BMT TŞ-nin Qəzza ilə bağlı qətnaməsini rədd elədi

12:57 18.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fələstinin HƏMAS hərəkatı BMT Təhlükəsizlik Şurasının (TŞ) ABŞ prezidentinin Qəzza zolağı ilə bağlı planını dəstəkləyən qətnaməsini Fələstin xalqının maraqlarına cavab verməyən sənəd kimi rədd edib.

Hafta.az xəbər verir ki, HƏMAS-ın bəyanatında belə deyilir.

"Bu qətnamə Fələstin xalqının, xüsusilə də artıq iki ildir onun məhv edilməsinə yönəlmiş amansız müharibədən əziyyət çəkən və bütün dünyanın gözü qarşısında işğalçı qüvvələr tərəfindən törədilən misli görünməmiş cinayətlərin qurbanı olan Qəzza sakinlərinin siyasi və humanitar tələblərini və hüquqlarını büsbütün görməzdən gəlir", - bəyanatda deyilir.

HƏMAS, həmçinin Qəzza zolağında beynəlxalq himayə mexanizminə və beynəlxalq qüvvələrin mövcudluğuna qarşı çıxıb.

"İstənilən beynəlxalq qüvvələr, əgər yaradılırsa, yalnız tərəfləri ayırmaq və atəşkəs rejiminə riayət olunmasına nəzarət etmək üçün sərhəddə yerləşdirilməlidir", - bəyanatda bildirilir.

Daha əvvəl BMT TŞ ABŞ-nin Qəzza zolağı üzrə sülh planını dəstəkləyən layihəsini qəbul edib. TŞ-nin 15 üzvündən 13-ü sənədin lehinə səs verib. Rusiya və Çin isə bitərəf qalıblar.