Komitə sədrindən fermerlərin məlumatlandırılmadan cərimələnməsinə ETİRAZ

13:47 05.06.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ərzaq balansı ilə bağlı məlumat təqdim etməyən fermerlərə qarşı məsuliyyət tədbirlərinin tətbiqindən əvvəl geniş məlumatlandırma və izahat işlərinin aparılması vacib sayılır.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib. Komitə sədri bildirib ki, ərzaq balansı ölkənin ərzaq təhlükəsizliyi, ərzaq təminatı, idxaldan asılılıq səviyyəsi və yerli istehsalın daxili tələbatı hansı səviyyədə ödəyə bilməsi baxımından olduqca strateji sənəddir.

Onun sözlərinə görə, Prezident yanında keçirilən aqrar müşavirədən sonra aqrar statistika, uçot və informasiya sistemləri məsələsi daha da aktuallaşıb:

“Gələcək dövrdə kənd təsərrüfatında uçotun və statistikanın təkmilləşdirilməsinə ciddi ehtiyac var. Ölkəmizdə kənd təsərrüfatına ölkə rəhbərliyi və cənab Prezident tərəfindən olduqca həssas münasibət göstərilir. Təsadüfi deyil ki, kənd təsərrüfatı həm sosial, həm iqtisadi, həm də təhlükəsizlik məsələsi kimi qiymətləndirilir. Ölkə əhalisinin yarısı kənd yerlərində yaşayır, kənd təsərrüfatında məşğul əhali isə ümumi məşğul əhalinin təxminən 40 faizini təşkil edir. Belə olan halda kənd təsərrüfatının inkişafı regionların inkişafına, yoxsulluğun azaldılmasına və məşğulluğun təmin edilməsinə təsir göstərir. Bu baxımdan kənd təsərrüfatı olduqca strateji sahədir”.

Komitə sədri bildirib ki, təqdim olunan qanun layihəsi kontekstində kənd təsərrüfatı istehsalçıları zəruri məlumatları, xüsusilə ərzaq balansı ilə bağlı məlumatları təqdim etmirlərsə, məsuliyyət tədbirlərinin tətbiqi mümkündür. “Amma kəndli, fermer heç bilmir ki, ərzaq balansı nədir. Üstəlik nəzərə almalıyıq ki, fermerlər daim dövlət qayğısının və dövlət dəstəyinin obyekti olublar. Biz birdən-birə məlumatlandırma aparmadan, izahat işləri görmədən, informasiya-məsləhət xidmətlərini səmərəli təşkil etmədən fermerləri cərimə ödəyicisi kimi görməməliyik”, - o, qeyd edib.

O vurğulayıb ki, aqrar siyasəti həyata keçirən dövlət qurumlarının əsas missiyalarından biri informasiya-məsləhət xidmətlərini gücləndirməkdir:

“Burada millət vəkillərinin böyük əksəriyyəti aqrar rayonları təmsil edir. Kəndlinin əsas qayğısı əkin və biçindir. Bəzən fermerlər dövlətin onlara təqdim etdiyi dəstək tədbirlərindən belə xəbərsiz olurlar. Hesab edirəm ki, aqrar sahəyə məsul qurumların əsas vəzifələrindən biri aqrar biliklərin yayılması və məlumatlandırmanın gücləndirilməsidir. Məsuliyyət tədbirləri artırıla bilər, amma bu şərtlə ki, əvvəlcə zəruri məlumatlandırma və izahat işi aparılsın, yalnız bundan sonra müvafiq tədbirlər görülsün”.