Hərbi sahədə münasibətlərimiz nisbətən yeni fomalaşmaqda olan bir mexanizmdir. 2013-cü ildə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Koreyaya rəsmi səfərindən sonra hərbi sahədə əməkdaşlıq üçün yeni imkanlar yaranıb.
Bu fikirləri hafta.az-a Azərbaycanın Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov deyib.
Onun sözlərinə görə, hərbi sahədə əməkdaşlıq üçün də imkanlarımız genişdir və gələcəkdə bu istiqamətdə də müəyyən işlər görülə bilər:
"Digər tərəfdən, Koreya coğrafi baxımdan uzaqda yerləşən ölkələrə və ya regionlara münasibətdə hansısa geostrateji və ya geosiyasi məqsədlər güdmür. Daha çox praqmatik və iqtisadi maraqlara əsaslanan xarici siyasət strategiyası həyata keçirilir. Ancaq təbii ki, qlobal və regional miqyasda baş verən dəyişikliklər Koreya tərəfindən də yaxından izlənilir və özünün iqtisadi-ticari maraqlarına uyğun olacaq şəkildə xarici siyasət prioritetləri yenidən modifikasiya edilir. Bu baxımdan 44 günlük Vətən müharibəsindən sonra regionunumzda yaranmış yeni geosiyasi vəziyyətin Koreya tərəfindən də nəzərə alındığına şübhə etmirəm".