Laçın Zirvəsi: Üç qalib qardaş bir arada - TƏHLİL

16:42 29.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mayın 28-də - Azərbaycan Xalq Cümhuriyyətinin 107-ci ildönümü günü üç qardaş ölkənin rəhbərləri Laçında bir araya gəlməkllə dünya ictimaiyyətinin gündəminə damğasını vurdu. Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri Şahbaz Şərifin niyə Bakıda deyil, məhz Laçında görüşməsi birmənalı şəkildə təsadüfü deyil. Nəzərə alaq ki, həm Türkiyə, həm də Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdir və Vətən torpaqlarının azad edilməsi prosesində də qətiyyətlə Azərbaycanın yanında olublar. Elə bu səbəbdəndir ki, indi çoxları torpaqlarının erməni işğalından azad edilməsi üçün Bakıya mənəvi-siyasi dəstək verən qardaş ölkələrin liderlərinin Laçında bir araya gəlməsini dünyaya ismarıc olaraq qiymətləndirməkdədir.

Laçın 44 günlük müharibədən əvvəl və sonrakı vaxtlarda işğal olunmuş bölgələrimizdə kök salan separatçılara Ermənistandan silah-sursat daşınan keçid olub. Bundan əlavə, Azərbaycanın Ermənistanla ilk sərhəd-buraxılış məntəqəsi də məhz Laçında açılıb. Laçın sözünün mənası alınmaz qala, uca, əlçatmazdır. Bu mənada Azərbaycan, Türkiyə və Pakistandan ibarət üç qardaş dövlətin Laçında ortaya qoyacağı nəticə başqaları üçün əlçatmaz olduğunu görünür. Həm də, cəmi beş il əvvəl ayaq basa bilmədiyimiz Laçına bu gün beynəlxalq təyyarələrin endiyini nəzərə alsaq, bu şəhərin Azərbaycanın iqtisadi zəfərinin simvolu adlandıra bilərik.

Qeyd edək ki, Azərbaycan xarici siyasi müstəvidə ikitərəfli və üçtərəfli formatlara üstünlük verir və bu proses illərdir davam edir. Çünki torpaqlarımız işğal altında olduğu dövrdə beynəlxalq hüququn norma və prinsiplərinin kəsərsiz qaldığını, icra mexanizmlərinin olmadığını, TŞ-nın praktiki olaraq ayrı-ayrı dövlətlərin maraqlarına uyğunlaşdığı masaya çevrildiyini görürdük. Ümumiyyətlə, qlobal təsisatlar öz effektliyini itirmişdi. Yəni liberal qlobalizmin süquta uğraması prosesi getdiyi bir zamanda ortaya çıxan təsisatlar da effektliyini itirmək üzrə idi. Bu aspektdən Azərbaycan iki və üçtərəfli formatlara üstünlük verərək nəticə etibarı ilə daha bir ortaq maraqların cəlb olunduğu qarşılıqlı-faydalı əməkdaşlığa təkan verə biləcək formatlara üstünlük verdi. Bu müstəvidə Azərbaycanın çoxsaylı təşəbbüsləri var və onların effektli olması günümüzdə ölkəmizin mövqeyini gücləndirir. Yəni Türkiyə ilə Azərbaycan arasında həyata keçirilən əməkdaşlıq iqtisadi müstəvidə enerji və nəqliyyat dəhlizləri kontekstində ortaya cazibədar  model qoydu və bunun sayəsində türk dövlələrinin inkişaf perspektivini gördük. Qardaş Pakistanın da Türkiyə ilə birlikdə ölkəmizə verdiyi mənəvi dəstəklə 2020-ci ildə Azərbaycanın cəsarətli qələbəsi üçtərəfli əməkdaşlığa güclü motivasiya verdi. Biz sonradan qardaş Türkiyənin antiterror əməliyyatlarında, Suriyada parlaq uğurlar qazanmasına və Pakistanın Dehli hökumətinin günahı üzündən baş verən hərbi toqquşmada, beynəlxalq hüquq və normalar çərçivəsində öz sərhədlərini qorumaq üçün verdiyi şokedici cavabda bunun şahidi olduq. Bu prizmadan yanaşsaq, əslində Laçındakı görüşün üç qalib dövlətin bir araya gəlməsini, üç qalib dövlətin dünyaya mesajını gördük. Hətta Pakistanın baş naziri Şahbaz Şərif Laçından dünyaya qəti bir mesaj ünvanladı: “Türkiyə, Azərbaycan və Pakistanın səsini eşidin”.

Heç kimə sirr deyil ki, siyasətdə təsadüf anlayışı olmur – elə görüşün Azərbaycanın qələbəsinin simvoluna çevrilmiş Laçında keçirilməsi kimi. İndi çoxları düşünür ki, yaxın illərədək 30 il Qərb dünyası tərəfindən açıq-aşkar dəstəklənən Ermənistanın işğalında qalmış, nə vaxtsa azad olunaraq yenidən Azərbaycanın nəzarətinə qayıdacağı düşünülməyən, Lakin bütün bu niyyətlərin 44 günlük Vətən savaşı nəticəsində puç olduğu Laçın dünyaya sülh və sabitlik, mehriban qonşuluq, ədalət, əməkdaşlıq, qarşılıqlı faydalı münasibətləri özündə ehtiva edən çağırışlar ünvanlayan məkana çevrilib. Həm də bu birgəyaşayışın ən optimal yolunu Azərbaycan Türkiyə və Pakistan kimi qardaşları ilə birlikdə təqdim edir. Hansı ki, bu ölkələrin hər üçü uzun illərdir terrora məruz qalıb, münaqişə və müharibələrlə, etnik təmizləmələrlə üzləşib. Heç vaxt da qlobal dünyanın “söz sahibləri” tərəfindən nəinki dəstəklənmədilər, əksinə, zərərçəkən tərəf olmalarına baxmayaraq suçlu sayıldılar. Elə Azərbaycan kimi: 30 il işğal altında qalmasına, yüz minlərlə insanın evindən-torpağından didərgin salınmasına baxmayaraq, cəzalandırılan tərəf olduq. Amma bütün bu münasibətlər başda Azərbaycan olmaqla, sözügedən üç dövləti ruhdan salmadı və Laçında keçirilən görüşdə olduğu kimi, tamam fərqli – dünyaya sülh və sabitlik vəd edən münasibət sərgilədilər. Hətta deyərdim ki, Laçında yenicə açılan, Ermənistanla sərhədin bəlkə də yüz metrliyində inşa olunan beynəlxalq hava limanı, fitnə-fəsadı bir kənara qoyub sülh, iqtisadi tərəqqiyə hüsablanmış əməkdaşlıq şəraitində birgə faydalanması üçün İrəvana açıq ismarıc sayıla bilər.

Bu yerdə qeyd edək ki, Laçın görüşü bitməmiş bölgəmizdə ara qarışdırmaq istəyən dövlətlər yenə boş dayanmadılar. Fransa Zəngəzurda konsul açmaq, Hindistan isə Ermənistana silah-sursat satmaq fikrinə düşdü. İran mətbuatı isə erməniləri razı salmaq üçün görüşü qaralamaq məqsədilə əlindən gələni etdi. Təsadüfi deyil ki, Ermənistanın təhlükəsizlik katibi belə bir vaxtda Dehliyə gedərək silah almaqla bağlı danışıqlar apardı. Bu prizmadan yanaşanda üç qardaş və qalib dövlətin birgə görüşü bədnamlara əla cavabdır.

Bir maraqlı məqam da var: Laçın görüşündən heç bir gün keçməmiş ermənilər və havadarları dünyaya car çəkdilər ki, guya Şahbaz Şərif və Rəcəb Tayyib Ərdoğan Azərbaycanla hərbi sahədə, silah-sursatın satılması haqda saziş imzalayacaqlar. Əlbəttə, bu, sülh mesajlarına kölgə salmaqdan başqa bir şey deyil. Çünki Azərbaycanın Türkiyə ilə hərbi müttəfiq olduğunu bütün dünya bilir. O ki qaldı Pakistana, Azərbycanla hərbi-siyasi sahədə əməkdaşlıq niyyətini Şahbaz Şərif hələ fevralda Bakıya rəsmi səfəri zamanı səsləndirib. Yəni hərbi müstəvidə əməkdaşlığımız heç kimə sirr deyil və üçüncü dövlətə qarşı yönəlmədiyini də təkrar-təkrar verdiyimiz sülh müsajlarında aydın bildirmişik. Azərbaycanın arsenalındakı və bundan sonra idxal edə biləcəyi silahlar sırf müfdafiə məqsədlidir, heç bir dövlətə qarşı deyil. Amma təbii ki, əgər sərhədlərimizə müdaxilə etmək istəyən olarsa, həmin müdafiə silahlarının gücünü duyacaqlar.

Ümumiyyətlə, beynəlxalq miqyasda ədaləti və hüququ dəstəkləyən ölkələrin bir-birinin yanında olması çox vacibdir. Bu gün dünyada əzilən, hüquqları pozulan ölkələrin sayı kifayət qədərdir. Azərbaycan, Türkiyə və Pakistanın qalib və güclü ölkələr olaraq ayaqda durmaları həmin ölkələrə də stimul verir, daha ədalətli düzənin qurulacağına ümidlərini artırır.

Pakistan liderinin Laçında olmasının bir səbəbi də Azərbaycan və Türkiyənin ciddi səyləri nəticəsində Mərkəzi Asiya və Qafqazı Türkiyə üzərindən Avropaya bağlayan Orta Dəhlizə qoşulmaq niyyətini üzə çıxarır. Xatırlayırsınızsa, bu yaxınlarda Macarıstanda keçirilən Türk dövlətləri zirvəsində 71 bəndlik sənəd qəbul olunub ki, orada Əfqanıstana dəstək məsələsində xüsusi yer ayrılıb. Bu təsadüfi deyil. Çünki gələcəkdə Orta Dəhlizin yeni seqmenti yaradılacaq. Bu, Pakistanın məhz Əfqanıstan üzərindən Orta Asiyaya, oradan da Azərbaycan və Türkiyə üzərindən Avropaya, eləcə də əksinə, qarşı tərəfin Pakistan limanları vasitəsilə Hind okeanına çıxış yolunu açmağı nəzərdə tutur.

Yeri gəlmişkən, bu layihənin həyata keçirilməsi gələcəkdə sülh və dostluq prinsiplərinə əsaslanan siyasət yürütdüyü təqdirdə Hindistanın da ən qısa və etibarlı yolla Qərbə iqtisadi-ticari inteqrasiyasını asanlaşdıra bilər.

Sonda qeyd edək ki, üç qardaş dövlətin Laçın görüşü Cənubi Qafqazda yenidən qarışıqlıq salmaq, münaqişə yaratmaq istəyən tərəflərə çəkindirici güc nümayişidir. Laçın görüşü nəticə etibarı ilə Azərbaycanın hərbi-siyasi müstəvidə mövqelərini gücləndirməklə yanaşı, həm də Ermənistana və onun bədnam hamilərinə açıq xəbərdarlıq rolunu oynayacaq. Yəni İrəvanı silah-sursatla təmin edənlər, Gorusda konsulluq açaraq Azərbaycana qarşı düşmən mövqe sərgiləyənlər bundan sonra qarşılarında 350 milyonluq böyük bir üçlü ittifaqın olduğunu dərk edəcəklər. Əslində liderlər özləri də açıq şəkildə qaranlıq planları olanlara üz tutaraq sərt bir şəkildə bəyan etdilər ki, artıq qarşılarında çox güclü və sabit Azərbaycan var, addım atarkən öncə düşünsünlər. Çünki qarşılarında Azərbaycanın yanında dayanan Türkiyə və Pakistanın da gücünü hiss edəcəklər.