30 ilə yaxın davam edən işğal siyasəti həm də torpaqlarımızın təbii sərvətlərinin qanunsuz şəkildə xarici şirkətlər tərəfindən mənimsənilməsinə səbəb oldu. Sirr deyil ki, bu illər ərzində Böyük Britaniya, Fransa, İran, ABŞ, Rusiya, İsveçrə, Almaniya kimi aparcı dövlətlərin şirkətləri mədənçilik, tikinti, ağac emalı, telekommunukasiya və bu kimi digər sahələr üzrə ölkəmizin icazəsi olmadan fəaliyyət göstəriblər. Xüsusən də 1999-cu ildən etibarən Ermənistan höküməti xarici şirkətləri Qarabağa investisiya yatırmağa sövq edib. Ümumilikdə isə işğal edilmiş ərazilərimizdə 20-dən artıq ölkənin şirkəti qanunsuz fəaliyyət göstərib. Son 10 ildə həmin şirkətlər tərəfindən Qarabağa 470 milyon dollar məbləğində qanunsuz investisiya qoyulub.
Dünya ictimaiyyətinin gözü qarşısında baş verən bütün bu proseslərə ən sadə misal kimi, işğal müddətində Kəlbəcər rayonunun təbii sərvətlərinin, sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqlarının 20 ildən artıq müddətdə talan edilməsini göstərə bilərik. Belə ki, 1998-ci ildə Kanadanın “Canadian First Dynasty Mines Ltd” şirkəti ilə müqavilə bağlamış Ermənistan hökuməti 2002-2003-cü illərdə Zod yatağından 5 ton qızıl çıxarıb. Bundan savayı, qeyd edilən sahədə Ermənistanın növbəti ortağı Hindistanın “İndian Sterlite Gold Ltd” şirkəti olub.
Qarabağda qanunsuz fəaliyyətlə məşğul olan şirkətlərdən biri də İsveçrənin dünyaca məşhur "FranckMuller" saat markasıdır. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də faktı təsdiqləyib. O bildirib ki, Ermənistan tərəfindən üçüncü ölkələrin fiziki və hüquqi şəxsləri cəlb edilməklə Zəngilanın Vecnəli kəndindən qanunsuz olaraq Azərbaycanın qızıl yataqlarının istismarı aparılıb.
Təəssüflər olsun ki, bu illər ərzində meşələrimiz də işğal və talançılıq siyasətinin bir parçası hətta əsas hissəsi olub. Azad edilmiş ərazilərdə 1988-ci ildə meşə fondu 228 min hektar təşkil edirdisə, 2020-ci ildə bu rəqəmlər cəmi 174 min hektarı göstərir. Görünən odur ki, 54 min hektar meşə fondu Ermənistan tərəfindən məhv edilib, qırılıb.
Bəs görəsən bu haqlı davamızda ölkəmizin şansları nə cür dəyərləndirilir?
Məsələ ilə bağlı hafta.az-a danışan beynəlxalq hüquq üzrə ekspert Səyyad Məcidov hər kəsi maraqlandıracaq bəzi məqamlara da toxundu.
Ekspert bildirdi ki, məsələyə bir qədər genis kontekstdə yanaşmaq lazımdır. Son 30 ildə bütün beynəlxalq təşkilatlar tərəfindən çıxarılan qərar və qətnamələrin hər biri ermənilərin Azərbaycan ərazilərində təcavüz cinayəti törətdiyini göstərir. Həmin təcavüz cinayətinin tərkibi olaraq da bizim suverenliyimiz altında olan ərazilərin təbii sərvətlərini istismar ediblər:
“Hər kəs bilir ki, işğal müddətində Zəngilan, Kəlbəcər və digər rayonlarımıza xarici şirkətlər cəlb olunub. Məhkəmədə bizim qazanmaq şanslarımızı artıran ən əsas məqam isə ondan ibarətdir ki, işğalda olan torpaqları dövlətimiz beynəlxalq normalara uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək azad edib. Bu da onu göstərir ki, ermənilər torpaqlarımızı işğal edib. Həmin işğal olunan ərazilərdə istismar etdikləri təbii sərvətlərə görə də məsuliyyət daşıyırlar. Qarşı tərəf törədilmiş cinayətə görə cinayət məsuliyyəti, maddi məsələlərlə bağlı isə maddi məsuliyyət daşımalıdırlar”.
S.Məcidov müzakirəyə cənab Prezidentin çıxışlarının birindən xatırlatma ilə davam edərək, məhkəmənin leyhimizə qərar verəcəyinə böyük ümüdlər bəslədiyini vurğuladı:
"Bizim mənimsənilən maddi sərvətlərimizin ya normal şərtlər daxilində dəyəri ödənməli, ya da məhkəmə yolu ilə problem həll olunmalıdır. Bu kimi məsələlər Beynəlxalq Arbitraj Məhkəməsinin səlahiyyətindədir. Hesab edirəm ki, ermənilərin vasitəçiliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən şirkətləri udmaq şansımız olduqca yüksəkdir”.
Həmçinin beynəlxalq hüquq eksperti uzun illər təbii sərvətlərimizi öz “malı” imiş kimi sovurub aparan belə şirkətlərə müxtəlif sanksiyaların tətbiq olunacağını da istisna etmir.
“Şirkətlər müxtəlif sanksiyaların tətbiq edilməsi məhkəmənin çıxaracağı qərardan asılıdır. Həmin şirkətlərin istismarı məhkəmə tərəfindən təsdiq edildikdən sonra onlar bizə kompensasiya ödəməyə borcludurlar. Əks təqdirdə, Azərbaycan həmin şirkətlər ilə münasibəti dayandırıb, mövcud müqavilələrə xitam verəcək”.
Səyyad Məcidov onu da qeyd etdi ki, bu gün beynəlxalq aləmdə belə təcrübələr xeyli var. Əlbəttə ki, bunların çoxu predmeti müxtəlif olan məsələlərdir. Bundan başqa, ekspertin sözlərinə görə, belə məhkəmə prosesləri əsasən aylarla hətta illərlə uzana bilir:
“Biz daha başqa məsələləri də məhkəmə prosesində qaldıra bilərik. Belə ki düşmən tərəf ekologiyaya ciddi ziyan vurub. Ekoloji cinayət törədib. Yəqin ki, artıq proses başlayıb. İlk növbədə faklar toplanmalıdır. Fikrimcə bizdə qanunsuz istismar ilə bağlı kifayət qədər sübutlar var. Bu faktlar beynəlxalq məhkəmə instansiyalarına təqdim edilir. Məhkəmə prosesi bir, yaxud beşgünlük bir şey deyil. Bu, bəzən aylarla, hətta illərlə davam edən proses olur. Belə məsələlər qısa zamanda həllini tapan deyil. Hesab edirəm, nəticə bizim xeyrimizə olacaq”.