Mehriban Əliyevanın Birinci vitse-prezident seçilməsindən 5 il ötür - TƏHLİL

18:23 21.02.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün dünyada Azərbaycan qadını mübariz və dəyanəti, ictimai-siyasi fəaliyyətdə məxsusi keyfiyyətləri ilə seçilir. Humanizmi, xeyirxahlığı, bənzərsiz ictimai-siyasi fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada böyük rəğbət qazanmış ölkəmizin birinci xanımı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bəşər tarixinə öz dəst-xəti ilə daxil olan şəxsiyyətlərdən biridir. Azərbaycan qadınının ümumiləşdirilmiş siması olan birinci xanım dünya miqyasında Azərbaycan qadınının simvoluna çevrilib. Azərbaycan Mehriban xanım Əliyevanın timsalında dünyada öz layiqli yerini tapıb. O, ölkənin ictimai-siyasi həyatında yüksək fəallıq göstərir. Onun Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqəti bütün dünya görür və yüksək qiymətləndirir.

Hər şey Azərbaycan naminə

Bu gün Mehriban Əliyevanın Birinci vitse-prezident seçilməsindən 5 il ötür. Belə ki, ölkəmizdə 2016-cı ildə keçirilmiş referendum, Konstitusiyaya olunan dəyişikliklər mühüm islahatlarının yeni, uğurlu mərhələsini nümayiş etdirdi. Zamanın tələbinə uyğun dəyişikliklərin tərkib hissəsi kimi Vitse-prezident institutunun təsis olunması dövlət idarəçiliyi sahəsində növbəti uğurlu dönəmin başlanğıcına çevrildi. Bu vəzifəyə məhz Mehriban Əliyevanın təyin edilməsi heç də təsadüfi deyildi. Çünki Mehriban Əliyeva həm Milli Məclisin deputatı kimi, həm də Heydər Əliyev Fondunun rəhbəri olaraq ölkə daxilində və beynəlxalq arenada mühüm layihələr həyata keçirirdi. Milli Məclisin deputatı olduğu zamanlar mütəmadi olaraq seçicilərlə görüşlər keçirir, onların qayğıları ilə maraqlanır, rəy və təkliflərini öyrənib, sosial problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görürdü. Seçicilərin dərin hörmət və rəğbətini qazanan Mehriban Əliyeva parlamentdə dövlətimiz və xalqımızın maraqlarından çıxış edərək bir sıra vacib qanunların qəbul olunmasında yaxından iştirak edirdi. Bununla bərabər, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında fəal rol oynayır, təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahəsində həyata keçirdiyi layihələr bu istiqamətlərin inkişafına əvəzsiz töhfə verirdi. Həmçinin Azərbaycan həqiqətlərinin, mədəniyyətinin dünyaya tanıdılması istiqamətində gördüyü işlər beynəlxalq aləmdə böyük əks-səda doğurur, bu layihələr Azərbaycanın dünyadakı mövqeyini daha da möhkəmləndirir, ölkəmizin qədim mədəni-tarixi köklərə malik olduğunu sübuta yetirirdi.

2017-ci ildən keçən 5 ilin uğurlu göstəriciləri, mövcud reallıqları Mehriban Əliyevanın özünün yeni missiyasını da layiqincə yerinə yetirdiyini, Birinci vitse-prezident kimi fəaliyyəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunun uğurla reallaşmasında fəal iştirak etdiyini göstərdi.

Bu illər ərzində Birinci vitse-prezidentin təşəbbüsləri ilə müharibə əlillərinin sosial məsələlərinin qısa zamanda həlli, məcburi köçkünlərin yeni evlərlə təmin olunması ilə bağlı həyata keçirilən layihələr, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin layiqincə təşkili, orta məktəblərin, uşaq bağçalarının, mədəniyyət ocaqlarının təmiri və yenidənqurulması, koronavirusla əlaqədar əhalinin aztəminatlı hissəsinə davamlı şəkildə dəstək göstərilməsi Azərbaycanın Birinci vitse-prezidentinin dövlətimizin və xalqımızın mənafelərinə xidmət edən fəaliyyətinin bariz göstəricisidir.

Mehriban Əliyevaya müraciət edən kimsə diqqətsiz qalmır

Onun beş illik Birinci vitse-prezident kimi fəaliyyətindən aydın görünür ki, bu dövrdə də irəli sürdüyü və icrasına birbaşa rəhbərlik etdiyi layihələrin hər biri sosialyönümlüdür. Mehriban Əliyeva bu gün də sosial qayğıya, köməyə ehtiyacı olanların yanındadır. Harada yardıma möhtac, qayğıya ehtiyacı olan biri varsa, o, Mehriban xanımın pənahındadır. Ona müraciət edən kimsə diqqətsiz qalmır. Birinci xanım bütün səylərini, zamanını təmənnasız olaraq insanların rifahı, xoşbəxt yaşamı uğrunda sərf edir. Təsadüfi deyil ki, bu gün Azərbaycan Prezidentindən sonra insanların ən çox müraciət etdiyi şəxs məhz Mehriban Əliyevadır. Bu, bir daha insanların Birinci vitse-prezidentə olan tükənməz sevgisinin, etibarının, inamının göstəricisidir.

Birinci vitse-prezidentin fəaliyyətində ən mühüm istiqamətlərdən biri də, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər təşkil edib. Hər il, demək olar, bir neçə dəfə şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, qəhrəmanlarımızın, igidlərimizin ailələri ilə görüşür, onların problemlərini dinləyir və yerindəcə həllinə nail olmağa çalışır.

Birinci vitse-prezident 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabitləri ilə görüşü, döyüşlərdə yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi barədə tapşırıq verməsi indi də minnətdarlıq hissi ilə xatırlanır. Bu, bir daha göstərir ki, onun Vətənə xidmət fəlsəfəsinin təməlində, fəaliyyətinin əsasında mənsub olduğu xalqa, millətə sevgi dayanır. O, əzmkar fəaliyyətini həm də sivil dünyada sülhün, sabitliyin, sivilizasiyalararası dialoqun, bu sahələrdə səylərin birləşdirilməsinə yönəldib.

Qarabağın yenidənqurulmasına əvəzolunmaz tövhə

Bu gün işğaldan azad olunan torpaqlarımızda erməni vandalları tərəfindən darmadağın edilmiş mədəni-dini abidələrimizin bərpası prosesi davam etdirilir. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Mehriban Əliyevamım rəhbərlik etdiyi Heydər Əliyev Fondu azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlayıb. Fondun təşəbbüsü ilə bu torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi və Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Eyni zamanda Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir.

Şuşada Fond tərəfindən bəzi obyektlərdə aparılan bərpa işləri cəmi bir neçə aya başa çatdırılıb. 2021-ci il avqustun 29-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Vaqifin muzey-məqbərə kompleksinin yenidənqurma işlərindən sonra açılışı olub.

2021-ci il ərzində Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə bir sıra mədəniyyət tədbirləri də reallaşıb. “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri respublikamızın həyatında böyük mədəniyyət hadisəsinə çevrilməklə yanaşı, xalqımızın Vətən müharibəsindəki Zəfərini, Şuşanın qədim Azərbaycan şəhəri olduğunu dünyaya bəyan etdilər. Həmçinin Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Şuşada “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir”, “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” və “Yaddaş. Fotoqrafik tarix”  sərgiləri də təşkil olunub. Bunlarla yanaşı, “Xarıbülbül” musiqi festivalı çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Ağdamda “Xarıbülbül” beynəlxalq incəsənət festivalı da keçirilib. İlk dəfə keçirilən festivalda 13 ölkəni təmsil edən 32 rəssam Vətən müharibəsində qazanılan tarixi Zəfərə həsr olunan nadir əsərlər ərsəyə gətiriblər. Layihənin əsas məqsədi müxtəlif ölkələri təmsil edən sənətkarlar vasitəsilə işğal altında olan ərazilərdəki dağıntının miqyasını, tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qarşı qəsbkarlığı beynəlxalq auditoriyaya çatdırmaq olub. Bu ilin fevralında  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdama səfəri çərçivəsində bu məsələyə toxunan dövlət başçısı dedi ki, bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür. Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir.

Ümumiyyətlə, Fondun mədəniyyətimiz, incəsənətimizlə bağlı layihələri mənəvi, tarixi, mədəni irsimizin qorunması işində müstəsna rola malikdir. Azərbaycanın birinci xanımı ölkəmizdəki qədim tarixi abidə və ziyarətgahların, məscid və ibadətgahların, dini abidələrimizin bərpası və yenidən qurulması, abadlaşdırılması istiqamətində misilsiz xidmət göstərir. Müstəqillik tariximizin əlamətdar hadisələrini, ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi birinci Avropa Oyunları, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitələrinin sədri kimi fədakar fəaliyyəti Mehriban Əliyevanı xalqının gözündə bir daha ucaldıb.

Onun xeyirxah əməlləri sərhəd tanımır

Bu gün Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar layihələri sərhəd tanımır, xeyriyyəçilik tədbirləri bir sıra ölkələri əhatə edir. Pakistanda qızlar üçün yeni məktəbin tikintisi, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar bu sıradandır. Versal sarayının bir hissəsinin və Strasburqda orta əsrlərə aid kilsənin, Luvr muzeyi qalereyasından birinin, Roma katakombalarının bərpası, Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsünün tikilməsi, Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılması və digər layihələr Heydər Əliyev Fondunun xeyriyyəçilik işlərinin heç də tam olmayan siyahısıdır. Onun rəhbəri olduğu Fond uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və Azərbaycanın təbliğidir.

Təsadüfi deyil ki, beynəlxalq ictimaiyyət Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Cənubi Qafqazın ən nüfuzlu xanımı kimi səciyyələndirir, onun Şərq ölkələrində siyasətin yalnız kişi işi olması barədə stereotipi dağıtdığını etiraf edirlər. Təltif olunduğu çoxsaylı nüfuzlu beynəlxalq mükafatlar - Fransanın “Şərəf legionu” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, Rusiyanın Yüzillik Messenatları Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut xaç” ordeni, II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni onun dünyadakı nüfuzunun göstəricisidir. Bu təltiflərin hər birinin arxasında bilik, ağıl və iradə, peşəkarlıq və təcrübə, prinsipiallıq və xeyirxahlıq, ən əsası xalqına, dövlətinə, insanlığa, bəşəriyyətə sevgi dayanır.

Bir sözlə, 2017-ci ildən ötən 5 ilin yekunları Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi bundan sonra da fəaliyyəti ilə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi inkişaf strategiyasına layiqli töhfələr verəcəyini bir daha təsdiqləyir. Ölkə vətəndaşları hamılıqla inanır ki, Mehriban xanım hazırda qüdrətli, nüfuzlu dövlətə çevrilmiş Azərbaycanın gələcək inkişafı, xalqımızın firavanlığı, xoşbəxtliyi naminə çoxşaxəli fəaliyyətini bundan sonra da əzm və iradə ilə davam etdirəcək.