“Hazırda şagird davranış qaydaları 300 məktəbdə tətbiq edilir”.
Hafta.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov məlumat verib. O bildirib ki, yaxın günlərdə şagird davranış qaydaları ölkənin bütün məktəblərdə tətbiq ediləcək.
Qeyd edək ki, şagird davranış qaydaları ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir.
Qaydalarda şagirdlərin məktəbə gətirməsi qadağan edilə əşyalar da qeyd olunub. Bunlar planşet, mobil telefon, təsbeh və sairdir. Sənədə əsasən, qadağan olunmuş əşyaları məktəbə gətirmək yüngülsəviyyəli qayda pozuntusu hesab edilir. Bu pozuntu zamanı şagirdlə “sakit söhbət” (səs tonunu qaldırmadan) – onların davranışının niyə qəbuledilməz hesab olunduğu və nə üçün təkmilləşdirməyə ehtiyac olduğunu dəqiq izah etmək lazımdır.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi bildirib ki, “şagird davranış qaydaları”nda telefonlarla bağlı qadağa olduqca doğru yanaşmadır.

Onun sözlərinə görə, bu qayda hələ ki, pilot layihə kimi tətbiq olunur, ölkədəki 4400 təhsil müəssisəsini əhatə etmir:
“Hesab edirəm ki, bütün təshil müəssisələrində bu qadağa tətbiq olunmalıdır. Artıq bir çox ölkədə bu barədə məhdudiyyətlər tətbiq olunur. Qonşu ölkələrdən Rusiya və Türkiyədə artıq məktəbdə mobil telefondan istifadə ilə bağlı qadağalar demək olar ki, qəbul olunub”.
Ekspert qeyd edib ki, biz informasiya texnologiyaları əsrində yaşasaq da, bir çox vətəndaşımız texnologiyadan təyinatı üzrə istifadə etmir:
“Əgər biz bu gün şagirdlərin smartfon və ya planşetlərdən təhsil üçün istifadəsini görsək, əlbəttə, müsbət yanaşarıq. Lakin görünən odur ki, şagirdlər auditoriyaya telefon keçirdikləri zaman ya müəllimlə etik davranış qaydalarından kənara çıxma hallarını, ya da təhsil müəssisəsindəki ləvazimatlara zərər yetirdiyi anları videoya alıb sosial platformada yayırlar. Əlbəttə ki, bu da müsbət fikir formalaşdırmır, qarşısı alınmalıdır. Əgər biz İKT avadanlıqlarından istifadəni nəzərdə tuturuqsa, şagirdlər üçün müvafiq informatika otaqları var, orada lazımi bilikləri əldə edə bilərlər. Şagird məcbur deyil ki, auditoriyada olduğu zaman telefonu üzərində daşısın. Düzdür, bəzi valideynlər övladları ilə bağlı narahat olur, əlaqə saxlamaq istəyirlər. Lakin bilinməlidir ki, günümüzün ən böyük problemlərindən biri mobil telefonlardır”.
E.Əfəndi vurğulayıb ki, telefonlara aludə olan abituriyentlərin göstəriciləri də olduqca aşağı olur:
“Onların əksəriyyəti ilə sorğu keçirsək, vaxtlarının çoxunu mobil telefonlara, xüsusən də sosial platformalara sərf etdiyini görərik. Əgər auditoriyada mobil telefondan istifadəyə icazə versək, ümumiyyətlə, ali təhsil müəssisələrinə qəbul olanların sayı faiz nisbətində daha da aşağı düşər. Heç kim bu qərarı şəxsiyyətin fikir və söz azadlığının və yaxud da hüquqlarının əlindən alınması kimi anlamamalıdır. Əgər biz sivil, təhsilli cəmiyyət yaratmaq istəyiriksə, o zaman qəbul edilən qərara hər kəs hörmətlə yanaşmalıdır”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov da hesab edir ki, qəti şəkildə məktəblərdə şagirdlərin telefondan istifadəsinə qadağa qoyulmalıdır.

O bildirib ki, telefon bir tərəfdən insanların gündəlik həyatına töhfə verirsə, digər tərəfdən onların həyatını cəhənnəmə döndərib:
“Hər yerdə insanlar telefondadırlar, heç kim heç kimi dinləmir, hamı bütün həyatını telefon üzərində qurub. Telefonun məktəbə daşınması da gənclərə təsir göstərir. Telefonlar artıq asılılıq yaradır, insanlar artıq xəstələniblər.
Ona görə düşünürəm ki, həm şagirdlərin, həm də müəllimlərin telefondan istifadə etməsi onlara ciddi təsir göstərir. Ciddi bir qadağanın qoyulmasına ehtiyac var. Mütləq şəkildə bunu etməliyik. Çünki hətta bəzən dərs vaxtı şagirdə zəng gəlir, gizli şəkildə telefondan dərs vaxtı istifadə edirlər. Bu məsələdə ciddi qadağa və məhdudiyyətlər olmalıdır”.
Mövzu ilə bağlı psixoloq Elnur Rüstəmov qeyd edib ki, mobil telefonlar yeniyetmələr arasında psixi sağlamlığın pisləşməsinə səbəb olan, sosial inkişafı əngəlləyən və kiber zorakılığa şərait yaradan əsas mənbədir.

Onun sözlərinə görə, bu hal şagirdlərin məktəbdə düzgün olmayan davranışların formalaşmasına rəvac verən ən böyük amillərdən biridir:
“Aparılan araşdırmalar göstərir ki, sinifdə smartfonların istifadəsi daimi olaraq şagirdin diqqətinin dərsdən yayınmasına, aqressiv halların artmasına, şagirddə müəllimlərə qarşı uyğunsuz davranışlara, testlər, ev tapşırıqlarının hazırlanmasında valideyni və eləcə də müəllimlərini aldatmaq, uyğun olmayan fotoşəkillər çəkmək, mobil oyunlar oynamaq kimi zərərli vərdişlərə şərait yarada bilir. Elə bunun nəticəsidir ki, bir çox məktəblərdə şagirdlərin dərsə olan diqqətini artırmaq üçün mobil telefonlardan istifadə qadağan edilir”.
Psixoloq deyib ki, smartfonlardan istifadə sinifdə uşaqlar arasında kiber bullingin yaranmasının ən böyük səbəblərindən biridir:
"Məhz bu səbəbdən dərs müddətində uşaqların mobil telefonlardan istifadəsinə icazə verilməməlidir və hər bir valideyn bu fikrə hörmətlə yanaşmalıdır. Digər tərəfdən əgər söhbət uşağın valideynləri ilə əlaqə yaratmağından gedirsə, valideynin dərs müddəti bitdikdən sonra, tənəffüs zamanı zəng edərək övladı ilə əlaqə saxlaması daha doğru olacaq. Burada tövsiyə olunur ki, valideyn telefonların smart tipli, çoxfunksiyalı olmamasına diqqət yetirsin. Bu kimi problemləri aradan qaldırmaq üçün hər məktəbin öz növbəsində qoyduğu qaydalara həm müəllimlər, həm valideynlər həm də şagirdlər tərəfindən birmənalı şəkildə əməl olunmalıdır”.