Mərkəzi Asiyanın su ehtiyatları məsələləri Aşqabadda müzakirə olunub

14:55 25.11.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Aral Dənizinin Xilas Edilməsi Fondunun (BHXF) Dövlətlərarası Su Koordinasiya Komissiyasının (BDKK) 91-ci iclası Aşqabadda keçirilib.

Hafta.az-ın yazdığına görə, tədbirdə Qazaxıstan, Tacikistan, Özbəkistan və Türkmənistandan su idarəetmə qurumlarının nümayəndələri, eləcə də Qırğızıstan səfirliyinin müşaviri iştirak edib.

Türkmənistanın Su Ehtiyatları üzrə Dövlət Komitəsi rəhbərinin sədrliyi ilə Mərkəzi Asiyada su ehtiyatlarının idarə olunması ilə bağlı əsas məsələlər müzakirə olunub. Əsas diqqət yeni vegetasiya mövsümü başlamazdan əvvəl su qəbulu planlarının tənzimlənməsinə, eləcə də ötən dövrdə Sırdərya və Amudərya çaylarında su limitlərindən istifadənin və su anbarlarının iş rejimlərinin təhlilinə yönəlib.

Müzakirənin mühüm hissəsi regionda kənd təsərrüfatı istehsalına təhlükə yaradan mövcud hidroloji vəziyyətlə bağlı risklərin azaldılması tədbirləri olub. İştirakçılar həmçinin Mərkəzi Asiya ölkələrində davamlı su ehtiyatlarının idarə olunmasına və ərzaq, enerji və ekoloji təhlükəsizliyin təmin edilməsinə koordinasiyalı yanaşmanın vacibliyini qeyd ediblər.

Bundan əlavə, Aral dənizi hövzəsi ölkələrinə kömək üzrə Fəaliyyət Proqramı çərçivəsində layihələr müzakirə olunub və Komissiya Katibliyinin qaydalarına dəyişikliklər edilib. İclasın nəticəsi olaraq Protokol imzalanıb və qarşıdakı illərdə həyata keçiriləcək qərarlar təsdiqlənib.

Komissiyanın növbəti - 92-ci iclası gələn il Tacikistanda keçiriləcək.