Millət vəkilinin təklifinə iki baxış

14:29 06.04.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gün öncə, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva parlamentin iclasında pensiya yaşına 4-5 il qalmış işçilərin işdən ixtisar edilməsinin qadağan edilməsinin qanunvericilikdə öz əksini tapmasının vacibliyini vurğuladı:

“Pensiyasına 6-7 il qalmış işdən ixtisar edilən insanlar yeni iş yeri tapa bilmirlər. Ona görə də pensiya yaşına ən azı 7 il qalmış insanların işdən ixtisar edilməsi qadağan olunmalıdır”.

Bəs görəsən, hazırda ölkəmizdə pensiya yaşına 5-6 il qalan vətəndaşlar belə hallarla hansı sıxlıqda qarşılaşır? Prosesin qanunla qadağan edilməsi məsələnin həllidir? Ümumiyyətlə, hazırkı vəziyyətdə qanunun qəbul edilməsi və icrası nə qədər realdır? Proses dünya təcrübəsində hansı formadadır?

Hafta.az əməkdaşı bu və digər suallara aydınlıq gətirmək üçün mütəxəssislərə müraciət etdi.

İlk olaraq, Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov mövzuya münasibət bildirərkən söylədi ki, belə bir qanun Rusiyada qəbul olunub. Lakin orada müddət bizdəki kimi 5-10 il deyil, bir neçə il göstərilir. Beləcə, pensiya ərəfəsində olan şəxslərin əmək müqaviləsinə xitam verilməsi qadağan olunur:

“Mən hazırkı vəziyyətdə bunun praktiki tərəfini görmürəm. Əvvəlcə nəzərə almalıyıq ki, bizdə məşğul sayılan əhalinin cəmi 1/3-nin əmək müqaviləsi var. Onların da 60-70%-i dövlət sektorunda işləyənlərdir. Onsuzda belə müəsisələr çalışırlar ki, insanları təqaüd öncəsi işdən çıxarmasınlar. Özəl sektorda isə əmək müqaviləsi ilə işə götürülmə az saydadır. Bundan başqa biz bilirik ki, işə götürən iki halda - tərəflərin birinin təşəbbüsü ilə və onların iradəsindəsindən asılı olmayaraq əmək müqaviləsinə xitam verə bilər. Əgər işçi əmək funksiyalarını yerinə yetirmirsə, işə gəlmirsə bu zaman onun işinə son verilməsi zəruri olur. Soruşulanda ki “Sən haradasan?” – deyir “Qanun var, sən məni işdən çıxara bilməzsən”. Bu, nə dərəcədə doğrudur? İşçi öz vəzifələrini yerinə yetirmirsə, işə götürən onu işdən niyə çıxara bilməsin? Tutaq ki, iş yerində əmək fəaliyyətinin şərtləri dəyişir. Əvvəl ayaqqabı istehsal olunurdu, indi kostyum istehsal ediləcək. İşçi isə fəaliyyətin yeni növündən xəbərsizdir. Bu halların hər biri nəzərə alınmalıdır”.

Ekspert hazırkı vəziyyətdə qanunun tətbiqini real görmür. Onun fikrincə, məsələ ilə bağlı bəzi məhdudiyyətlər qoyula bilər. Dünya təcrübəsində isə prosesin icrası və tənzimlənməsi tamamilə fərqlidir:

“Tutalım, müəssisə bağlanır, ştatların bir qismi ixtisar olunur. Burada çalışan vətəndaşın da pensiya yaşına 10 il qalıb. Belə vəziyyətlərdə işə götürən nə edə bilər? Ona görə də təkliflər verilən zaman əmək bazarındakı vəziyyət öyrənilməli və nəzərə alınmalıdır. Belə təklif verilməsi müsbət haldır, lakin işin icrasını real görmürəm. Bu prinsip dünyada bir qədər fərqli tənzimlənir. Mən əgər yaxşı işçiyəmsə, məni niyə işdən çıxarmalıdırlar? Avropada və Amerikada da məhkəmə mexanizmləri var, lakin orada belə məsələlər mübahisə predmeti deyil. Bir müəssisə, yaxud qurum 50 işçidən 25-ni ixtisar etməlidirsə və işçilərin də əksəriyyəti 55 yaşdan yuxarıdırsa, burada nə etmək olar? Hazırda ölkəmizdə təqaüdə çıxdıqdan sonra işlədiyi müəssisədən ayrılıb, başqa işdə çalışan xeyli sayda insan var.  Burada 6 il işlədikdən sonra onun pensiyası yenidən hesablanır. Bu, normal haldır. Bizdə iş yerləri az, iş tapmaq isə çətindir. Hazırda bu məsələ aktualdır, amma onu ekspertlərlə müzakirə etmək lazımdır.  Qəbul edək ki, proses qanunvericiliklə tənzimlənə bilməz”.

Ardınca isə müzakirəmizə iqtisadçı ekspert Fuad İbrahimov ilə davam etdik. İqtisadçının sözlərinə görə, burada, ilk növbədə, səbəb bəlli olmalıdır. Ölkəmizdə çox az hallarda olur ki, vətəndaşın pensiya vaxtına 4-5 il qalmış işdən çıxarılsın:

“Bu o zaman baş verə bilər ki, əmək məcəlləsi kobud şəkildə pozulsun. Bizdə belə tip məsələlərdə həm milli mentalitetimiz, həm də hüquq və azadlıqlar nəzərə alınır. Qanun qəbul edilərsə, hər bir hal fərdi şəkildə araşdırılmalıdır.  Fikrimcə, ölkəmizdə əhalinin pensiya yaşına az qalmış işdən çıxarılması kütləvilik almayıb. Buna görə də məsələni qanun halına gətirməyə ehtiyac görmürəm. Əgər rəhbər vəzifədə çalışan hər hansı bir insan sui-istifadə hallarına yol verirsə, məhkəmə yolu ilə qarşısını almaq mümkündür. İşçi haqsız olduğu zaman, onu 3-5 il qalmış vəzifəsindən kənarlaşdırmaq olar”.

Sırf yaşı nəzərə alınaraq işdən uzaqlaşdırılan vətəndaşın sonrakı taleyinə, yenidən iş tapa bilməsinə gəldikdə isə F.İbrahimov deyir ki, ümumiyyətlə, hazırda ölkədə  iş yerləri ilə bağlı vəziyyət ürəkaçan deyil. Vəziyyət tək yaşlılar üçün deyil, elə gənclər üçün də oxşardır:

“Dövlət müəssisələrində pensiya yaşına 5-10 il qalmış vətəndaşı işə götürürlər. Nəzərə alaq ki, insan yaşa dolduqca  peşəkarlaşır. Özəl şirkətlərdə isə bu hal tamamilə əksinədir. Onlar daha çox gənc kadrları işə cəlb etməyə maraqlıdır”.

Son olaraq mütəxəssis postpandemiyanın özü ilə paralel dünyaya yaydığı iş yerləri böhranına da toxundu. O bildirdi ki, koronavirus pandemiyası yayıldıqdan sonra, dünya iqtisadiyyatının problemi odur ki, strukturlu şəkildə işsizlər ordusu yaranıb.  Bu fəsadlar onillərlə aradan qaldırılmayacaq. Bu gün bizdə də rəsmi statistikadan qat-qat artıq işsiz ordusu yaranıb.

Məsələnin ekspertlərlə birgə müzakirəsindən belə nəticəyə gəldik ki, prosesin tətbiqi özü ilə birgə başqa məqamları da gündəmə gətirir. Qanunun qəbulu və icrası isə çox güman, yaxın gələcəkdə məlum olacaqdır.