Moldovada Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü qeyd olunub

21:42 18.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Moldovadakı səfirliyində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib.

Hafta.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə səfirliyin binasının qarşısında yaradılmış yeni bağçada ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.

Tədbirdə çıxış edən səfir Qüdsi Osmanov Azərbaycanın müstəqillik tarixi haqqında məlumat verib, 1991-ci ilin bu günündə ölkəmizin müstəqilliyinin bərpa edildiyini, həmin dövrdə respublikamızın çox gərgin və mürəkkəb proseslərlə qarşılaşdığını, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğala məruz qaldığını bildirib. Qeyd edib ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkədə sabitliyi bərpa edib, siyasi, iqtisadi, mədəni və digər sahələrdə apardığı islahatlarla, beynəlxalq əməkdaşlığı genişləndirməklə dövlət müstəqilliyimizi möhkəmləndirib. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionda lider ölkəyə çevrilib, 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüz bərpa edilib.

Diplomat, həmçinin Azərbaycan-Moldova münasibətlərinin perspektivlərindən danışıb.

Moldova parlamentinin sədr müavini, hakim Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) fraksiya sədri Mihail Popşoy müstəqilliyimizin bərpasının 30 illik yubileyi münasibətilə Azərbaycan xalqını təbrik edib. Bildirib ki, bu il Moldova da müstəqilliyinin 30 illiyini qeyd edib. Qardaş ölkələrimiz 30 illik müstəqillik tarixində oxşar proseslərlə üzləşib. O, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, bununla da qarşılıqlı təmasların intensivləşdirilməsi ilə bağlı planların olduğunu vurğulayıb.

Azərbaycanın Moldovadakı diaspor təşkilatının səmərəli fəaliyyətinin ümumilikdə ölkələrimiz arasında münasibətlərin genişlənməsinə müsbət təsir göstərdiyini bildirən M.Popşoy yüksəksəviyyəli əməkdaşlığın, gündən-günə möhkəmlənən müstəqilliyin xalqlarımızın rifahına töhfə verəcəyinə əminliyini qeyd edib.

Belarusun Moldovadakı səfiri Anatoliy Kalinin çıxışında dövlət müstəqilliyimizin ölkədəki sabitliyə, iqtisadi inkişafa zəmin yaratması baxımından qiymətli və vacib olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanın inkişafı onu Cənubi Qafqaz regionunun aparıcı ölkəsinə çevirib. Azərbaycan xalqı zəhmətkeş və qürurlu xalqdır.

Azərbaycan-Belarus münasibətlərindən söhbət açan səfir Azərbaycanı dost ölkə adlandırıb, ölkələrimiz arasında ticarət dövriyyəsinin, bütün sahələrdə ikitərəfli təmasların, beynəlxalq əməkdaşlıq çərçivəsində qarşılıqlı dəstəyin bunun göstəricisi olduğunu qeyd edib.

Türkiyənin Moldovadakı səfirliyinin əməkdaşı Özlem Okuyucu ölkəsinin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olduğunu bildirib. Qeyd edib ki, bu, iki qardaş ölkə arasında xüsusi münasibətlərin mövcudluğunun göstəricisidir.

Sonda Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) sədri Elçin Bayramov müstəqilliyimizin bərpası gününün ilk dəfə olaraq bu il ərazi bütövlüyünü bərpa etmiş qalib xalq olaraq qeyd etdiyimizi bildirib. MAK-ın ölkəmizin uğurlarının, həqiqətlərinin, adət-ənənələrinin təbliği istiqamətində çalışacağını vurğulayıb.

Tədbir çərçivəsində ölkəmizin müstəqillik tarixinə həsr edilmiş fotolardan ibarət sərgi təşkil edilib.

Eyni zamanda, tədbirdə qonaqlara Azərbaycan mətbəxinin milli təamları təqdim olunub.

Tədbir Moldovanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Oxunma sayı 22