Tarixi hadisələrə bu cür müxtəlif yanaşmaların olması təbiidir. Belə hallar ehtiyatlılıq hissi və yetərli qədər bilginin, maariflənmənin olmaması, bir çox hallarda sifarişlə, hansısa qüvvələrin şəxsi maraqlarından dolayı ortaya atılır. İmzalanan “Müttəfiqlik bəyannaməsi” tarixi bir sənəddir.
Bu fikirləri hafta.az-a hərbi ekspert Şair Ramaldanov deyib:
“Regionda Rusiyasız və və onun təsiri olmadan heç bir proses həyata keçirilmir və Cənubi Qafqazda təsiri yetərli qədərdir. Azərbaycan son tarixdə Qarabağ və digər ərazilərini düşməndən azad edib ərazi bütövlüyünü bərpa etmə prosesində Türkiyənin mənəvi dəstəyini hiss edib. Burada Rusiya faktoru da var. Rusiya 44 günlük müharibədə prosesə müdaxilə etmədi və Azərbaycanın öz ərazilərini güc vasitəsi ilə azad etməsinə imkan verdi. Üç rayon – Ağdam, Kəlbəcər, Laçının atəşsiz, itkisiz azad edildi. Erməni silahlı birləşmələrinin o ərazilərdən çıxarılması məhz 10 Noyabr üçtərəfli atəşkəs bəyanatından sonra baş tutdu. Burada Rusiya həm qarant, həm vasitəçi rolunda çıxış etdi. Rusiya ilə Azərbaycanın əlaqələri dərindir və strateji tərəfdaş kimi belə bir böyük dövlətlə münasibətlərin keyfiyyətcə yeni mərhələyə qaldırılması ölkə başçısından böyük siyasi müdriklik tələb edib. Məhz Ali Baş Komandanın Tovuz- iyul hadisələrindən sonra həyata keçirdiyi “hücum diplomatiyası” Azərbaycanın gələcəkdə əks-hücum əməliyyatı keçirdərək öz torpaqlarını güc vasitəsi ilə azad etməsi üçün qarşıda dayanan riskləri minimuma endirə bildi. Bu riskin ən böyüyü Rusiyadan gəlirdi. Bu gün də rus sülhməramlıları Azərbaycan ərazisində müvəqqəti yerləşib. Nə qədər Azərbaycanla Rusiya arasında əlaqələr sıx olacaq, bu, Azərbaycanın Ermənistan kimi qonşusunu neytrallaşdırmasına imkan verəcək. Əgər Rusiya imkan verməsəydi, Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilməzdi. Biz bunu aprel aylarında da gördük. Üçgünlük müharibənin uğurlu nəticəsindən sonra Azərbaycanın baş qərargah rəisi Moskvaya çağırıldı və atəşkəsə riayət etməyə məcbur edildik. Bu, faktdır. Ona görə də Ermənistan həmişə bizi müttəfiqi olan Rusiya ilə hədələyib. Ermənistan düşünürdü ki, Rusiya heç vaxt imkan verməz ki, Azərbaycan öz torpaqlarını güc vasitəsilə azad etsin. Azərbaycan Prezidentinin müdrik siyasəti nəticəsində buna nail olduq. Bu da tarixi nəticədir.
NATO dövləti olan qardaş Türkiyə ilə Azərbaycanın sıx əlarələrinə toxunaraq “Şuşa bəyannaməsi”ni bunun ən üst nəticəsi kimi önə çəkə bilərik. Biz NATO üzvü deyilik, amma NATO üzvü olan Türkiyə ilə yaxın əlaqələrimiz var. Rusiyanın da Cənubi Qafqazda olan imkanlarını bilirik və bunu anlamamaq yanlışlıq olar. Rusiya ilə imzalanan bəyannamənin də Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Sənəddə Azərbaycanın bütün maraqlarını qoruyan amillər var. Əsas bənd birinci bənddir ki, orada Azərbaycanın daxili işlərinə qarışmamaq, suverenliyinə, müstəqilliyinə toxunmamaqla bağlı hallar qeyd olunub. Azərbaycan suveren bir dövlət kimi özünün fəaliyyətini davam edəcək. Türkiyə ilə münasibətlərimiz yüksək səviyyədə idi, indi də Rusiya ilə müttəfiqlik anlaşmamız var. Bunun nəyi pisdir?
Müttəfiqlik Bəyannaməsi Azərbaycan üçün heç bir təhlükə yaratmır. Əksinə, bundan sonra birgə iqtisadi layihələr inkişaf edəcək və Ermənistanla sülh müqaviləsinin bağlanmasına, sərhədlərin müəyyənləşməsində öz təsirini göstərəcək. Diqqətlə sənədə baxsınlar. Orada Azərbaycanın maraqlarına zidd olan hansı bənd var. Hər bir bənd əməkdaşlıq və iqtisadi, siyasi, humanitar, mədəni inkişafı ehtiva edir. Burada Azərbaycana qarşı heç bir bənd yoxdur. Prezident özü bu sənədə mühüm qiymət verərək, bildirib ki, Azərbaycanla Rusiya arasında imzalanan 245 sənəd var. Ancaq son müttəfiqlik bəyannaməsi o sənədlərin üstündə dayanır. Bu müttəfiqlik bəyannaməsini alqışlayıram və gələcəkdə Azərbaycanı ola biləcək risklərdən qoruyub, Azərbaycanın inkişafına təsir edəcəyinə inanıram.
Rusiyanın Ukrayna ilə bağlı addımından sonra Azərbaycanla müttəfiqlik sənədinin ortaya çıxması birinci növbədə Azərbaycanın postsovet məkanında çəkisi, əhəmiyyətindən xəbər verir. Dünyanın Rusiyaya qarşı dayandığı bir vaxtda Azərbaycanın Rusiyaya doğru bu addımı atması birmənalı qarşılanmaya bilər. Bu gün Azərbaycan, hətta Rusiya –Ukrayna arasında vasitəçilik rolu oynaya biləcək bir nüfuzdadır. Azərbaycan Türkiyə ilə Rusiya münasibətlərində də vasitəçilik edib. Azərbaycan müstəqil dövlətdir və öz milli maraqlarından irəli gələn addımlar atmalıdır. Bugünkü geosiyasi vəziyyət, qarşıda olan hədəflər Azərbaycanın Rusiya kimi böyük dövlətlə müttəfiqlik etməsini tələb edirsə, bunu alqışlamaq lazımdır”.