Gürcüstan müxalifəti dəfələrlə adlarını və şüarlarını dəyişdirərək özünü yenidən kəşf etməyə çalışıb, lakin bunun heç bir əhəmiyyəti olmayıb. Onlar reallıqda öz baxışlarına və hərəkətlərinə yenidən baxmalıdırlar.
Hafta.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından parlament üzvü Levan Maxaşvili söyləyib. Onun sözlərinə görə, müxalifət öz baxışlarını və yanaşmalarını kökündən yenidən nəzərdən keçirməlidir.
Deputat deyir ki, oktyabrın 4-də Gürcüstanda keçirilən yerli seçkilərdə “Gürcü arzusu” 64 bələdiyyənin hamısında 81 faizdən çox səs toplayıb və ikinci turdan yayınıb. Bu hakim partiyanın birmənalı qələbəsidir.
“Əgər müxalifət də qələbə qazanmaq istəyirsə təkcə öz siyasətini və ya istiqamətini deyil, bir çox şeyi - mahiyyətini dəyişməlidir. Təbii ki, fərdi kosmetik dəyişikliklər artıq kömək etməyəcək”, - deyə, Maxaşvili bildirib. Onun sözlərinə görə, müxalif qüvvələr son illərdə dəfələrlə adlarını, şüarlarını, simvollarını dəyişdirərək öz görünüşlərini yeniləməyə cəhd ediblər. Lakin, cəmiyyət xeyli tələbkar, məlumatlı, daha intellektual olduğu üçün belə addımlar səmərəsiz olub.
İndi ən əhəmiyyətli olan partiyanın adı deyil, onun hansı addımlar atması və ictimaiyyətə nə vədlər verməsidir. Hakim partiya məhz işini bu istiqamətdə qurub, nəticəsi də göz önündədir:
“Hesab edirəm ki, müxalifət kökündən dəyişməli, xarici qüvvələrdən asılılığı kəsməlidir. Əks halda mövcud vəziyyət müxalifətin siyasi baxımdan sonunu gətirəcək”.