Narkotikin təbliğilə bağlı qanunvericilikdə konkret hər hansı məsuliyyət nəzərdə tutulmur - Vəkil

19:49 05.08.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Qanunvericilikdə iki cür təbliğat – “dini təbliğat” və “dövlət dilinə qarşı təbliğat” məsuliyyətə cəlb etməyə səbəb olur. 

Bu fikirləri hafta.az-a vəkil Turan Abdullazadə deyib

Onun sözlərinə görə, narkotikanı təbliğ etməklə bağlı isə qanunvericilikdə konkret olaraq hər hansı bir məsuliyyət nəzərdə tutulmur. Bu o demək deyildir ki,  sosial şəbəkələrdə kütləvi şəkildə narkotikanı təbliğ edən şəxslər barəsində qanuni ölçü götürülmür:

“Qanunvericiliyimizdə bəzi normalar var ki, həmin normalar narkotik vasitələrin və psixotrop maddələrin təbliğatını aparanlara, qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri istehlak edən, satış məqsədilə əldə edən, saxlayan, daşıyan və ya göndərən şəxslərə qarşı mübarizədə effektivdir. Bundan başqa, ölkəmizdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi fəaliyyət göstərir.  Bu idarə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində idarəçiliyi, əməliyyat-axtarış fəaliyyətini və təhqiqatı həyata keçirən, bu istiqamətdə kriminogen durumun təhlilinə əsasən müvafiq regional qurumların, ərazi və nəqliyyatda polis orqanlarındakı aidiyyəti strukturların fəaliyyətini təşkil edən və əlaqələndirən struktur qurumdur. Həmin idarə sosial şəbəkələrdə narkotik vasitələri və psixotrop maddələri təbliğ edən hər hansı bir şəxsi və ya şəxsləri  aşkar edərsə, bu barədə dərhal tədbirlər görür. Təcrübə onu göstərir ki, adətən narkotik vasitələri sosial şəbəkələrdə təbliğ edən şəxslərin özü də narkotik vasitə istifadəçisi olur və ya onun satışını bu və ya digər formada həyata keçirir. Bu səbəbdən dolayı narkotik vasitələri təbliğ edən şəxslərin əməllərində cinayət tərkibi müəyyən olunarsa, hüquq mühafizə orqanları tərəfindən onlar mütləq qaydada cinayət məsuliyyətinə cəlb olunurlar”.

Cəzalara gəldikdə isə vəkil bildirir ki, bu adətən 300-2000 manat arası cərimə, bəzi hallarda isə həbslə nəticələnir:

“İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsinə reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə - vəzifəli şəxslər 3 yüz manatdan 5 yüz manatadək məbləğdə, hüquqi şəxslər 1 min manatdan 2 min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən  qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə, 3 yüz manatdan 4 yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci  maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  Həmin Məcəllənin 234.2. maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Oxunma sayı 433