Ötən il 33 ölkədə 280 humanitar işçi həlak olub

09:20 20.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisi (OCHA) 19 Avqust Ümumdünya Humanitar Yardım Günü münasibətilə öldürülən humanitar yardım işçiləri ilə bağlı yazılı açıqlama verib.

Hafta.az-ın yazdığına görə, bəyanatda 2023-cü ildə dünyada münaqişələrin ön cəbhəsində ölən humanitar yardım işçilərinin sayının rekord həddə çatdığı, BMT və tərəfdaşlarının hökumətləri “bəşəriyyət naminə hərəkətə keçməyə” çağırdığı bildirilib.

"2023-cü ildə 33 ölkədə 280 humanitar işçi həlak olub. 2023-cü il qlobal humanitar birlik üçün rekord həddə çatan il olub. Bu inanılmaz yüksək rəqəm 118 humanitar işçinin həlak olduğu 2022-ci illə müqayisədə 137 faiz artım deməkdir", - bəyanatda deyilir.

Açıqlamada 2024-cü ilin humanitar yardım işçiləri üçün daha ölümcül bir il ola biləcəyi və cari məlumatlara görə, bu il avqustun 7-dək 172 humanitar yardım işçisinin həlak olduğu qeyd edilib.

Bəyanatda deyilir: "2023-cü ildə humanitar işçi ölümlərinin yarısından çoxu Qəzzada qarşıdurmanın ilk üç ayında (2023-cü ilin oktyabr-dekabr ayları) qeydə alınıb və daha çox İsrailin hava hücumları nəticəsində baş verib. Təkcə Qəzzada 280-dən çox humanitar yardım işçisi və İctimai İşlər Agentliyinin (UNRWA) əməkdaşı öldürülüb".

Bildirilir ki, Sudan və Cənubi Sudanda yaşanan həddindən artıq zorakılığın 2023 və 2024-cü illərdə humanitar yardım işçilərinin faciəvi ölümünə səbəb olub. Bütün bu münaqişələrdə həlak olanların əksəriyyətinin yerli kadrlar olduğu vurğulanıb.

Həmçinin Yəməndə çoxlu humanitar yardım işçilərinin saxlanıldığı bildirilib.

Bəyanatda fikirlərinə yer verilən BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım koordinatorunun müavini Coys Msuya deyib: “Humanitar işçilərə qarşı zorakılığın normallaşması və bu mövzuda məsuliyyətin olmaması qəbuledilməzdir”.