“Statistikaya görə, ölkədə 6 milyona yaxın insan peyvənd olunub. Əgər peyvəndləmə müsbət təsirini göstərirsə, niyə yenidən yoluxma sayı artır. Yəni, burada tərs mütənasiblik var. Görünür, peyvəndin də elə bir ciddi təsiri yoxdur. Ya da 2-3 ay təsiri olur, sonra isə itir və yenidən problemlər yaranır. Çünki belə yüksək səviyyədə peyvəndləmə aparılan dövlətdə yoluxma sayı çox olmamalı idi ”.
Bu fikirləri hafta.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
Millət vəkili qeyd edib ki, gündəlik yoluxmanın 3000-3500 nəfər olması müəyyən suallar yaradır:
“Hesab edirəm ki, peyvəndin keyfiyyət məsələsinə baxmaq lazımdır. Aydınlaşdırılmalıdır ki, peyvənd öz təsirini hansı səbəbdən zəif göstərir. Ola bilər ya statistika düz deyil, yalandır, ya da qeyd etdiyim kimi peyvəndin keyfiyyətində müəyyən problemlər var ”.
Virusun yenidən alovlanmasında saxta COVID pasportu alanların nə dərəcədə rol oynadığına gəlincə, V.Əhmədov deyib ki, bu yolla pasport əldə edənlərin sayının çox olduğunu ehtimal etmir:
“Onların sayı lap olsun 500 nəfər. Burda söhbət 6 milyona yaxın adamdan gedir. Statistikaya görə, onlar hamısı peyvənd olunur. Niyə artır? Əsas məsələ budur və bunu araşdırmaq lazımdır. Bu peyvənd statistikası ilə artım yox, azalma olmalıdır. Bizdə isə əksinə olaraq yoluxanların sayı artır”.