Arxeoloqlar ilk xristianların qalıqları olduğu güman edilən minillik qəbiristanlıq aşkar ediblər.
Hafta.az xəbər verir ki, məzarlıq Polşanın Borkovo kəndində orta əsrə aid yaşayış məntəqəsinin yaxınlığında tapılıb. Bu tapıntı ölkənin xristianlaşma dövrünə, yerli sakinlərin bütpərəstlikdən yeni inanc sisteminə keçid etdiyi vaxta aiddir. Kəşf qaz kəmərinin çəkilməsindən əvvəl aparılan arxeoloji işlər zamanı edilib və orada tədqiqatlar davam edir.
Varşava Kardinal Stefan Vışinski Universitetindən olan tədqiqatın həmmüəllifi Yustina Marçevska-Dluqonska bildirib:
"Biz bu insanları bu torpaqlardakı ilk xristianların nümayəndələri kimi nəzərdən keçiririk".
Bəzi tədqiqatçılar qəbiristanlığın 960-992-ci illərdə Polşada hökmranlıq edən və Polşa dövlətinin banisi hesab edilən Knyaz I Meşkonun xidmətində olan döyüşçülərin dəfn yeri ola biləcəyini güman edirlər. /"Live Science"/