Fevralın 2-də Bakıda Azərbaycan Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Gülüstan sarayında təşkil olunan Gənclər Forumunda gənc sahibkarlar, dövlət proqramlarının iştirakçıları, keçmiş məcburi köçkün, şəhid ailələrinin gənc üzvləri, Vətən müharibəsi iştirakçıları, təhsildə və sosial inklüziv fəaliyyətdə fərqlənənlər iştirak edib. Qeyd edək ki, Forumda çıxış edən ölkə başçısı həm çıxışı əsnasında, həm də form iştirakçılarının suallarını cavablandırarkən bir çox mühüm məqamlara toxunub.
Ümumən Forum dövlətin "Gənclər siyasəti" və bu istiqamətdə görülən işlərlə bağlı gənclər, ümumən ölkə ictimaiyyəti qarşısında hansı yeni mənzərəni açmış oldu.
2 fevral Gənclər Forumu və Prezidentin çıxışı ümumilikdə nəyi ifadə edir, əhəmiyyəti nədir?
Bu istiqamətdə hafta.az-a açıqlamalar verən ictimai-siyasi kəsim maraqlı nüanslara diqqət çəkiblər.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev hafta.az-a bildirib ki, Prezident Gənclər Günü ilə bağlı keçirilən Forumda Azərbaycan gəncliyini maraqlandıran, düşündürən bütün suallara öz münasibətini bildirib, məsələlərə aydınlıq gətirib. Onun fikrincə, Prezidentin proqram xarakterli çıxışı, suallara verdiyi ətraflı cavab Azərbaycan gəncliyinin keçdiyi yol, aldığı mənəvi vətənpərvərlik tərbiyəsi, Azərbaycan dövlətinin qurulmasında, inkişafında töhfəsi, eyni zamanda bundan sonra gələcək üçün fəaliyyət proqramının müəyyənləşdirilməsi üçün çox ciddi yol xəritəsisir.
“Şübhəsiz ki, gənclər hər bir dövlətin gələcəyidir, hərəkətverici qüvvəsidir, daim inkişafda və axtarışda olan bir nəsildir. Cənab Prezident də bu məsələnin üzərində dayanaraq Azərbaycanın gələcəyinin məhz bu gənclərlə bağlı olduğunu və dünyadakı aparıcı çağırışlara gənclərin doğru, düzgün və vaxtında reaksiya verməsinin vacibliyini söylədi. Məhz buna görə də cənab Prezident söylədi ki, biz 2006-cı ildə Xaricdə təhsillə bağlı dövlət proqramını qəbul etdik və bu proqramdan yararlanan 3000 -dən çox gənc Azərbaycan dövlətinin dəstəyi ilə xaricdə aparıcı universitetlərdə təhsil aldılar. Onların bir qismi Azərbaycana qayıtdı, dövlətçiliyimizin inkişafında öz töhfələrini verdilər və bu gün də yüksək idarəçilik vəzifələrində çalışan insanalarımzın çoxu məhz 2006-2015-ci illər üzrə xaricdə təhsillə bağlı dövlət proqramından yararlanan insanlardır. Bir qismi də xarici ölkələrdə qalaraq Azərbaycanı müfəffəqiyyətlə və layiqincə təmsil edirlər”.
M.Quliyev eyni zamanda Prezidentin sullara cavab verərkən və xüsusilə də çıxışı zamanı milli vətənpərvərlik ruhunda olan tərbiyənin olduqca vacib olması ilə bağlı mühüm məqamlara toxunmasına diqqət çəkib. M.Quliyev Prezidentin çıxışına söykənərək, Qarabağda 44 günlük Vətən Müharibəsində Azərbaycanın qalibiyyətini həyata keçirən və bu qalibiyyəti şərtləndirən ordunun zabit-əsgər heyətinin məhz gənclər olduğunu önə çəkib.
“Bir daha Forumda vurğulandı ki, düzgün ideologiya, vətənpərvərlik, ədalət hissi ilə tərbiyə olunan, torpaqlarımızın işğaldan azad olunmasının vacibliyini dərk edən, vətəni, bayrağı sevən və bu simvolları yaşadan gənclik Qarabağda da öz sözünü dedi. İşğaldan sonrakı dövrdə də azad olunmuş ərazilərimizin bərpasında da fəal iştirak edəcək qurucu insanların içərisində əsas ağırlıq məhz gənclərin üzərinə düşəcək”.
Deputat Prezidentin dünyada gedən qloballaşma meyilləri və bu meyillərin mənfi və müsbət tərəfləri ilə bağlı çıxışına toxunaraq Azərbaycan gəncliyini ayaq-sayaq olmağa çağırılmasına xüsusilə diqqət çəkib.
“Prezident çıxışında bildirdi ki, imperializm öz formasını dəyişsə də, mahiyyətini dəyişməyib. Eyni zamanda qeyd edib ki, imperialist dövlətlər Azərbaycan kimi təbii sərvətlərə malik, zəngin ölkələri idarə etmək, onları öz xammal bazasına çevirmək üçün marianet dövlətlər qurulması, sonra isə istədiyi şəkildə bu dövlətləri necə yönəltməsi maraqlarını önə çəkib. Prezident söylədi ki, 2000-ci ildən başlayan rəngli inqilablar seriyası hələ bitməyib. Onlar bir neçə ölkələrdə, o cümlədən ərəb ölkələrində, bəzi MDB dövlətlərində bu siyasətlərini həyata keçirdə bildilər. O ölkələrin hansındakı rəngli inqilablar həyata keçirilmişdi, hələ də orda sabitlik, inkişaf yoxdur, əksinə tənəzzül və qarşıdurma davam etməkdədir. Və cənab Prezident açıq şəkildə söylədi ki, 2003, 2005, 2008-ci illərdə onlar belə cəhdlərdə bulunsalar da Azərbaycan dövlətinin möhkəmliyi, dövlət başçısının qətiyyəli siyasəti və xalqın dövlət başçısına arxalanaraq ona dəstək verməsi ilə bu bəd niyyətləri puça çıxartdı. Amma eyni zamanda onlar da öz bəd əməllərindən əl çəkmirlər, sosial şəbəkələri vasitəsi ilə gəncləri yoldan çıxardaraq onları antidövlət addımları atmağa sövq edirlər. Cənab Prezident gənclərə öz tövsiyyələrini məhz bu istiqamətdə verdi. Eyni zamanda gənclərimizin sağlam həyat tərzi keçirmələri, idmanla məşğul olmaları ilə bağlı, o cümlədən kreativ düşüncəyə malik gənclərimizin yaxşı universitetlərdə təhsil alacağı ilə əlaqədar dövlətin yaratdığı şəraitlə bağlı öz fikirlərini bildirdi. Və bir daha Azərbaycan gəncliyini Azərbaycanın daha da qüdrətlənməsi, tərəqqisi naminə fəal olmağa çağırdı”
AMEA-nın Tarix İnstitunun doktorantı, gənc debatçı Seyidməmməd Məmmədzadə hafta.az-a bildirib ki, Gənclik insan ömrünün ən yadda qalan və xüsusi əhəmiyyətli hissəsidir. İnsanın gələcək nailiyyətləri bu illərin məhsuldarlığından və bu dövrün düzgün dəyərləndirilməsindən bilavasitə asılıdır. Bu mənada hər bir millətin, eləcə də dövlətin gələcək taleyi gənclərə bağlıdır.
S.Məmmədzadə bildirib ki, tarixə nəzər saldıqda görürük ki, çağdaş dövrümüzə qədər olan mərhələlərdə, dövlət idarəçiliyində eləcə də rəhbər vəzifələrdə müəyyən yaş katrqoriyaları mövcud olub.
“Lakin Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti keçmiş streotipləri qıraraq dövlət idarəçiliyində və əhəmiyyətli dövlət strukturlarında gənclərə daha çox önəm verilməsini təmin etdi. Müasir dövrümüzdə də istənilən sahədə daha çox gənclərin önə çəkilməsinin şahidi oluruq. Dövrün tələbi olan gəncləşmə siyasəti ölkəmizdə öz mühim əhəmiyyətini göstərməkdədir. Cənab Prezidentimiz İlham Əliyevin Gənclər Formunda gənclərlə bağlı səsləndirdiyi fikirlər dövlətimizin biz gənclərə olan diqqətinin bariz nümunəsi olmaqla yanaşı, bu diqqət və qayğının davamlılığının təminatçısıdır”.
S.Məmmədzadə bildirib ki, 44 günlük Qaradağ müharibəsində Azərbaycan gəncliyinin vətənə, millətə, torpağa bağlılığı, gənclərimizdə milli dəyərlərin , milli qeyrət hissinin , vətənpərvərlik hissinin ali duyğular və dəyərlər olduğunun bütün dünyaya sübut etdi.
“Bu gün müasir gəncliyimiz qloballaşan dünyanın gedişatına ayaq uydurmalı, öz üzərində daima çalışmalıdır. Gənclər siyasətinin mahiyyəti də məhz gənclərin öz potensiallarından maksimum formada yararlanmalarını təmin etmək və istedadlı gənclərin irəli çəkilməsinə şərait yaratmaqdır. Yaradılan imkanlardan istifadə edərək təhsil və biliklərimizi daim artırmalı, zamanın tələblərinə uyğun adekvat addımlar atmaqla yanaşı yeni tələblər formalaşdırmaq məqsədi ilə özümüzü daim inkişaf etdirməliyik”.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Hafta.az-a bildirib ki, Prezident gənclərlə görüşə kifayət qədər vaxt ayırdı. O, Prezidentin kifayət qədər açıqlamalar verməsini, gəncləri maraqlandıran sualları cavablandırmasını çox müsbət hal kimi dəyərləndirdi.
“Həmin suallar Azərbaycan xalqının düşüncəsində qalan suallar idi və həmin gün Prezident bu suallara geniş şəkildə açıqlama verdi. Ümumilikdə sövlət siyasəti, Qarabağ siyasəti, gənclər siyasəti, mövcud geopoliyik durum, dünyada cərəyan edən proseslər, qlobal səviyyədə cərəyan edən proseslər haqqında çox gözəl fikirlər, açıqlamalr verdi. Biz bundan qəlbən müəyyən rahatlıq tapa bildik”.
M.Ələsgərli hesab edir ki, cənab Prezidentin gənclərlə keçirdiyi görüş gənclər üçün həm də bir Master -Klass rolunu oynadı.
“Burda müasir dövrdə cərəyan edən proseslər, xüsusilə qloballaşma prosesi, onun yeni variantları, yeni adları və bunun içərisində Azərbaycan gənclərinin öz milli kimliklərini qoruyub saxlamaq və inkişaf etdirmək, dövlətə, millətə töhvə verməyin yolları barədə mühüm, maraqlı məqamlar, açıqlamalar oldu. Prezident gənclərdən bu sahədə nələrin gözlənildiyi barədə istiqamətləri də verdi. Belə ki, dövlət ümumi qloballaşma şəraitində nələri edir ki, Azərbaycan gəncləri milli kimlik üzərində formalaşsınlar. Və bu sahədə dövlət siyasəti nədən ibarətdir”.
M.Ələsgərli hesab edir ki, Prezident Azərbaycanı perspektivdə nələrin gözləməsi və istiqamətlərinə maraqlı aydınlıq gətirməklə çox ciddi mesajlar verdi.
“O çıxışlardan başa düşdük ki, Azərbaycan dünyada nə baş verdiyinin fərqindədir. Orda Azərbaycanın yeri harda olmalıdır, o bilinir. Və bu istiqamətdə çox ciddi şəkildə addımlar atılır”.
BDU-nun dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli hafta.az-a bildirib ki, dövlətimizin Gənclər siyasəti düşünülmüş və məqsədyönlüdür.
Onun sözlərinə görə, bu siyasətin məqsədi gəncləri cəmiyyət həyatının bütün sahələrinə inteqrasiya etdirmək, gənclərin potensialından ölkəmizin, dövlətimizin maraqları üçün yararlanmaqdan ibarətdir. M.Məmmədli bildirib ki, gənclər millətin genefondu sayılır və buna görə də dövlət hər zaman gənclərin inkişafı ilə bağlı strateji sənədlər qəbul edir.
M.Məmmədli Prezidentin Forumda etdiyi çıxışında dövlətin gənclər siyasətinin əsas istiqamətlərini qeyd edib. Onun fikrincə, ölkə başçısı öz çıxışında bir sıra vacib məqamlara toxunub. Belə ki, Prezident ölkəmizin keçmişi, bu günü, gələcəyi ilə bağlı olduqca maraqlı fikirlər ifadə edib, gənclərə tövsiyələr verib.
M.Məmmədli burada bir məqamı xüsusilə qeyd edib.
“Təhlükəsizliyimiz milli-mənəvi dəyərlərimizlə bağlıdır. Ölkə başçısı haqlı olaraq qeyd etdi ki, bizim dövlət olaraq əsaslandığımız güc milli-mənəvi dəyərlərdir. Hansı ki, bu dəyərlərə sadiqliyimiz hesabına hətta sovet hakmiyyəti tərkibində olduğumuz zaman belə biz öz milli kimliyimizi qorumuşuq. Prezident milli-mənəvi dəyərləri əsas tutan mövqeyi ilə gənclərə çatdırdi ki, yalnız milli-mənəvi dəyərlərə bağlılıqla ölkəmizi təhlükələrdən qoruya bilərik. Prezident qloballaşma dalğası altında bir sıra ölkələrin dağılma, parçalanma təhlükəsi ilə üzləşdiyini qeyd edərək, belə təhlükələrdən qorunmağın yolunu gənclərin dövlətə millətə, torpağa bağlılığı ilə sıx əlaqələndirib. Prezident bu kontekstə gəncləri hər hansı bir yad təbliğata uymamağa çağırıb”.