Prezidentin tapşırığına uyğun olaraq FHN-in təyyarəsi Türkiyəyə yola salınacaq

23:35 17.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyədə baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələri hazırlıq vəziyyətinə gətirilib.

Bu barədə hafta.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

İlkin olaraq FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi yanğınsöndürmə əməliyyatlarına dəstək göstərilməsi məqsədilə Türkiyəyə yola salınacaq.

Bundan əlavə, Türkiyənin müvafiq qurumu ilə aparılan müzakirələrdə qardaş ölkəyə köməklik məqsədilə göndərilməsi üçün FHN-in şəxsi heyətinin tam hazır olduğu diqqətə çatdırılıb, lakin qarşı tərəf hazırkı mərhələdə yalnız təyyarənin göndərilməsinin kifayət etdiyini bildirib.

Hazırda amfibiya təyyarəsinin yola salınması üçün hazırlıq işləri görülür.