Fransanın "Paris Sen-Jermen" klubunun və Argentina millisinin sabiq futbolçusu Ezekiel Lavessi narkotik maddə qəbul etdiyinə görə psixi problemlər yaşayır. Bu barədə “Marca” argentinalı jurnalistlərə istinadən xəbər verir.
Jurnalist Estefi Berardi bildirib ki, Lavezzi son vaxtlar səslər eşitməyə başlayıb. Keçmiş futbolçu öz təhlükəsizliyinə təhdidlə bağlı bir vəsvəsə də inkişaf etdirib. Lavessi qayçı ilə özünə xəsarət yetirmək istəsə də, qardaşı araya girərək futbolçunu sakitləşdirməyə çalışıb və nəticədə futbolçunun körpücük sümüyü qırılıb.
Digər jurnalist Luis Ventura isə Lavessinin narkotik istifadə etdiyini, nəticədə psixi sağlamlıq mərkəzinə yerləşdirildiyini iddia edir. Futbolçunun səhhətinə keçmiş sevgilisi ilə məhkəmə çəkişməsi təsir edə bilər.
Dekabrda 38 yaşlı idmançı körpücük sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Onun qarın nahiyəsindən bıçaqlandığı da qeyd olunub. Argentinalının ailə münaqişəsi nəticəsində xəsarət ala biləcəyi güman edilirdi. Futbolçunun yaxınları bıçaq xəsarəti versiyasını təkzib edərək, onun evdə məişət zəminində baş verən insident nəticəsində xəsarət aldığını bildirir.
Lavessi 2012-2016-cı illərdə PSJ-də çıxış edib. Bu müddət ərzində o, komandanın heyətində 100-dən çox oyun keçirib. Parislilərin heyətində o, üç dəfə Fransa çempionu, eyni sayda ölkə Superkuboku, iki dəfə Liqa kuboku və bir dəfə Fransa kubokunun qalibi olub.
Hücumçu həm də İtaliyanın “Cenoa” və “Napoli” komandalarında çıxışı ilə tanınır. Forvard karyerasını 2019-cu ildə Çinin "Hebei China Fortune" klubunda başa vurub. Lavezzi Argentina millisində 50-dən çox oyun keçirib.