Putinə qarşı hərbi-siyasi çevriliş mümkündür- Sabiq Xarici İşlər naziri

14:20 05.03.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Putin gərək etiraf etsin ki, Kremlin Ukraynaya hücum etmək haqda qərarı səhv olub və geri çəkilməlidir... Amma çəkilmək söhbəti də çox çətinləşib. Haraya çəkilməlidir?

Bu fikirləri hafta.az-a keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib:

“Yəni Rusiya ordusu istənilən yerə çəkilsə də, sanksiyalar bitməyəcək axı. Sanksiyalar ciddi siyasi və iqtisadi zərbədir, Rusiya iqtisadiyyatına ağır zərbələr vurmaqdadır. İkincisi, əgər Rusiyada hakimiyyətin dəyişməsinin modelləri haqda düşünsək,  iki yol olduğunu görərik; ya Rusiya xalqı ayağa qalxmalıdır, kütləvi mitinqlər təşkil edərək hakimiyyəti dəyişməlidir, ya da gərək ölkənin siyasi elitası Putin iqtidarını devirə.  Mən hesab edirəm ki, ikinci variant, yəni siyasi elita daxilində iqtidarın dəyişdirilməsi qərarının verilməsi daha rahat və sərfəli bir yol olar.  Kimisə öz aralarından Putinin yerinə seçəcəklər, amma öz əllərində olan vəzifələr, maliyyə imkanları və s. yerində qalacaq. Zənnimcə, Qərb də Rusiyada hakimiyyətin bu üsulla dəyişdirləməsinə üstünlük verəcək. Çünki bu halda ölkədəki nüvə silahları üzərində kontrol tamamilə təmin olunacaq...

 Bəlkə də Qorbaçovun dövründəki Faros formasında  çevriliş mümkündür.  Putinin zəif yeri əlaqələrdir. Yəni, tutaq ki, o, bunkerdə olan vaxt ətrafla rabitəsi kəsilsə, ölkə artıq digər qüvvələr tərəfindən idarə olunacaq. Hər halda Ukraynada hücumlar davam etsə, rus ordusu hətta Kiyevi götürsə belə, ümumi vəziyyət dəyişməyəcək.  Artıq görünür ki, Ukrayna xalqı həm Rusiya, həm Qərb üçün gözlənilmədən işğalçıları ölkə ərazisindən çıxarmağı milli hədəf kimi qarşısına qoyub. Milli, dini mənsubiyyətə, siyasi maraqlara və s. baxmayaraq hamı birləşib. Və dediyim kimi, hətta iri şəhərlər işğal olunsa belə, Ukraynada güclü partizan müqaviməti başlayacaq...”