Qapanmalar ciddi fəsadlara GƏTİRİB ÇIXARACAQ - XƏBƏRDARLIQ

14:09 16.08.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Hazırda vəziyyət elədir ki, qapanmalar olmasa, çox ciddi fəsadlar ortaya çıxacaq. Qapanmalar da təbii  ki, ölkə iqtisadiyyatına mənfi təsir edəcək. Əslində mən qapanmaların tərəfdarı deyiləm. Amma son günlər  yoluxma sayının 3000-3500 civarında olması qapanmanı qaçılmaz edir”.

Bunu hafta.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Millət vəkili vurğulayıb ki, pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirləri tam aradan qaldırılmadan yenidən virusun alovlanması vəziyyəti daha da çətinləşdirə bilər:

“Biz pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirlərini 2020-ci ildə gördük. Bu ilim may ayında hökümət müəyyən qədər güzəştə getdi, qapanmaları, məhdudiyyətləri bir qədər azaltdı. Amma görünür ki, bəzi insanlarımız bunu düzgün anlamadılar və qayda-qanunu pozmağa başladılar. Misal üçün, fikir verdinizsə insanlar toy mərasimlərində, başqa-başqa yerlərdə daha çox iştirak etməyə başladılar. Bütün bunlar da xəstə sayının artmasına səbəb oldu”.

Belə davam edərsə, əlbəttə müəyyən məhdudiyyətlər olmalıdır. Bu isə ciddi fəsadlara gətirib çıxaracaq. Çünki əhali işə getmir, işə getmirsə məvəcib almır və s. Bu problemlər olacaq. Amma hər şeydən öncəsi əhalinin sağlamlığıdır. Ona görə də hökümət ilk olaraq onu fikirləşir. İnsanlar da bunu başa düşməlidir. Məsələn, hərdən şəhərə çıxıram baxıram ki, maska heç kim taxmır, avtobuslarda yenə sıxlıqdır, məsafə saxlanılmır. Yəni, bunlar hamısı faktdır. Əslində iki ilə yaxın bir müddətdə bu xəstəlik sübut etdi ki, çox ciddi xəstəlikdir. Qapanmanı istəməyən insanlar çalışmalıdırlar ki, gigiyenik qaydalara riayət etsinlər. Bu olmasa hökümət də məcbur olacaq ki, əlavə karantin tədbirləri həyata keçirsin. Düzdür, bir daha vurğulayıram ki, qapanmanın tərəfdarı deyiləm. Bu ümumilikdə dövlət iqtisadiyyatına və işlərimizə mənfi təsir edir. Hazırda Qarabağda böyük quruculuq işləri gedir, müdafiə sahəsini gücləndirir və s. İş olmayanda, istehsal olmayanda, əlavə dəyər yaratmayanda, əlbəttə, gəlirlərimiz də azalır”.

Qapanmalara bağlı qərar veriləcəyi təqdirdə, əsas iş yerlərində fəaliyyətin məhdudlaşdırılıb-məhdudlaşdırılmayacağına gəlincə, V.Əhmədov bildirib ki, heç bir hökümət qapanmaya getmək istəməz: “Çünki bu gəlirlərin, insanların həyat şəraitinin aşağı düşməsinə gətirib çıxarır. Ona görə də mən qapanmanın deyil, sərt tədbirlərin tərəfdarıyam. Yəni, harda olursaq-olaq  maska taxmanın, məsafə saxlamağın, gigiyenik qaydalara əməl edilməsinin tərəfdarıyam. Biz gördük axı, qapanmalar olanda da müəyyən problemlər baş verdi. Bu baxımdan qapanma deyil, sərt tədbirlər tətbiq etməliyik”.