Qarabağ ərazisi rusiyalı milyarderlərin HƏDƏFİNDƏ – GİZLİ PLAN

15:45 09.09.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiya yenə də qonşularla münasibətlərində köhnə üslublarından əl çəkmir. Amma Ukraynadakı durumunu da nəzərə alanda görür ki, mövcud şəraitdə onların əvvəlki kimi  istifadəsi mümkün deyil. Yəni Vardanyan məsələsi Kreml üçün yeni bir üslubdur.

Bu fikirləri hafta.az-a keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib:

“Ermənistan da yeni taktikaya keçməyə çalışır. Bu baxımdan Qarabağdakı separatçı rejimə maliyyə yardımlarının birbaşa Ermənistan tərəfindən yox, diaspor, ictimai fondlar, ayrı-ayrı imkanlı iş adamları tərəfindən icrasına cəhd edir. Və Vardanyanın da bu şəkildə dırnaqarası “dəstəyi” artıq bu taktikaya bir işarədir.

Rusiya da təbii ki, belə bir taktikaya dəstək verir. Çünki bu işdə ondan  heç nə, maliyyə-filan  tələb olunmur. Bu baxımdan Azərbaycan tərəfindən ittihamlar da olsa, deyə bilərlər ki, ayrı-ayrı qeyri-dövlət, ictimai təşkilat və şəxslərin Qarabağdakı fəaliyyətinə mane ola bilmərik. Yəni bu cür düşünəndə Vardanyanın Qarabağa gəlişi bəhs edilən taktikanın icrasıdır. Digər tərəfdən isə, təbii ki, Vardanyanın məqsədi əslində Qarabağdakı ermənilərə yardım göstərmək deyil. 

Axı real baxanda da məntiqsiz görsənir; bu milyarder iş adamı iki il bundan öncə Azərbaycanla müharibənin qızğın vaxtında Ermənistana, Qarabağa yardım etmədiyi halda Qərbin Rusiyaya sanksiyaları fonunda nə yaxşı belə əli açıq olub? Təbii ki,  Vardanyan çalışır ki, Qarabağdakı fəaliyyəti ilə özünü bəhs edilən sanksiyalardan sığortalasın, çirkli  pullarını yusun. Və bəlkə də digər Rusiya oliqarxlarının pullarını da yumaq və sanksiyalardan qaçırtmaq üçün bir meydança yaratmağa çalışır. Bu erməni milyarder Ermənistan və Qarabağı məhz bu səbəbdən seçib. Çünki İrəvanda, bilirsiz ki, uzun müddətdir, sanksiyalar altında olan İranın da müxtəlif şübhəli əməliyyatlar keçirən bankları  mövcuddur.  Yəni indiki zamanda çoxları üçün Ermənistan bir növ sanksiyalardan yayınmağa xidmət edən bir məkan rolunu oynayır. Və təbii ki, Vardanyan da pul qazanmaq üçün Qarabağ və Ermənistandan yararlanmağa çalışacaq. Çünki onun dırnaqarası “vətənpərvərliyi” məhz Qərbin Rusiyaya qarşı sanksiyalarından sonra yada düşüb. Amma əslinə qalsa, bu, real perspektivi olan bir iş deyil...”