Qarabağda ermənilərin yeni taktikası – “PARTİZAN MÜHARİBƏSİ…”

11:40 08.09.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Ermənistan Qarabağ və Zəngəzurla bağlı taktikasını dəyişib. Onlar Zəngəzur mövzusundan ehtiyat edərək çalışırlar ki, bu prosesdən uzaqlaşsınlar. Ona görə də indi məqsəd odur ki, Ermənistan rəhbərliyi Qarabağ mövzusunda birbaşa iştirak etməsin. Və orada qalan separatçı ünsürləri maliyyə və digər cəhətdən hansısa  fondlar-filanlar vasitəsilə erməni diasporu dəstəkləsin. Bundan sonra Ermənistan deyəcək ki, artıq mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, onun Qarabağla bağlı daxili işlərinə qarışmıram. Bu işlərə qarışan Ermənistan dövləti ilə birbaşa rəsmi əlaqəsi olmayan erməni fondlarıdır. Azərbaycan iradlarını onlara bildirsin”.

Bu fikirləri hafta.az-a açıqlamasında axırıncı Brüssel danışıqlarından sonrakı günlər Ermənistanın atəşkəsi pozmasının səbəblərindən bəhs edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ifadə edib.

“Ancaq paralel olaraq Ermənistan çalışır ki, Rusiya hərbi kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində bir təmas xətti formalaşdırsın və oradakı ermənilərin partizan hərəkatı şəklində bir müqaviməti təşkil edilsin. Yəni bölgədə yeni silahlı qarşıdurma baş versin ki,  nəticə də müəyyən vasitəçilər cəlb edərək hansısa bir siyasi proses başlatsınlar. Həmin siyasi prosesdə ermənilərə dəstək verən, onlara sponsorluq edən müəyyən dövlətlər birbaşa iştirak edərək Azərbaycana təzyiq göstərsinlər. Ssenari, təxminən, bu istiqamətdə inkişaf edir. Rusiyada fəaliyyət göstərən erməni milyarder Vardanyanın gəlişi də məhz bu taktikaya işarə edir. Burada həm də məqsəd ondan ibarətdir ki, Azərbaycan guya Ermənistanın iştirakı olmadan birbaşa Qarabağdakı ermənilərlə münaqişəyə çəkilsin və gələcəkdə oradakı separatçı-terrorçu qurumla danışıqlara məcbur edilsin. Yekun nəticədə bu yolla Azərbaycan torpaqlarındakı ermənilər üçün hansısa statusa nail olsunlar”, – açıqlamasının davaımında bunları deyən sabiq baş diplomat “Necə hesab edirsiniz, Ermənistan baş naziri N.Paşinyanın atəşkəsin bilərəkdən pozulmasından birbaşa xəbəri var, yoxsa bu da Rusiya, yaxud Qərblə bağlı hansısa qüvvələrin təxribatıdır?” sualını belə cavablandırıb: “Bilirsiniz, atəşkəsi pozmaqla bir növ görüntü yaratmaq istəyirlər ki, məsələ bizlik deyil.  Hələ Qarabağdakı separatçı rejimlə İrəvandakı hakimiyyət arasında ciddi küskünlüyü də istisna etmirəm. Yəni Ermənistan hər bir vəchlə sübut etməyə çalışır ki, məsələ bizlik deyil, gedin məsələni Xankəndidəkilərlə həll edin. Paşinyanın birbaşa məlumatı olub-olmadığını demək çətindir, amma bütün hallarda o da başa düşür ki, indiki mərhələdə Ermənistan hökumətinin birbaşa Qarabağdakı separatçılara dəstəyi dünya tərəfindən qəbul olunmur. Bu, eyni zamanda,  təhlükə yaradır ki, Azərbaycan  buna cavab olaraq Zəngəzurda əməliyyat keçirsin. Yaxud ən azı Zəngəzur dəhlizinin daha ciddi şəkildə danışıqların mövzusuna çevirsin.  Bilirsiniz ki, artıq bu istiqamətdə Azərbaycan tərəfinin bəyanatları da var”.

“O ki qaldı konkret atəşkəsin pozulmasına, bu hərbi əməliyyatların göstəricisi kimi yox, ermənilər bunu daha çox partizan müharibəsinin  bir elementi kimi göstərmək niyyətindədirlər. Yəni geniş əməliyyatlar yox, amma Qarabağdakı ermənilərin  silahlı müqaviməti kimi təqdim etməyə çalışırlar”, - deyən həmsöhbətmiz “Axı son günlər atəşkəs əsasən Ermənistan istiqamətindən pozulur” fikrinə də münasibət ifadə edib.

“Ola bilər  ki, bu, müvəqqəti hal olsun. Mən gözləyirəm ki,  əsas məsələlər sərhəddən Qarabağ istiqamətinə keçəcək... Yəni dediyim kimi, sülhməramlıların nəzarəti altında olan zonanın sərhədində  ermənilərin bir təmas xətti yaratmaq niyyətləri olacaq”, - deyə politoloq vurğulayıb.